Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-862/2024 01.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh “Çeşmə” restoranının onun icarəsində olduğu müddətdə təbii qazdan istifadəyə görə yaranmış 3906,2 (üç min doqquz yüz altı manat iyirmi qəpik) manat məbləğində borcun və ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 iyul 2021-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında iddiaçıya məxsus Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən “Çeşmə” restoranının icarəyə verilməsinə dair müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı özünə məxsus Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən “Çeşmə” restoranını cavabdehə icarəyə vermişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin müddəti 3 (üç) il müəyyən edilsə də, tərəflərin razılığı ilə müqavilə 01 sentyabr 2022-ci il tarixdə pozulmuşdur. Müqavilənin pozulduğu vaxta “Çeşmə” restoranın cavabdehin icarədə olduğu müddətdə həmin obyektdə istifadə olunmuş təbii qazın sərfiyyatına görə 3906,2 (üç min doqquz yüz altı manat iyirmi qəpik) manat borcu qalmışdır. Müqaviləyə xitam verilərkən iddiaçı cavabdehdən qaz sərfiyyatına görə yaranmış borcun ödənilməsini tələb etmiş, cavabdeh isə hazırda qaz sərfiyyatına görə ödəniş etməyə maddi imkanının olmadığını bildirərək iki həftə ərzində təbii qaz sərfiyyatına görə yaranmış borcu tam olaraq ödəyəcəyinə söz vermişdir. Lakin bu günə kimi cavabdeh həmin pulu ödəməmişdir. X4 İstismarı İdarəsindən X1 adına verilmiş (kafe), abonent nömrəsi **********00000 saylı abonentin saldosu sənədindən göründüyü kimi həmin obyektdə 2021-ci ilin oktyabr ayından 2022-ci ilin avqust ayına kimi istifadə olunmuş təbii qazın sərfiyyatına görə 3906,2 manat borc yaranmışdır. Bu hal həmçinin X4 İstismarı İdarəsinin 26 oktyabr 2022-ci il tarixli arayışı ilə də təsdiq olunur. Həmin arayışda qeyd olunur ki, Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən **********00000 abonent kodu olan X2 məxsus kafenin 25 oktyabr 2022-ci il tarixə 3906,2 manat debitor borcu var. Həmin borc 2021-ci ilin oktyabr ayından istifadə olunmuş qazın həcminə əsasən yaranmışdır. Göründüyü kimi, “Çeşmə” restoranında 2021-ci ilin oktyabr ayından 2022-ci ilin aprel ayına kimi istifadə olunmuş qaz sərfiyyatına görə yaranmış 3906,2 manat debitor borcu həmin obyektin 01 iyul 2021-ci il tarixli icarə müqaviləsinin 01 sentyabr 2022-ci il tarixədək qüvvədə olduğu dövrdə cavabdehin icarəsində olduğu müddətdə yaranmışdır. İcarə müqaviləsinin tələblərinə əsasən cavabdeh icarəçi olaraq həmin obyektdə istifadə olunmuş təbii qazın dəyərini ödəməlidir. Cavabdeh müqavilə üzrə öhdəliklərini pozaraq sahənin onun icarəsində olduğu müddətdə qaz sərfiyyatına görə yaranmış 3906,2 manat borc pulu ödəməkdən imtina edir. Xaçmaz Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(067)-767/2024 nömrəli nömrəli qərardadına əsasən həmin iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış 01 iyul 2021-ci il tarixli icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən icarəyə verən ona məxsus Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən “Çeşmə” restoranın yerini və restoranda olan inventarlarını icarəçiyə icarə verir. İcarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1.5-ci bəndinə əsasən icarəçi müqavilənin 4-cü bəndində müəyyən olunmuş icarə haqqından başqa “sahənin” istismarı ilə bağlı elektrik enerjisi və rabitə (o cümlədən beynəlxalq rabitə) haqlarını və digər kommunal xərcləri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən icarəçiyə aid edilən xərclər icarə haqqına daxil deyil və onlar icarəçi tərəfindən təyinatı üzrə ayrıca ödənilir. İş materiallarından görünür ki, 01 sentyabr 2022-ci il tarixdə icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış “Çeşmə” restoranın icarəyə verilməsi ilə bağlı 01 iyul 2021-ci il tarixli icarə müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan abonentin saldosu ilə müəyyən olunur ki, İddiaçı məxsus Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən sahibkarlıq obyektinə 2022-ci ilin avqust ayına təbii qazdan istifadəyə görə 3906,2 manat məbləğində borc hesablanmışdır. X4 İstismarı İdarəsinin 26 oktyabr 2022-ci il tarixli arayışında göstərilir ki, Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən **********00000 abonent kodu olan İddiaçı məxsus kafenin 25 oktyabr 2022-ci il tarixinə təbii qazdan istifadəyə görə 3906,2 manat məbləğində debitor borcu var. Həmin borc 2021-ci ilin oktyabr ayından istifadə olunmuş təbii qazın həcminə əsasən yaranmışdır. X4 İstismar İdarəsinin 11 iyun 2024-cü il tarixli arayışında göstərilir ki, Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən abonent İddiaçı istifadə etdiyi təbii qaza görə 25 oktyabr 2022-ci il tarixinə debitor borcu 3906,2 manat təşkil edir. Onun 2021-ci ilin oktyabr ayında 144,70 manat, 2021-ci ilin noyabr ayında 843,95 manat, 2021-ci ilin dekabr ayında 1827,95 manat, 2022-ci ilin yanvar ayında 2899,95 manat, 2022-ci ilin fevral ayında 3256,95 manat, 2022-ci ilin mart ayında 3256,95 manat, 2022-ci ilin aprel ayında 4806,2 manat, 2022-ci ilin may ayında 4806,2 manat, 2022-ci ilin iyun ayında 4306,2 manat, 2022-ci ilin iyul ayında 4306,2 manat, 2022-ci ilin avqust ayında 3906,2 manat, 2022-ci ilin sentyabr ayında 3906,2 manat və 2022-ci ilin oktyabr ayında 3906,2 manat debitor borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 01 iyul 2021-ci il tarixli icarə müqaviləsi bağlanılmış və iddiaçı tərəfindən Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən “Çeşmə” restoranını cavabdehin icarəsinə verilmişdir. Həmin müqavilənin 3.1.5-ci bəndinə əsasən icarəçi icarə haqqından başqa “sahənin” istismarı ilə bağlı elektrik enerjisi, rabitə (o cümlədən beynəlxalq rabitə) haqlarını və digər kommunal xərcləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqaviləni bağlayarkən üzərinə götürdüyü həmin öhdəliyi lazımınca icra etməyərək icarə sahəsi onun istifadəsində olduğu dövrdə istifadə olunmuş təbii qaza görə yaranmış 3906,2 (üç min doqquz yüz altı manat iyirmi qəpik) manat məbləğində borcu ödəməmişdir. Buna görə də, İddiaçı ilə Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 01 iyul 2021-ci il tarixli icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, təbii qazdan istifadəyə görə yaranmış və Cavabdeh tərəfindən ödənilməmiş 3906,2 (üç min doqquz yüz altı manat iyirmi qəpik) manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddia tələbinə uyğun olaraq hesablanmış 59,06 (əlli doqquz manat altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 3906,2 (üç min doqquz yüz altı manat iyirmi qəpik) manat məbləğində borc və ödənilmiş 59,06 (əlli doqquz manat altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3965,26 (üç min doqquz yüz altmış beş manat iyirmi altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 3906,2 (üç min doqquz yüz altı manat iyirmi qəpik) manat məbləğində borc və ödənilmiş 59,06 (əlli doqquz manat altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3965,26 (üç min doqquz yüz altmış beş manat iyirmi altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №2-2(119)-862/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-862/2024
01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver