Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-345/2020 21.02.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi maraqlı şəxs Cavabdeh qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, “OPTİMAL-SS” Məhdud Məsuliyyətli Cəmiyyəti, “STİMUL-SS” Məhdud Məsuliyyətli Cəmiyyəti, “SAVANNA-SS” Məhdud Məsuliyyətli Cəmiyyəti, “MAKS-SS” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 235.703,83 manat vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxslərin icra orqanının rəhbəri olan Cavabdeh barəsində (Doğulduğu tarix – xx xxxx 1980-ci il, doğulduğu yer – Azərbaycan, Masallı rayonu, Təzə Alvadı kəndi, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi- 4S20PHT, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 16059929) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödəyiciləri olan hüquqi şəxslər vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikləri üçün xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə “OPTİMAL-SS” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 50.101,57 manat məbləğində “STİMUL-SS” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 112.871,31 manat məbləğində, “SAVANNA-SS” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 3.975,85 manat məbləğində və “MAKS-SS” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 68.755,1 manat məbləğində vergi borcları vardır. Yaranmış borc məbləğlərinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildiriş göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğini ödəməmişlər. Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi və maraqlı şəxs Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, hüquqi şəxslər “OPTİMAL-SS” Məhdud Məsuliyyətli Cəmiyyəti vergi ödəyicisi kimi ********** VÖEN-lə xx.xx.2018-ci il tarixdə, “STİMUL-SS” Məhdud Məsuliyyətli Cəmiyyəti vergi ödəyicisi kimi ********** VÖEN-lə xx.xx.2018-ci il tarixdə, “SAVANNA-SS” Məhdud Məsuliyyətli Cəmiyyəti vergi ödəyicisi kimi ********** VÖEN-lə xx.xx.2018-ci il tarixdə və “MAKS-SS” Məhdud Məsuliyyətli Cəmiyyəti vergi ödəyicisi kimi ********** VÖEN-lə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçmişlər. Həmin hüquqi şəxslərin rəhbəri Cavabdehdur. “SAVANNA-SS” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə borcunun olub-olmaması iş materialları ilə müəyyən edilməsə də, Cavabdeh rəhbəri olduğu digər hüquqi şəxslərin dövlət büdcəsinə borcları yaranmış və həmin hüquqi şəxslərə yaranmış borc məbləğlərinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi barədə xəbərdarlıqlar olunmuşdur. Lakin borcların ödənilməsi iş materialları ilə müəyyən olunmur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikası Vergilər Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dövlət büdcəsinə olan borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxslərin icra orqanının rəhbəri olan Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 355-5-355-7-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxx 1980-ci il tarixdə Masallı rayonu, Təzə Alvadı kəndində doğulmuş, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olan Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №2-2(121)-345/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-345/2020
21.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver