Məhkəmə qərarları › İş №2-2(119)-1089/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-1089/2021

20.08.2021 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-1089/2021 20.08.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, İddiaçı tərəfindən cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı verilmiş “müflis elan edilmə” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “müflis elan edilmə” tələbi barədə iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, “İddiaçı müflis elan edilməsi” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2(074)-836/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “müflis elan edilmə” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata götürülmədən məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar İddiaçı cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “müflis elan edilmə” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia icraatı qaydasında cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı verilmiş hazırkı iddia ərizəsinin tələb hissəsində “İddiaçı müflis elan edilməsi” barədə qətnamə qəbul olunması xahiş edilmiş olsa da, həmin iddia ərizəsində qeyd olunan cavabdehlərə qarşı hər hansı bir iddia tələbi verilməmişdir. Halbuki, Mülki-Prosessual Məcəllənin tələblərinə görə iddia icraatı qaydasında verilən iddia ərizələrində cavabdehə (cavabdehlərə) qarşı hər hansı bir tələb (iddia tələbi) yönəlməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki- Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Eyni zamanda, bununla əlaqədar qeyd etmək lazımdır ki, İddiaçı hazırkı iddia ərizəsində iddia icraatı qaydasında “İddiaçı müflis elan edilməsini” tələb edir və iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) İddiaçı - “iddiaçı”, "xxxx" Qapalı Səhmdar Cəmiyyətini və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunu isə “cavabdehlər” qismində göstərir. Halbuki, bu kimi müraciətlərlə əlaqədar məhkəməyə iddia icraatı qaydasında tərtib edilən iddia ərizəsi ilə deyil, Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun tərtib edilmiş müvafiq ərizə ilə xüsusi icraat qaydasında müraciət olunmalıdır. Qeyd etmək lazımdır ki, Mülki- Prosessual Məcəllənin tələblərinə görə xüsusi icraat qaydasında olan işlərdə isə proses iştirakçıları qismində “iddiaçı” və “cavabdeh” deyil, “ərizəçi” və “maraqlı şəxs” iştirak edirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinin tələblərinə görə borclunun iflas haqqında ərizəsi qanunvericilikdə müəyyən edilmiş formada tərtib edilərək imzalanmalı və eləcə də, iflas haqqında məhkəməyə verilən ərizədə ərizənin verildiyi məhkəmənin adı; borclunun adı (fərdi borclunun və ya onun nümayəndəsinin adı, atasının adı, soyadı) və ünvanı; bütün məlum kreditorların (adları, atalarının adları, soyadları), poçt ünvanı və onların borcluya qarşı irəli sürdüyü tələblərin məbləğləri; borclu iflas haqqında məhkəməyə ərizə verdikdən sonra bir il ərzində onun vaxtı çatacaq borc öhdəliklərinə dair məlumat; bu Qanuna müvafiq surətdə borclunun ödəmə qabiliyyətsizliyinin özü tərəfindən təsdiq edilməsi və ya sübut olunması; borclunun ərizəsinə qoşulan sənədlərin siyahısı və borclunun fikrincə, iş üzrə məhkəmə baxışı üçün məhkəməyə lazım ola bilən hər hansı başqa məlumat, o cümlədən fərdi borcluya aid halda müəyyən aktivlərin borclunun əmlakından çıxarılmasına dair onun tələbini təsdiq edən müfəssəl məlumat, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatlar göstərilməlidir. Həmin Qanunun 5-ci maddəsinin tələblərinə görə, qanunvericilikdə müəyyən edilmiş sənədlərdən başqa, borclunun iflas haqqında ərizəsinə aşağıdakıları təsdiq edən sənədlər də əlavə edilir: a) iflas haqqında ərizədə borclunun məhkəmə xərclərinin ödənilməsinə möhlət verilməsini xahiş etdiyi hallar istisna olmaqla, qanunvericilikdə müəyyən edilmiş məhkəmə rüsumlarının ödənilməsini təsdiq edən sənəd; b) ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı; c) bu Qanunun müddəalarına uyğun olaraq tələblərin müəyyənləşdirilmiş məbləğini göstərən sənəd. Beləliklə də, təsvir olunanlardan görünür ki, hazırkı iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyi üçün, onun məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı tərəfindən cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı verilmiş “müflis elan edilmə” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver