Məhkəmə qərarları › İş №2-2(115)-86/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-86/2020

12.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-86/2020 12.03.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı “vergi borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor 12 saylı Ərazi Vergilər Baş İdarəsi borclu Cavabdeh qarşı məhkəmə əmrinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, borcludan dövlət büdcəsinə olan 135 manat 79 qəpik borcun tutulmasına dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(83)-218/2018 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh xx.xx.2019-cu il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(83)-218/2018 saylı məhkəmə əmrinə yazılı etiraz təqdim etmişdir. Borclunun etirazı onunla əsaslandırılmışdır ki, həmin borc məbləği ilə razı deyil. Belə ki o, birinci qrup əlildir və ona güzəştlər edilir. Odur ki, xx.xx.2018-ci il tarixli 2-2(83)- 218/2018 saylı məhkəmə əmrinin ləğv edilməsini və iddia icraatına keçilməsini xahiş edir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(83)-218/2018 saylı qərardadına əsasən etiraz təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(83)-218/2018 saylı məhkəmə əmri ləğv edilmiş və iş üzrə iddia icraatına keçilmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan borclu Cavabdeh vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün ********** nömrəli VÖEN almış, lakin vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə xx.xx.2018-ci il tarixinə 133,00 əsas, 2,79 manat faiz, 0,00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 135,79 manat borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində bödcəyə ödənilməsi məqsədi ilə borcluya VM-in 65-ci maddəsinə əsasən bildiriş göndərilmiş, lakin borclu yaranmış borc məbləğini büdcəyə ödəməmişdir. Eyni zamanda vergi ödəyicisinə vergi borcunun 10 gün müddətində dövlət büdcəsinə ödənilməsinə, borc ödənilmədikdə isə həmin borcun məcburi qaydada alınması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə orqanlarına müraciət ediləcəyinə dair sifarişli poçt vasitəsilə xx.xx.2017-ci il tarixli **********696000 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir. Lakin xəbərdarlıq məktubu göndərilsə də, borcun ödənilməsi təmin edilməmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi borcluya borc məbləğinin büdcəyə ödənilməsi üçün “Bildiriş” göndərilməsinə, vergi ödəyicisinin əmlakının müəyyən edilməsi məqsədi ilə müvafiq sorğuların və araşdırmanın aparılmasına və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq yaranmış borc məbləği dövlət büdcəsinə ödənilməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, cavabdehin etirazı əsassızdır. Belə ki, vergi qanunvericiliyində əlillərə sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən güzəştlər nəzərdə tutulmamışdır. Ona görə də, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, vergi ödəyicisi olan Cavabdeh şəxsi hesab vərəqəsindən görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixə dövlət büdcəsinə cəmi 135 manat 49 qəpik məbləğində vergi borcu vardır. xx.xx.2016-cı il tarixli **********2 nömrəli bildirişdən və xx.xx.2017-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, dövlət büdcəsinə yaranmış borcun ödənilməsi cavabdehdən tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyəcisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh dövlət büdcəsinə 135 manat 79 qəpikvergi borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək vəzifəsi qoyulduğundan və o, verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməli və cavabdehdən dövlət büdcəsinə yaranmış 135 manat 79 qəpik məbləğində vergi borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 135 manat 79 qəpik tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar