Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-417/2020 18.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X2 Bağman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı iddiaçıya 4627 manat əsassız hesablanmış borcun silinməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçıya 3375 manat əsassız hesablanmış borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, iddiaçıya 4627 manat əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 d ünvanda qeyri yaşayış sahəsi iddiaçıya mülkiyyət hüququ əsasında 2014-cü ildən məxsusdur. İddiaçı həmin sahədən ambar kimi istifadə edir və 2015-ci ilin yanvar ayından, qanuna müvafiq qaydada qaz enerjisi ilə təmin olunmuşdur. Təqribən həmin ərəfədə, iddiaçı cavabdeh ilə müqavilə bağlamış, müvafiq ödənişlərin həyata keçirmiş, sayğac quraşdırılmış, qazla təmin olunmuş və daimi olaraq istifadə etdiyi enerjinin ödənişlərin etmişdir. Hər aya görə, təbiiki qış aylarında iddiaçı təqribən 50-100 manat arasında ödənişlər etmişdir. Sahəsində iki kombi sistemi və bir ədəd dörd gözlü mətbəx sobası quraşdırılmışdır, lakin bir kombidən istifadə etmişdir, çünki, ambarın o hissəsindən istifadə etməmişdir. İstifadə etdiyi üç il ərzində dəfələrlə yoxlayıcılar gəmiş və çox qəribə formada nasazlıqlar tapırmışlar. Bu üç il ərzində iddiaçının beş dəfə sayğacı rəsmi olaraq dəyişdirilmişdir. Bu bəlkədə praktikada, yalnız qış mövsümləri nəzərə alınsa, qeyri-adi bir haldır və iddiaçı hər dəfə yeni sayğacın ödənişlərini etmişdir. Hər dəfə sayğac dəyişdiriləndən sonra iddiaçı istifadə etdiyi enerjinin dəyərin kart vasitəsi ilə ödəmiş və heç bir problem olmamışdır. Lakin qəfldən, cavabdeh 2018-ci ilin avqust ayında iddiaçının qaz təchizatını dayandıraraq iddiaçıya bildirmişdir ki, guya iddiaçının qaz istifadəsinə görə 4627 manat borcu var və onu ödəməsə ona qaz verilməyəcəkdir. Həmin ərəfədə iddiaçının sonuncu dəfə sayğacı dəyişdirilmişdir və əvvəlki, sayğac dəyişməsindən cəmi 1-2 ay keçmişdir. Bütün etdiyi etirazlar, şikayətlər və s. rədd olunmuşdur. İddiaçı tərəfindən təbii qazda qanunsuz istifadə hallarına yol verilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddiaya etiraz edərək izahatında bildirdi ki, iddia əsassızdır. xx.xx.2017-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və sayğac çıxarılaraq, dövlət yoxlamasına göndərilmişdir. Yoxlama zamanı sayğaca müdaxilə olduğu aşkar olunmuş, dəymiş ziyan hesablanmış və akt tərtib olunmuşdur. Akta əsasən iddiaçıya 1252,80 manat borc hesablanmış, iddiaçının mübahisələndirdiyi 3374,2 manat məbləğ isə sayğac borcudur. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, ünvan 1d ünvanında yerləşən qeyriyaşayış binası xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx xxxxxx 2018-ci il tarixli, ASAN-5/007 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, iddiaçı, cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçının hesabına ödəməyi öhdələrinə götürmüşlər. xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli “Təbii qazın istifadə qaydalarının pozulması haqqında” Aktdan görünür ki, Cavabdeh əməkdaşları tərəfindən ünvan 1d ünvanında yerləşən iddiaçıya məxsus obyektə yoxlama keçirilən zaman sayğacın plastmas qapağının plomblar olan hissədən gövdədən aralıda və daxili qulaqcıqlarda əzik, cırıq izlərinin olması aşkar olunmuşdur. xx xxxxxx 2018-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə dəymiş ziyan 6264 kub.metr müəyyən edilmişdir. Abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya aktlara əsasən 1252,80 manat məbləğində cərimə hesablanmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiatəmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Cavabdeh əməkdaşları tərəfindən ünvan 1d ünvanında yerləşən iddiaçıya məxsus obyektə yoxlama keçirilən zaman sayğacın plastmas qapağının plomblar olan hissədən gövdədən aralıda və daxili qulaqcıqlarda əzik, cırıq izlərinin olması aşkar olunaraq xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Nəticədə cavabdeh tərəfindən iddiaçıya akta əsasən 1252,80 manat məbləğində borc hesablanmışdır. İddiaçının mübahisələndirdiyi 3374,2 manat məbləğ istifadə olunmuş təbii qaza görə yaranmış borc məbləğidir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Bundan əlavə, cavabdeh tərəfindən tərtib edilmiş aktda sayğacda olan nöqsanlar qeyd edilmişdir. Həmin nöqsanların məhz iddiaçının təqsirindən baş verməsi ilə bağlı hər hansı bir qeyd edilməmiş və əgər sayğaca müdaxilə olunmuşdursa, bu müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi akta əsasən iddiaçıya 1252,80 manat məbləğində borc hesablandığından iddia həmin hissədə təmin edilməli, 3374,2 manat məbləğ isə iddiaçının istehlak etdiyi təbii qaza görə yaranmış borc məbləği olduğundan iddia həmin hissədə rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, hazırki iddia istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar olduğundan dövlət büdcəsinin nəfinə 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı hesablanmış 1252,80 manat borc silinsin. Dövlət büdcəsinin nəfinə 30 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №2-2(113)-417/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-417/2020
18.03.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver