Məhkəmə qərarları › İş №2-2(119)-1023/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-1023/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Mülki hüquq pozuntularından (
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-1023/2024 18.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 2141 (iki min yüz qırx bir) manat məbləğində borcun və 41,5 (qırx bir manat əlli qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ünvan 1i ünvanında yerləşən 61 kv.m ümumi sahəsi olan sahibkarlıq obyektini 2 il müddətinə icarəyə vermişdir. Müqaviləyə əsasən icarədar icarəyə götürdüyü qeyri-yaşayış sahəsinə görə iddiaçıya hər ay üçün 450 manat icarə haqqı verməli, həmçinin kommunal xərcləri vaxtında ödəməli idi. Cavabdeh pulu vaxtlı-vaxtında ödəyəcəyinə söz versə də, onun 3 aylıq ödənilməmiş 1350 manat məbləğində icarə haqqı borcu, istifadə edilmiş qaz sərfiyyatına görə 395 manat, elektrik enerjisi sərfiyyatına görə 351 manat və internet və telefon xidməti üçün 45 manat olmaqla, cəmi 2141 manat borcu yaranmışdır. Lakin uzun müddət keçməsinə baxmayaraq Cavabdeh borcunu ödəməmişdir. Hazırda da cavabdeh borcu qaytarmaqdan boyun qaçırır. İddiaçı mübahisə olmadan dəfələrlə könüllü razılığa gəlmək istəsə də, cavabdeh buna məhəl qoymayaraq müxtəlif bəhanələrlə borcunu ödəməkdən imtina edir. Quba Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli 2(027)-1211/2024-cü il tarixli qərardadı ilə iş aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. 05 sentyabr 2024-cü il tarixli məhkəmə baxış iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Lakin İddiaçı 18 sentyabr 2024-cü il tarixli məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, 04 iyul 2023-cü il tarixdə icarə haqqını ödəyib obyekti istifadə etməyə başlamış, bundan sonra avqust, sentyabr, oktyabr aylarında da icarə haqqını nağd formada ödəmişdir. 04 noyabr 2023-cü il tarixdən icarə obyektinin təhvil verildiyi 16 noyabr 2024-cü il tarixədək olan müddət üçün icarə haqqı borcu ödənilməmişdir. Bundan başqa obyekt qardaşının icarəsində olduğu dövrdə təbii qazdan istifadəyə görə yaranmış borc artıqlaması ilə ödənilmişdir. Elektrik enerjisindən isifadəyə görə 100 manat məbləğində ödəniş həyata keçirilmiş, 133,42 manat məbləğində borc qalmışdır. İnternet və telefon xidməti ilə bağlı qalmış borcun məbləğini dəqiq xatırlamır. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış 07 iyul 2023-cü il tarixli icarə müqaviləsinin 1-ci bəndinə əsasən icarəyə verən Azərbaycan Republikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinin Xaçmaz rayon ərazi idarəsi tərəfindən xx.xx.2012-ci ildə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2i ünvanındakı istifadəsində olan 61 kv.m ümumi sahəni 2 (iki) il müddətinə icarəyə verir. Həmin müqavilənin 2-ci bəndinə əsasən icarədar icarəyə götürdüyü qeyri-yaşayış sahəsinə görə icarəvəverənə hər ay üçün 450 (dörd уüz əlli) manat icarə haqqı ödəyir. Həmin müqavilənin 4-cü bəndində əsasən icarədar icarə haqqını hər ayın əvvəlində üç gün müddətindən gec olmayaraq icarəyəverənin hesabına nağd yolla ödəyir. Həmin müqavilənin 8-ci bəndinə əsasən icarədar kommunal xərclərin vaxtında ödənilməsini və üzə çıxan nasazlıqları aradan qaldırmasını öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 9-cu bəndində əsasən bu müqavilə 2 (iki) il müddətinə bağlanır, xx.xx.2023-cü il tarixdən qüvvəyə minir və xx.xx.2025-ci il tarixədək qüvvədədir. İş materiallarında olan “Azəriqaz” İstehsalat birliyinin X4 İstismarı İdarəsi tərəfindən verilmiş 11 iyul 2024-cü il tarixli arayışdan görünür ki, Xaçmaz rayonu Hacıəlibəy kəndində yerləşən **********00000 abonent kodu ilə İddiaçı adına qeydiyyatda olan müəssisənin 30 iyun 2023-cü il tarixinə sayğacın son göstəricisi 13673 m3 olmaqla 510,73 manat borc olmuşdur. 07 iyul 2023-cü il tarixdən 30 noyabr 2023-cü il tarixinə kimi 134,75 manat məbləğində təbii qazdan istifadə olunmuş və 250 manat ödənilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş abunə haqqında məlumatdan görünür ki, elektrik enerjisindən istifadəyə görə sərfiyyatın məbləği xx.xx.2023-cü il tarixdə 49,72 manat, 05 avqust 2023-cü il tarixdə 65,89 manat, xx.xx.2023-cü il tarixdə 81,07 manat, xx.xx.2023-cü il tarixdə 36,74 manat olmuş, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 50 manat ödəniş olunmuşdur. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş saldodan görünür ki, 2023-cü ilin iyul ayından 2023-cü ilin noyabr ayı da daxil olmaqla, telefon xidməti üçün 39,75 manat borc hesablanmış, 39,45 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş saldodan görünür ki, 2023-cü ilin iyul ayından 2023-cü ilin noyabr ayı da daxil olmaqla, internet xidməti üçün 100 manat məbləğində borc hesablanmış, 66 manat məbləğində ödəniş olunmuşdur. Cavabdeh nümayəndəsi Nümayəndə vəsatəti əsasında şahid kimi dindirilmiş X1 ifadəsində bildirmişdir ki, 2023-cü ilin may ayından sözügedən icarə obyektində ofisiant işləmişdir. Həmin obyekt 04 iyul 2023-cü il tarixdə İddiaçı ilə Nümayəndə qardaşı arasında icarə müqaviləsi bağlanmaqla icarəyə verilmiş, lakin obyekti faktiki Nümayəndə istifadə etmişdir. Nümayəndə tərəfindən 2023-cü ilin iyul və avqust aylarının icarə haqlarının ödənildiyinin şahidi olmuş, 2023-cü ilin sentyabr, oktyabr və noyabr aylarının icarə haqqının ödənilməsi barədə məlumatı yoxdur. İcarə obyekti 16 noyabr 2023-cü il tarixdə İddiaçı təhvil vermişdir. Bundan başqa elektrik enerjisi və təbii qazdan istifadəyə görə əvvəlki icarəçi İlqar Kamilovun borcu olmuş, buna görə Nümayəndə təbii qazdan istifadəyə görə yaranmış borc üzrə 200 manat məbləğində ödəniş həyata keçirmişdir. Elektrik enerjisindən istifadəyə görə Nümayəndə tərəfindən ödəniş həyata keçirilib-keçirilmədiyini bilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 07 iyul 2023-cü il tarixli icarə müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən ünvan 1i ünvanında yerləşən 61 kv.m ümumi sahəsi olan sahibkarlıq obyekti Cavabdeh icarəsinə verilmiş, lakin cavabdeh öhdəliyini lazımi qaydada icra etməyərək icarə haqqını və kommunal xidmətlər üzrə borcunu tam ödəməmişdir. Buna görə İddiaçı Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. İddiaçı iddia ərizəsində və izahatında Cavabdeh 3 aylıq (2023-cü ilin sentyabr, oktyabr və noyabr ayları) ödənilməmiş 1350 (min üç yüz əlli) manat məbləğində icarə haqqı borcu, istifadə edilmiş qaz sərfiyyatına görə 395 (üç yüz doxsan beş) manat, elektrik enerjisi sərfiyyatına görə 351 (üç yüz əlli bir) manat və internet və telefon xidməti üçün 45 (qırx beş) manat olmaqla, cəmi 2141 (iki min yüz qırx bir) manat borcu yarandığını qeyd etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, icarə obyekti 16 noyabr 2023-cü il tarixdə cavabdeh tərəfindən iddiaçıya təhvil verilmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə izahatında 2023-cü ilin sentyabr və oktyabr aylarının icarə haqqının ödənildiyini, yalnız noyabr ayından 12 gün üzrə borcu yarandığını bildirsə də, o, sentyabr və oktyabr aylarının icarə haqqının ödənilməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Buna görə məhkəmə hesab edir ki, 04 iyul 2023-cü il tarixdən qüvvəyə minmiş sözügedən müqavilə üzrə cavabdehdən sentyabr ayı üzrə 450 manat, oktyabr ayı üzrə 450 manat, 16 noyabr 2023-cü il tarixədək 180 manat (4 noyabr 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək olan 12 gün üçün icarə haqqı 450/30X12=180) olmaqla 1080 (min səksən) manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehdən elektrik enerjisindən istifadəyə görə yaranmış 351 (üç yüz əlli bir) manat məbləğində borcun tutulması ilə bağlı məhkəmə qeyd edir ki, abunə haqqında saldodan xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək elektrik enerjisindən istifadəyə görə sərfiyyatın ümumi məbləğinin 233,42 (iki yüz otuz üç manat qırx iki qəpik) manat olduğu və 100 (yüz) manat ödəniş edildiyi görünür. Cavabdeh nümayəndəsi Nümayəndə izahatında elektrik enerjisindən istifadəyə görə 133,42 (yüz otuz üç manat qırx iki qəpik) manat məbləğində borc qaldığını bildirmişdir. Buna görə cavabdehdən elektrik enerjisindən istifadəyə görə yaranmış 133,42 (yüz otuz üç manat qırx iki qəpik) manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehdən internet və telefon xidməti üçün 45 (qırx beş) manat məbləğində borcun tutulması ilə bağlı məhkəmə qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş saldolardan 2023-cü ilin iyul ayından 2023-cü ilin noyabr ayı da daxil olmaqla, telefon xidməti və internet xidməti üçün 139,75 (yüz otuz doqquz manat yetmiş beş qəpik) manat borc hesablandığı, 105,45 (yüz beş manat qırx beş qəpik) manat məbləğində ödəniş edildiyi və 34,30 (otuz dörd manat otuz qəpik) manat məbləğində borc qaldığı görünür. Buna görə cavabdehdən internet və telefon xidməti üçün 34,30 (otuz dörd manat otuz qəpik) manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehdən istifadə olunmuş təbii qaza görə yaranmış 395 (üç yüz doxsan beş) manat məbləğində borcun tutulması ilə bağlı məhkəmə qeyd edir ki, “Azəriqaz” İstehsalat birliyinin X4 İstismarı İdarəsi tərəfindən verilmiş 11 iyul 2024-cü il tarixli arayışdan 07 iyul 2023-cü il tarixdən 30 noyabr 2023-cü il tarixinə kimi 134,75 (yüz otuz dörd manat yetmiş beş qəpik) manat məbləğində təbii qazdan istifadə olunduğu və 250 (iki yüz əlli) manat ödənildiyi görünür. Göründüyü kimi, obyektin Cavabdeh icarəsində olduğu dövrdə təbii qazdan istifadəyə görə hər hansı məbləğdə borc yaranmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin “cavabdehdən 2141 (iki min yüz qırx bir) manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, 1080 (min səksən) manat məbləğində icarə haqqı, internet və telefon xidməti üçün 34,30 (otuz dörd manat otuz qəpik) manat, elektrik enerjisindən istifadəyə görə 133,42 (yüz otuz üç manat qırx iki qəpik) manat olmaqla cəmi, 1247,72 (min iki yüz qırx yeddi manat yetmiş iki qəpik) manat məbləğində borc Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “ödənilmiş 41,5 (qırx bir manat əlli qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia həmin hissədə də qismən təmin edilməli, iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 32,48 (otuz iki manat qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasənhakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 1247,72 (min iki yüz qırx yeddi manat yetmiş iki qəpik) manat məbləğində borc və 32,48 (otuz iki manat qırx səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1280,2 (min iki yüz səksən manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1247,72 (min iki yüz qırx yeddi manat yetmiş iki qəpik) manat məbləğində borc və 32,48 (otuz iki manat qırx səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1280,2 (min iki yüz səksən manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver