Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-625/2021 24.06.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov X1 Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddası üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı Cavabdeh 5960 (beş min doqquz yüz altmış) manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun alınıb İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, “Centron” Satış Mərkəzinin baş direktoru vəzifəsində işləyir, Siyəzən şəhəri, H.Əliyev küçəsində fəaliyyət göstərir. Cavabdehlə olan razılaşmasına əsasən onun adından həmin ünvanda yerləşən mağazada məişət texnikası satması üçün 01.05.2019-cu il tarixli etibarnamə vermiş, cavabdeh onun adından satışları həyata keçirmiş və buna uyğun olaraq da müəyyən məbləğdə maaş almışdır. Sonradan mağazada yoxlama apararkən cavabdehin ona satış üçün verilmiş 5960 (beş min doqquz yüz altımış) manat dəyərində məişət avadanlığını sataraq pulunu mənimsədiyi və satış mərkəzinə ziyan vurduğu aşkar edilmiş, bununla əlaqədar 12.05.2020-ci il tarixdə özünün, cavabdehin və digər şəxslərin iştirakı ilə akt tərtib edilmiş, cavabdeh həmin malları satdığını və qısa müddətdə pulunu ödəyəcəyini söz verdiyindən cavabdehlə yenidən əmək müqaviləsi və satış üçün nəzərdə tutulmuş məişət avadanlıqına dair "Tam maddi məsuliyyət haqqında müqavilə" bağlamışdır. Lakin, cavabdeh bu günə kimi ziyanı ödəmədiyindən məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh borcu qəbul etdiyini, həqiqətən iddia tələbində göstərilən məbləğdə məhsulları satsa da pulunu iddiaçıya ödəyə bilmədyini, 12.05.2020-ci il tarixli aktın onun iştirakı ilə düzgün tərtib olunduğunu, hazırda işləmədiyindən borcu ödəyə bilmədiyini, iş tapdıqdan sonra aylıq 100 manat ödəyə biləcəyini bildirərək borcun hissə-hissə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əsaslandırıcı hissə Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində iddia tələbinin qanuni əsasları kimi Əmək Məcəlləsinə, tərəflər arasında bağlanılmış əmək müqaviləsinə və tam maddi məsuliyyət haqqında müqaviləyə, habelə Mülki Məcəllənin deliktlərlə bağlı normalarına istinad etsə də, tərəflərin izahatlarından və iş materiallarından aydın olur ki, cavabdehdən ödənilməsi tələb edilən 5960 (beş min doqquz yüz altımış) manat pul məbləği ilə bağlı münasibətlər tərəflər arasında 20.08.2020-ci il tarixli əmək müqaviləsi bağlanmamışdan əvvəlki dövrdə yaranmışdır. Belə ki, iş materiallarında olan fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı 05.02.2018-ci il tarixdə fiziki şəxs kimi vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Eyni zamanda Cavabdeh da 02.05.2019-cu il tarixdə fiziki şəxs kimi vergi ödəyicisi qismində (VÖEN: **********, ixtisaslaşmış mağazalarda elektrik-məişət mallarının pərakəndə satışı) qeydiyyata alınmışdır. İş materiallarında olan 01.05.2019-cu il tarixli, AR-İ №665142 saylı etibarnamədən görünür ki, İddiaçı onun adından sahibkarlıq fəaliyyəti ilə bağlı mülkiyyətində olan malların satılması üçün fiziki şəxslərlə nisyə alqı-satqı müqavilələrini və bununla bağlı sazişləri, əlavələri, protokolları, aktları və digər sənədləri imzalamağı Cavabdeh etibar etmiş, etibarnamə 2 il müddətinə verilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş və cavabdehin mübahisələndirmədiyi tərəflərin və digər şəxslərin iştirakı ilə tərtib olunaraq imzalanmış 12.05.2020-ci il tarixli sənəddə Cavabdeh satmaq üçün götürdüyü məhsullardan yoxlama zamanı əskik olanların aşkar edildiyi, malların ümumi dəyərinin 5960 manat olduğu, Cavabdeh məhsulların pulunu qısa zamanda ödəməyə söz verdiyi göstərilmişdir. Beləliklə, işin yuxarıda qeyd edilən hallarından aydın olur ki, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. Belə ki, İddiaçı (tapşırıq verən) məişət mallarının satılması üçün Cavabdeh tapşırıq vermiş, bunun üçün ona notarial qaydada təsdiqlənmiş etibarnamə vermiş, Cavabdeh isə tapşırığı həyata keçirməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Həmin məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin məcəllənin 784-cü maddəsinə əsasən vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı Cavabdeh qarşı 5960 (beş min doqquz yüz altmış) manat pulun tutulması tələbinə dair iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5960 (beş min doqquz yüz altmış) manat və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 5990 (beş min doqquz yüz doxsan) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №2-2(119)-625/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-625/2021
24.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver