Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2-2(3-8)-42/2026 01.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı Mərdanov Əli Cumail oğlunun cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı Mərdanov Əli Cumail oğlunun iştirakı ilə İddiaçı Mərdanov Əli Cumail oğlunun cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 15 yanvar 2026cı il tarixli, e-2-2(119)-2059/2025 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı 0751172 nömrəli çıxarışdan görünür ki, Siyəzən rayonu, Məşrif kəndində yerləşən 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi Mərdanov Əli Cumail oğlunun adına qeydiyyata alınmışdır.
2. KY242262835 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”dan görünür ki, “Azəriqaz” İstehsalat Birliyi təfərindən Mərdanov Əli Cumail oğlua məxsus sahibkarlıq obyektində başlama tarixi 18 dekabr 2024-cü il, qurtarma tarixi 20 dekabr 2024-cü il olmaqla keçirilmiş yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. Plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi üçün əsas sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi kimi qeyd edilmişdir.
3. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 18 dekabr 2024-cü il tarixli 5671863 nömrəli akta əsasən iddiaçıya məxsus sahibkarlıq subyektindəki Honeywel tipli G-4 markalı 40384790 nömrəli qaz sayğacı yeni Honeywel tipli G-4 markalı 43387384 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir.
4. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18 dekabr 2024-cü il tarixli 0431048 nömrəli aktda Mərdanov Əli Cumail oğluna məxsus sahibkarlıq obyektində istifadə olunan qaz sayğacının “ölçü mexanizminin alt hissəsinin kənar təsir nəticəsində deşici alətlə deşilməsi” qeyd edilmiş, dəymiş ziyanın hesablanması tələb edilmişdir.
5. 26 dekabr 2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, 18 dekabr 2024-cü il tarixli 0431048 nömrəli akt əsasında G-6 markalı qaz sayğacının nominal qaz sərfi kombi üçün 5.4 m3 /saat orta günlük iş rejimi 12 saat və hesabat dövrü 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 5.4x12x90=5832 m3 və PQ4 (restoran tipli) üçün 3.5 m3 /saat orta günlük iş rejimi 12 saat və hesabat dövrü 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 3.5x12x90=3780 m3 olaraq hesablanmış və həmin hesabatda itirilmiş qazın miqdarı ümumilikdə 9612 m3 həcmində müəyyən edilmişdir.
6. Abonent saldosundan görünür ki, 2024-cü ilin dekabr ayında akt əsasında fiziki şəxs Mərdanov Əli Cumail oğluna məxsus 263711700000011 nömrəli abonent koduna 2403 manat məbləğində borc hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azəriqaz” İstehsalat Birliyinin Xaçmaz Regional Qaz İstismarı İdarəsi tərəfindən ona hesablanmış 2803,87 (iki min səkkiz yüz üç manat səksən yeddi qəpik) manat məbləğində borcun ləğv olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 0.12 ha torpaq sahəsi RX seriyalı 0751172 nömrəli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Həmin sahədə tikilmiş daşınmaz əmlaka “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz çəkilərək qaz sayğacı qoyulmuşdur. Lakin 2024cü ilin dekabr ayında “Azəriqaz” İstehsalat Birliyinin Xaçmaz Regional Qaz İstismarı İdarəsi tərəfindən G-6 markalı 40384790 nömrəli sayğac üzrə yoxlanış keçirilərək 18 dekabr 2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında 0431048 nömrəli akt tərtib olunmuşdur. Həmin aktda qeyd olunmuşdur ki, “BK-G 6MT Honeywell” markalı, 40384790 nömrəli qaz sayğacına baxış zamanı sayğacın ölçü mexanizminin alt hissəsi kənar təsir nəticəsində deşici alətlə deşilib. Bu akta əsasən dəymiş ziyanın hesablanıb ödənilməsi tələb edilmiş və bu barədə tələbnamə iddiaçıya göndərilmişdir. Halbuki, iddiaçı tərəfindən ümumiyyətlə həmin əmlakda hər hansı fəaliyyət göstərilmir və əmlakda hər hansı bir fəaliyyət demək olar ki, yoxdur.
9. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək onun rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Azəriqaz“ İstehsalat Birliyinin Xaçmaz Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Siyəzən xidmət sahəsində qeyri-əhali abonenti kimi qeydiyyatda olan Siyəzən rayonunun Məşrif kəndində yerləşən qeyri-yaşayış obyektinin, “Qala- Park” hotel-restoranın sahibi, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Mərdanov Əli Cumail oğlu əhaliyə ictimai iaşə xidməti göstərmək üçün “Qazpaylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” əsasında təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Belə ki, 18 dekabr 2024-cü il tarixdə “Azəriqaz“ İstehsalat Birliyinin işçiləri tərəfindən həmin obyektdə təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunmasına baxış keçirilən zaman cavabdehin istifadəsində olan obyektdə quraşdırılmış 40384790 nömrəli qaz sayğacının “ölçü mexanizminin alt hissəsi kənar təsir nəticəsində deşici alətlə deşildiyi” müəyyən edilmişdir. Yoxlama zamanı bütün prosesslər video çəkilişlə müşayət olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun bağlanmış qazın alqısatqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən qazpaylayıcı istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququna malikdir. İddiaçı ilə bağlanmış “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3.3-cü bəndinə əsasən sayğaca müdaxilə etməklə istismar etməklə qazdan istifadə qaydalarını təqsirli hərəkətləri ilə qəsdən pozmuşdur. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Buna görə də Mərdanov Əli Cumail oğlu barəsində “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” 18 dekabr 2024-cü il tarixli 0431048 nömrəli akt tərtib edilərək itirilmiş qazın bərpası üçün 9612 m3 və ya 2403 manat ziyan məbləği abonentin hesabına işlənilmişdir. Tərtib edilmiş aktı iddiaçının nümayəndəsi Məmmədov Eyvaz Firudin oğlu etiraf edərək irad bildirmədən imzalamışdır. Yoxlama keçirilməmişdən əvvəl reyestrə salınmış 18 dekabr 2024-cü il tarixli, KY 242262635 saylı çıxarış alınmışdır. Göstərilənlərə əsasən iddiaçı Mərdanov Əli Cumail oğlunun iddia tələbi məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir.
10. Sumqayıt Kommersiya Məhkəməsinin 15 yanvar 2026-cı il tarixli, e-2-2(119)-2059/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən iddiaçı Mərdanov Əli Cumail oğluna məxsus olan Siyəzən rayonu, Məşrif kəndində yerləşən sahibkarlıq obyektinə (abonent kodu 263711700000011) 18 dekabr 2024-cü il tarixli 0431048 nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 2403 (iki min dörd yüz üç) manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 15.01.2026cı il tarixli, e-2-2(119)-2059/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
12. Cavabdeh Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması vəaparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə istinad edərək apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, yoxlama keçirilməmişdən əvvəl “Yoxlamaların Vahid Məlumat Reyestri”ndə qeydiyyata alınmış, 18.12.2024-cü il tarixli KY 242262635 saylı çıxarış alınmışdır. MPM-in 77 və 88-ci maddələrinə istinadən cavabdeh şikayətində qeyd edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tambaxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, birinci instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. İşdə olan akt (aktı həmin vaxt obyektdə olan abonentin nümayəndəsi imzasi ilə təsdiq etmişdir), tərtib edilmiş aktlar, iddia ərizəsinə etiraz, təqdim olunmuş video-disk qiymətləndirilməmişdir. Halbuki, yoxlama o halda qanunsuz hesab edilir ki, yoxlayıcı sahibkarlıq fəaliyyətinin hayata keçirildiyi yerə gedərək yoxlama aparsın və bu yoxlama barədə məlumatı vahid reyestrə daxil etməsin. İşdə olan sübutlardan müəyyən olunur ki, iddiaçının obyekti “”Qala Park” hotel restoranında həqiqətən sayğacın hesablama mexanizminin alt hissəsi deşilməklə müdaxilə edilmiş və təbii qazdan qanunsuz istifadə edilmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh bildirir ki, iddiaçı iddia tələbini əsaslandırdığı halları sübut etmək üçün tutarlı və mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə qətnaməni “Qaz təchizatı haqqında” Azərbayçan Respublikası Qanununun tələblərini pozmaqla qəbul etmişdir. Halbuki, sayğaca müdaxilə olunması sübutlarla təsdiq olunur və həmin sübutlar məhkəməyə təqdim edilmişdir.
Məhkəmə prosesi iştirakçılarının izahatları:
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Mərdanov Əli Cumail oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Kommersiya Məhkəməsinin 15 yanvar 2026cı il tarixli, e-2-2(119)-2059/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanlmasını xahiş etdi.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2026-cı il yanvarın 1-dək qüvvədə olan redaksiyada): Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
16. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.
17. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə: 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 1.3. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. 2.10. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. 2.11-2. qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. ... 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2.Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
21. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları tərəfindən iddiaçı Mərdanov Əli Cumail oğluna məxsus olan Siyəzən rayonu, Məşrif kəndində yerləşən sahibkarlıq obyektinə baxış keçirilmiş, baxış zamanı qaz sayğacının “ölçü mexanizminin alt hissəsinin kənar təsir nəticəsində deşici alətlə deşilməsi” əsası ilə 18 dekabr 2024-cü il tarixli 0431048 nömrəli akt tərtib olunmuş və həmin akt əsasında 2024-cü ilin dekabr ayında fiziki şəxs Mərdanov Əli Cumail oğluna məxsus 263711700000011 nömrəli abonent koduna 2403 (iki min dörd yüz üç) manat məbləğində dəymiş ziyanla bağlı borc hesablanmışdır.
22. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və haqlı olaraq qeyd etmişdir ki, qanun tələb edir ki, qazdan istifadə qaydalarını pozan şəxsin təqsirli olub-olmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməlidir, yalnız təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər. Lakin iş materiallarında 18 dekabr 2024-cü il tarixli 0431048 nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın bir nüsxəsinin Azərbaycan Respublikası Energetika Nazirliyinə göndərilməsi, həmin qurum tərəfindən qazın talanması faktının, istehlakçının təqsirinin müəyyən olunması təsdiqlənmir.
23. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının obyekti “Qala Park” hotel restoranında həqiqətən sayğacın hesablama mexanizminin alt hissəsi deşilməklə müdaxilə edilmiş və təbii qazdan qanunsuz istifadə edilmişdir. Bununla bağlı təqdim olunmuş dəlillərə məhkəmə səhv hüquqi qiymət vermiş və işdə olan akt (aktı həmin vaxt obyektdə olan abonentin nümayəndəsi imzası ilə təsdiq etmişdir), tərtib edilmiş aktlar, iddia ərizəsinə etiraz, təqdim olunmuş video-disk qiymətləndirilməmişdir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin müvafiq dəlilinə münasibətdə qeyd edir ki, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən istehlakçının qazın talanmasında təqsirli olması Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən və ya məhkəmə qərarı ilə müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər. İş materialları ilə Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən iddiaçının təqsirinin müəyyən edilməsi faktı təsdiqlənmir. Eləcə də, cavabdehin istinad etdiyi dəlillər iddiaçının təqsirinin müəyyən edilməsi üçün yetərincə əsaslı deyildir və həmin dəlillərin əsaslandırılması üçün təqdim olunmuş sənədlər, o cümlədən cavabdehin səlahiyyətli nümayəndələri tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt qanunla müəyyən olunmuş mötəbər sübut standartlarına cavab vermir. Cavabdeh tərəfindən təqdim edilmiş video-disk sayğacın deşilməsində iddiaçının təqsiri olması faktını deyil, sayğacın deşici alətlə deşilməsi və qaz sızması faktını təsdiq etdiyindən, həmin video-görüntülər iddiaçının təqsirinin müəyyən edilməsi üçün kifayət deyildir.
25. Odur ki, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi sözügedən akt əsasında cavabdeh iddiaçı tərəfindən sayğacın hesablama mexanizminin alt hissəsi deşilməklə müdaxilə edilməsi və təbii qazdan qanunsuz istifadə edilməsi ilə bağlı iddiaçının tələbi üzrə 2403 manat məbləğdə qanunsuz olaraq hesablanmış borcun silinməsini qət etməkdə düzgün nəticəyə gəlmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT E T D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 15 yanvar 2026-cı il tarixli, e-2-2(119)-2059/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.