Məhkəmə qərarları › İş №2(3-1)-84/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(3-1)-84/2026

23.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2(3-1)-84/2026 23.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya İddiaçı "xxxx" publik hüquqi şəxsə və cavabdeh1 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbi (Açar sözlər: hakimə etiraz, hakimin obyektivliyinə və qərəzsizliyinə şübhə, Məhkəmə- Hüquq Şurasına şikayət verilməsinin etiraz əsası kimi qiymətləndirilməsi, prosessual qərarların qərəzlilik göstəricisi olmaması) I. Birinci instansiya məhkəməsinə müraciət.

1. İddiaçı ## #### 2026-cı ildə "xxxx" publik hüquqi şəxsə və cavabdeh1 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdi (iş vərəqə 01-04).

2. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı iddia ərizəsi icraata qəbul edilmişdi (iş vərəqə 14-15).

II. Iş üzrə sədrlik edən hakimlərə etirazlar.

3. Iddia tələbi ilkin olaraq məhkəmənin hakimi Aslan Heydarovun icraatında olsa da, cavabdeh cavabdeh1 etirazı əsasında Naxçıvan Şəhər Məhkəməsinin sədrinin ## ##### 2026-cı il tarixli qərardadı ilə həmin hakim işə baxmaqdan kənarlaşdırılmış və iş təsadüfi bölgü əsasında digər hakimin - məhkəmənin sədri Səfərəliyeva Gülnar Xanlar qızının icraatına verilmişdi (iş vərəqə 80-81 və 86-89).

4. Bundan sonra mülki iş üzrə birinci instansiya məhkəməsində ## ##### 2026-cı ildə keçirilən məhkəmə baxışı iclasında iddiaçı İddiaçı məhkəməyə etiraz ərizəsi təqdim edərək, mülki işə Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi ilə baxılmasına etiraz etdiyini bildirmişdir (iş vərəqə 95).

III. Etirazın əsaslandırılması.

5. İddiaçı etirazını əsaslandıraraq qeyd etmişdi ki, hakim Gülnar Səfərəliyevanın bəraət hökmünü "yekun deyil" adlandıraraq çıxardığı qərardadla bağlı özü tərəfindən Məhkəmə- Hüquq Şurasına rəsmi şikayət verilmişdir. Barəsində xidməti araşdırma tələb edilən bir hakimin həmin şəxsin işinə baxması ədalətli mühakimə prinsiplərinə zidd hesab edilir. Məhkəmənin cavabdeh tərəfin subyektiv şübhəsi əsasında hakimi dərhal kənarlaşdırması, onda məhkəmənin obyektivliyinə qarşı etimadı sarsıtmışdır. Cavabdehin subyektiv "şübhəsi" ilə hakim dəyişdirildiyi halda, onun faktiki şikayətinin və qərəzlilik şübhələrinin görməzdən gəlinməsi hüquqi paradoks kimi qiymətləndirilir. Digər hakim Gülsüm Əliyeva ilə şəxsi tanışlığı olduğu üçün onun işə baxması qanunən mümkün deyil. Universitet rəhbərliyi bu faktı bildiyi üçün, prosesi "vahid hakim" prinsipi ilə idarə etmək və ya tamamilə bloklamaq məqsədilə cavabdehin ərizəsini təşkil etmişdir. O, məhkəmənin əvvəlki qərardadında tətbiq etdiyi "şübhə ehtimalı" yanaşmasını rəsmi şikayət faktı ilə birlikdə rəhbər tutaraq, hakimin öz-özünə etiraz etməsini (işdən çəkilməsini) tələb etmişdi.

IV. Etirazla bağlı birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə.

6. Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı iş üzrə sədrlik edən hakimə etdiyi etirazın baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdı (iş vərəqə 98-101).

7. Etiraz mülki iş materialları ilə birlikdə ## ##### 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına daxil olmuşdu.

V. Apellyasiya instansiyası məhkəməsinin hakimə edilmiş etirazı qiymətləndirməsi və onun həllinə dair mövqeyi.

8. Iddiaçının iş üzrə sədrlik edən hakim Səfərəliyeva Gülnar Xanlar qızına etdiyi etirazı iş materialları ilə birlikdə yoxlayan kollegiya aşağıdakıları qeyd edir.

9. Mülki məhkəmə icraatında etiraz edilmə əsasları, ona baxılması qaydası, həmçinin etiraz edilə bilən və etiraz etmək hüququna malik şəxslərin dairəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2-ci fəsli, yəni 17-23-cü maddələri ilə tənzimlənir.

10. Həmin Məcəllənin 19, 20, 46 və 47-ci maddələrinin mahiyyətindən aydın olur ki, mülki məhkəmə icraatında iştirak edən şəxslər tərəfindən işə baxan hakimə və ya hakimlərə, həmçinin ekspertə, mütəxəssisə, tərcüməçiyə və məhkəmə iclasının katibinə qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olduğu halda etiraz oluna bilər.

11. Mülki məhkəmə icraatında yuxarıda qeyd edilən subyektlərə etiraz etmək əsasları isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19 və 20-ci maddələri ilə müəyyən edilir.

12. Həmin Məcəllənin 19-cu maddəsi “Hakim tərəfindən işə baxılmasına yol verilməməsi” adlansa da, Məcəllənin 21.1-ci maddəsindən görünür ki, birinci qeyd edilən prosessual norma özündə hakimə etiraz edilmənin əsaslarını da əks etdirir.

13. Belə ki, hakim Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə; əvvəllər tərəflərdən birinin nümayəndəsi, yaxud vəkili olmuşsa və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; məhkəmədə baxılan mübahisə üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə; tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa; onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa onun işə baxılmasına yol verilmir (MPM maddə 19.1).

14. Həmçinin həmin Məcəllənin 19.3-cü maddəsinin tələbindən müəyyən edilir ki, bir-biri ilə qohum olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir.

15. "Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli, * nömrəli qərarının:

16. - 2.2-ci bəndində göstərilir ki, hakimə (məhkəmə tərkibinə) edilən etirazlara baxıldıqda etirazın əsasları, habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir;

17. - 6-cı bəndinə görə hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə ərizələrə onların verilməsindən dərhal sonra baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Etirazın əsasları məhkəmə iclas protokolunda öz əksini tapmalıdır;

18. - 11.1-ci bəndinin tələbinə əsasən etirazın rədd edilməsi və yaxud təmin edilməsi barədə qəbul edilən qərardad (qərar) əsaslandırılmalı, orada etirazın təmin edilməsi və yaxud rədd edilməsinin səbəbləri şərh edilməlidir.

19. “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində göstərilir ki, birinci instansiya, apelyasiya və ya kassasiya instansiyası məhkəməsində işə baxılmasında iştirak etmiş hakimin həmin işə təkrar məhkəmə baxışında iştirakı yolverilməzdir. Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda hakimlərin qərəzsizliyinə şübhə doğuran hallar yarandıqda hakim həmin işə baxılmasından çəkinməli, yaxud kənarlaşdırılmalıdır.

20. Kollegiya qeyd edilən normaların tələbi çərçivəsində etiraza səbəb olmuş faktları qanunvericiliyin tələbləri daxilində araşdıraraq bildirir ki, iddiaçının hakimə etdiyi etirazdan onun etirazının əsası kimi hakimin obyektivliyinə şübhə doğuran kifayət qədər əsas olmasının qeyd edilməsi aydın olur.

21. İddiaçı etdiyi etirazın "həmin hakimin barəsində Məhkəmə-Hüquq Şurasına şikayət etməsinə" dair dəlilinə qiymət verilməsi ilə bağlı kollegiya bildirir ki, tərəfin hakim barəsində Məhkəmə-Hüquq Şurasına və ya digər instansiyalara şikayət etməsi özlüyündə hakimin işə baxmaqdan kənarlaşdırılması üçün mütləq əsas deyil. Mülki-Prosessual Məcəllənin 19.1.7-ci maddəsində nəzərdə tutulan "obyektivliyə və qərəzsizliyə şübhə" faktiki sübutlarla əsaslandırılmalıdır. Şikayət verilməsi tərəfin subyektiv hüququ olsa da, bu fakt hakimin qanunla müəyyən edilmiş bitərəfliyini avtomatik olaraq ortadan qaldırmır. Əks halda, tərəflər bəyənmədikləri hər bir hakim barəsində şikayət verməklə süni şəkildə hakim dəyişikliyinə nail ola bilərlər ki, bu da "təbii hakim" prinsipinin pozulmasına və məhkəmə prosesinin qeyrimüəyyən müddətə uzanmasına səbəb olar.

22. Iddiaçının hakimə etdiyi etirazın digər - əvvəlki qərardadın mahiyyəti və "şübhə ehtimalı" prinsipinin hüquqi qiymətləndirməsinə dair dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, İddiaçı hakimin (məhkəmə sədrinin) əvvəlki qərardadda istifadə etdiyi hüquqi terminologiyanı və cavabdehin etirazını təmin etməsini qərəzlilik kimi qiymətləndirmişdir. Lakin hakim tərəfindən çıxarılmış hər hansı prosessual qərardadın, o cümlədən başqa hakimə edilmiş etirazın təmin olunması barədə məzmunu hakimin obyektivliyinə şübhə yaradan "maraqlı tərəf" statusu kimi qəbul edilə bilməz. Məhkəmə sədrinin Mülki-Prosessual Məcəllənin 22.2-ci maddəsinə əsasən etirazı həll etmək səlahiyyəti qanunla müəyyən edilmişdir və bu səlahiyyətin icrası hakimin həmin işdə tərəfkeşlik etməsi mənasına gəlmir. Hakimin qərəzsizliyi həm subyektiv, yəni hakimin daxili aləmi, həm də obyektiv kənardan

23. görünüş baxımdan qiymətləndirilir. Təkcə bir prosessual hərəkətin edilməsi ilə bağlı məhkəmə aktının çıxarılması faktı, hakimin mülki işdə maraqlı tərəf olacağına dair əsaslı şübhə yaratmaq üçün kifayət deyildir.

24. Yuxarıda şərh olunanları nəzərə alaraq, kollegiya hesab edir ki, iddiaçı İddiaçı tərəfindən hakim Səfərəliyeva Gülnar Xanlar qızına qarşı irəli sürülən etiraz Mülki-Prosessual Məcəllənin 19-cu maddəsində nəzərdə tutulan əsaslarla uyğunluq təşkil etmir. Etiraz ərizəsində göstərilən xüsusatların heç biri hakimin işin nəticəsində şəxsi marağı olduğunu və ya obyektivliyini itirdiyini sübut edən kifayət qədər əsas hesab edilə bilməz.

25. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, iddiaçı İddiaçı hakim Səfərəliyeva Gülnar Xanlar qızına etdiyi etiraz əsassız olduğundan təmin edilməməlidir.

26. Hakimə edilmiş etirazı kollegiya əsaslı hesab etmədiyindən tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 21.6-cı maddəsinə görə eyni hakimə, ekspertə, mütəxəssisə, tərcüməçiyə və ya məhkəmə iclasının katibinə eyni əsaslar üzrə eyni şəxs, onun nümayəndəsi və ya vəkili tərəfindən məhkəməyə təkrar etiraz verilə bilməz .

27. Yuxarıda qeyd edilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:

28. - İddiaçı "xxxx" publik hüquqi şəxsə və cavabdeh1 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddiaçının Naxçıvan Şəhər Məhkəməsinin hakimi (sədri) - iş üzrə sədrlik edən hakim Səfərəliyeva Gülnar Xanlar qızına etdiyi etiraz əsaslı olmadığından rədd edilməli;

29. - mülki iş baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə geri qaytarılmalıdır.

30. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir.

31. Həmin Məcəllənin 22.6-cı maddəsinin tələbinə görə isə etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir.

VI. Apellyasiya instansiyası məhkəməsinin etiraz üzrə gəldiyi nəticə.

Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 23, 263 və 264-cü maddələrini rəhbər tutaraq qərar verdi:

İddiaçı "xxxx" publik hüquqi şəxsə və cavabdeh1 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddiaçı İddiaçı Naxçıvan Şəhər Məhkəməsinin hakimi (sədri) - iş üzrə sədrlik edən hakim Səfərəliyeva Gülnar Xanlar qızına etdiyi etiraz əsaslı olmadığından rədd edilsin. Mülki iş baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə geri qaytarılsın. Tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 21.6cı maddəsinin tələbinə görə eyni hakimə, ekspertə, mütəxəssisə, tərcüməçiyə və ya məhkəmə iclasının katibinə eyni əsaslar üzrə eyni şəxs, onun nümayəndəsi və ya vəkili tərəfindən məhkəməyə təkrar etiraz verilə bilməz. Bu qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Müşfiq Həsənov və Sənan Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver