Məhkəmə qərarları › İş №2-2(119)-405/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-405/2020

05.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-405/2020 05.06.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Tağıyev Xəqani Qəhrəman oğlu X1 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi vergilər baş idarəsinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: X2 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi vergilər baş idarəsinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. X1 iddia ərizəsi məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə deyil, kağız daşıyıcıda poçt vasitəsi ilə göndərilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, hazırkı iddia ərizəsinin cavabdeh tərəfindən alınmasını təsdiq edən hər hansı sübut iddia ərizəsinə əlavə edilməmişdir. Həmin Məcəllənin 152.1.4-cümaddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Bundan əlavə, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət etməmişdir. Cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sübut iddia ərizəsinə əlavə edilməmişdir. İddia ərizəsinə poçt qəbzi əlavə olunsa da, qəbz sənədin cavabdeh tərəfindən alınmasını deyil, cavabdehə göndərilməsini təsdiq edir, ona görə də həmin poçt qəbzi iddia ərizəsinin və ya pretenziyanın cavabdehə çatdırılması barədə sübut kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.7-ci maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, X1 məhkəməyə daxil olmuş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə deyil, kağız daşıyıcıda verildiyi, iddia ərizəsinin cavabdeh tərəfindən alınmasını və mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət edildiyini təsdiq edən hər hansı sübut iddia ərizəsinə əlavə edilmədiyi üçün iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 151-152, 263, 264, 267 və 268-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi vergilər baş idarəsinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, bu qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar