Məhkəmə qərarları › İş №2(3-10)-294/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-294/2026

07.05.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-294/2026 07.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X8 qızının katibliyi, iddiaçı İddiaçı, apellyasiya şikayəti vermiş cavabdeh Cavabdeh nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə (Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri publik hüquqi şəxsin ** saylı Yevlax Ərazi Idarəsi - iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur) Yevlax Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:

1. Işin halları: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, JN-383A (KOD ********) saylı torpağın mülkiyyətinə verilməsi haqqında Şəhadətnaməyə əsasən ona və ailə üzvlərinə məxsus torpağın 54,8 kv.metr hissəsindən cavabdeh Cavabdeh çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri publik hüquqi şəxsin ** saylı Yevlax Ərazi Idarəsi – iddiaçı tərəfindən iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur). Iddiaçı İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, Yevlax rayon Aqrar Islahatlar Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı qərarı ilə Yevlax rayonunun Salahlı kəndində yerləşən 0,30 hektar torpaq sahəsi X12, X17, X3, X13, X14, X9, X5, X6, X10, X7, X1 və X4 mülkiyyətinə verilmişdir. Bu barədə torpağın mülkiyyətə verilməsinə dair JN-383A KOD ******** nömrəli Şəhadətnamə tərtib olunmuşdur. Iddiaçı da ailə üzvləri ilə birlikdə qeyd olunan torpaq sahəsindən hazırkı vaxtadək istifadə edir. Lakin, cavabdeh Cavabdeh hər dəfə iddiaçı tərəfə məxsus torpaq sahəsinə gələrək, həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirir. Iddiaçı tərəf isə cavabdehə qeyd olunan torpaq sahəsinin onlara məxsus olduğunu, bu barədə onların adına JN-383A KOD ******** nömrəli Şəhadətnamənin olduğu bildirilsə də, cavabdeh buna məhəl qoymur.

2. Birinci instansiya məhkəməsində icraat: Yevlax Rayon Məhkəməsinin (hakim Qalib Paşayev) ## ### 2025-ci il tarixli, 2(039)- 39/2025 nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” barədə iddia tələbi təmin edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: -“ Iddia təmin edilsin. Cavabdeh Cavabdeh JN-383A (KOD********) saylı torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən iddiaçı İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Yevlax rayonunun Salahlı kəndində yerləşən 0,30 ha torpaq sahəsinin 54,8 kv.metr hissəsindən (ümumi torpaq sahəsinin cənub-qərb hissəsi) çıxarılsın. Cavabdeh Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə cavabdeh Cavabdeh 100 (bir yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN 1401555071, müxbir hesab AZ41NABZ01360100000000003944, SFIFT BIK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN 1700326621, hesab AZ34CTRE00000000000002088501) ödənilsin.” Yevlax Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, 2(039)-39/2025 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-383A (KOD********) saylı şəhadətnamənin surətindən görünür ki, Yevlax rayonunun Salahlı kəndinin ərazisindən 0,30 ha torpaq sahəsi iddiaçı İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Işdə olan vəsiqənin surətindən görünür ki, İddiaçı şəhid ailəsinin üzvüdür. Işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2015-ci il tarixli çıxarışın surətindən görünür ki, 0,2302 ha torpaq sahəsi Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ##.##.2025ci il tarixli, **/*** saylı ekspert rəyindən görünür ki, Yevlax rayonu Salahlı kəndində yerləşən iddiaçı İddiaçı mülkiyyətində olan 0,30 hektar fərdi yaşayış evinin həyətyanı təyinatlı torpaq sahəsinin naturada ölçüləri müəyyən edilmişdir. Tərəflərin mülkiyyətlərində olan torpaq sahələrinin sənəd üzrə və naturada ölçüləri üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Qeyd edilən torpaq sahəsinin 54,8 hissəsi naturada Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, JN-***A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Yevlax rayonunun Salahlı kəndinin ərazisindən 0,30 ha torpaq sahəsi iddiaçı İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Cavabdeh Cavabdeh həmin torpaq sahəsinin 54,8 kv.metr hissəsini zəbt etmişdir. Iddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş və torpağı zəbtdən azad etməmişdir. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, cavabdeh Cavabdeh JN-383A (KOD********) saylı torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən iddiaçı İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Yevlax rayonunun Salahlı kəndində yerləşən 0,30 ha torpaq sahəsinin 54,8 kv.metr hissəsindən (ümumi torpaq sahəsinin cənub qərb hissəsi) çıxarılmasına dair qətnamə qəbul edilməlidir. Işdə olan vəsiqənin surətindən görünür ki, iddiaçı İddiaçı şəhid ailəsinin üzvüdür. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə iş üzrə ödənilməli olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə cavabdeh Cavabdeh 100 (bir yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, “Insan hüquqlarının və X18 haqqında” Konvensiyanın * nömrəli Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 119.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz:

- 3.1). Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri Cavabdeh Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Yevlax Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Yevlax Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir (apellyasiya şikayətinin cavabdehin nümayəndəsi (vəkil) – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə imzalamışdır). Həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinə əsasən, iddiaçı İddiaçı iddia tələbi təmin edilmiş və cavabdeh Cavabdeh JN-383A (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən iddiaçı İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Yevlax rayonunun Salahlı kəndində yerləşən 0,30 ha torpaq sahəsinin 54,8 kv.metr hissəsindən (ümumi torpaq sahəsinin cənub-qərb hissəsi) çıxarılması qət edilmişdir. Lakin, cavabdeh tərəf həmin qətnaməni tamamilə ədalətsiz hesab edir. Çünki hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Yevlax Rayon Məhkəməsinin qətnaməsinin ədalətsiz və əsassız olması - cavabdehlə bağlı vəziyyətin obyektiv qiymətləndirilməməsi, sırf iddiaçının tələbləri və mənafeyinin nəzərə alınaraq, heç bir tutarlı əsas olmadan iddia tələbinin təmin olunması ilə sübut olunur. Belə ki, cavabdeh tərəf hesab edir ki, işə baxan Yevlax Rayon Məhkəməsi cavabdehin Konstitusiya ilə verilən hüquq və azadlıqlarını pozmuşdur. Həmçinin, Mülki-Prosessual Məcəllənin, “Torpaq islahatı haqqında” Qanunun, eləcə də Torpaq Məcəlləsinin tələblərinə riayət etmədən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Çünki, Konstitusiyanın 13, 25, 26 və 29-cu maddələrində vətəndaşların hüquq və azadlıqları, xüsusi mülkiyyətin qanunla qorunması nəzərdə tutulmuşdur. Lakin, Yevlax Rayon Məhkəməsi ##.##.2025-ci il tarixli qətnaməsi ilə cavabdehin hüquqlarını kobud surətdə pozmaqla, onun mülkiyyətində olan torpaq sahəsinin 54,8 kv.metr hissəsinin iddiaçı, yəni qonşusu İddiaçı qanunsuz və əsassız olaraq verilməsi barədə qətnamə çıxarmışdır. Lakin, Yevlax Rayon Məhkəməsinin həmin qətnaməsinin ləğv edilməsi üçün kifayət qədər əsaslar vardır. Cavabdeh tam savadsız, yaşlı qadındır və onun məhkəmə prosesləri barədə məlumatı yoxdur. Belə olan halda isə 95 yaşlı qadın olan cavabdehin hüquqları pozulmuşdur. Yevlax Rayon Məhkəməsi əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Iş üzrə bildirir ki, Yevlax rayonu Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı ilə cavabdehə 6 nəfər ailə üzvü ilə birlikdə 0,23 ha torpaq sahəsi (JN-382A, kod 90100038) verilmişdir. Iddiaçı İddiaçı və digərlərinə isə həmin Komissiyanın ##.##.1998-ci il tarixli, ** saylı qərarı ilə 0,30 ha torpaq sahəsi (JN-383A, kod 20100038) verilmiş və bu barədə torpaq şəhadətnaməsi alınmışdır. Iddiaçı Kürdoğlu Quliyevin torpaq sahəsinin sxemindən görünür ki, sxemlə üz-üzə, soldan 699BB nömrəsi ilə qeyd edilmiş bələdiyyə torpağı var və həmin torpaq sahəsinə iddiaçı nəzarət edir. Yevlax Rayon Məhkəməsi isə bu məhkəmə işini hərtərəfli və tam araşdırmadan, cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsinin 54,8 kv.metr hissəsini iddiaçıya bəxşiş verməklə, qətnamə çıxarmış və cavabdeh Cavabdeh hüquqlarını pozmuşdur. Yevlax rayonu Salahlı kənd Bələdiyyəsinin iddiaçının torpaq sahəsinin qarşısında 50 sotdan artıq bələdiyyəyə aid torpaq sahəsi vardır və həmin torpaq iddiaçının ailəsi tərəfindən istifadə edilərək hasarlanmış və həmin ərazi 694BB şərti işarəsi ilə qeyd edilmişdir. Belə olan halda məhkəmə bu məsələyə münasibət bildirmədən, cavabdehin torpaq sahəsindən 54,8 kv.metr hissəni qanunsuz şəkildə iddiaçıya verməklə, əsassız qətnamə çıxarmışdır. Məhkəmə işə baxarkən torpaq şəhadətnaməsindəki cizgilərə diqqətlə baxmadan, torpağın bir hissəsini iddiaçıya verməklə səhv addım atmışdır. Onların arasında hasar vardır və həmin mübahisəli torpaq sahəsinə iddiaçının girişi yoxdur. Cavabdehin evinin sağ tərəfində yerləşən mübahisəli sahəyə isə eyvanının düz qarşısından giriş mövcuddur və həmin torpaq sahəsinin eni təxminən 1,5 metr, uzunluğu isə 1,5 metr olmaqla eyvanının düz sağ tərəfində yerləşir. Cavabdeh həmin torpaq sahəsindən 1959-cu ildən istifadə edir. Hesab edir ki, bu məsələdə Yevlax Rayon Məhkəməsi həyətə baxış keçirsə idi, əsl həqiqət üzə çıxardı. Yevlax Rayon Məhkəməsi ekspert və mütəxəssis qarşısında sual qoyarkən, torpağın hansı istiqamətdə zəbt olunması barədə sualı aydın qoymaqla əsl həqiqəti aydınlaşdıra bilərdi. Lakin ekspert və mütəxəssis rəyləri ziddiyyət təşkil etdiyi üçün təkrar mühəndis-texniki ekspertizasının keçirilməsi vacibdir. Ona görə də apellyasiya məhkəməsindən təkrar mühəndis-texniki ekspertizasının keçirilməsini xahiş edir. Göründüyü kimi, işə baxan Yevlax Rayon Məhkəməsi bu halları nəzərə almamış, tam qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Ona görə də, Yevlax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir.

- 3.2). Apellyasiya şikayətinə qarşı etiraz

Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

4. Iş üzrə apellyasiya icraatı:

- 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasına iddiaçı İddiaçı və apellyasiya şikayəti vermiş cavabdeh Cavabdeh nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə gəlmiş olsalar da, həmin məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri publik hüquqi şəxsin ** saylı Yevlax Ərazi Idarəsinin nümayəndəsi isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, məhkəmə iclasına gəlmiş proses iştirakçılarının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri publik hüquqi şəxsin ** saylı Yevlax Ərazi Idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında apellyasiya şikayəti vermiş cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə Yevlax Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, mülki iş üzrə qəbul edilmiş Yevlax Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin ləğv olunması və iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” barədə iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etmədiyini bildirib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, JN-***A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Yevlax rayonu Salahlı kəndinin ərazisindən 0,30 ha torpaq sahəsi ailə üzvləri ilə birlikdə onun mülkiyyətinə verilmişdir. Cavabdeh Cavabdeh isə həmin torpaq sahəsinin 54,8 kv.metr hissəsini zəbt etmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh həmin torpaq sahəsinin özünə məxsus olduğunu bildirərək, qeyd olunan ölçüdə torpağı zəbtdən azad etməmişdir. Buna görə də, o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd etmək lazımdır ki, hazırkı apellyasiya şikayətinə baxılması ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsində ## ### 2026-cı ildə keçirilən məhkəmə iclasında apellyasiya şikayətini vermiş cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə şifahi vəsatətlə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisənin dəqiq həll edilməsi məqsədi ilə iş üzrə təkrar məhkəmə ekspertizasının təyin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişi və həmin vəsatətini apellyasiya şikayətinin dəlilləri ilə əsaslandırmışdı. Lakin, Şəki Apellyasiya Məhkəməsinin ## ### 2026-cı il tаrixli, *(*-**)-***/**** nömrəli əsaslandırılmış qərаrdаdı ilə apellyasya şikayətini vermiş cavabdeh tərəfin iş üzrə təkrar məhkəmə ekspertizasının təyin olunması barədə vəsatəti təmin edilməmişdir.

- 4.2). Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə - tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - cavabdeh Cavabdeh tərəfindən hazırkı apellyasiya şikayətində “Yevlax Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

- 4.3). Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. VII. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin normaları (maddələri): 84.1. Topaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə, cavabdeh tərəfin iddia tələbinə etirazının dəlillərinə və tərəflərin iddia tələbi üzrə mövqelərinə uyğun araşdırmalar aparılmış və apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara Yevlax Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsində düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, iş materialları və məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən olunur ki, Yevlax Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” barədə iddia tələbi təmin edilərək, “cavabdeh Cavabdeh JN-383A (KOD********) saylı torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən iddiaçı İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Yevlax rayonunun Salahlı kəndində yerləşən 0,30 ha torpaq sahəsinin 54,8 kv.metr hissəsindən (ümumi torpaq sahəsinin cənub-qərb hissəsi) çıxarılması” qət edilmişdir. Həmin qətnamədən verilmiş hazırkı apellyasiya şikayəti üzrə aparılan məhkəmə araşdırması nəticəsində isə birinci instansiya məhkəməsinin məlum iddia tələbini təmin etməkdə haqlı olduğu və düzgün nəticəyə gəldiyi müəyyən olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası, cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd etməyi lazım bilir ki, hazırkı mübahisə predmeti olan torpaq sahəsi iddiaçı tərəfin ailə üzvləri ilə birgə mülkiyyətində olan torpaq sahəsidir və həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etmək - mülkiyyətçi olaraq iddiaçı tərəfin Azərbaycan Respublikasının Konstitusiyası, Mülki qanunvericilik və Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq aktlarla tanınan və qorunan mülkiyyət hüququnun, o cümlədən də mülkiyyətindən istifadə, sahiblik və sərəncam vermək kimi hüquqlarının tərkib hissəsidir. Insan Hüquqlarının və X18 haqqında Konvensiyaya dair * saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına əsasən Azərbaycan Respublikasında mulkiyyət toxunulmazdır və dovlət tərəfindən mudafiə olunur (13-cü maddə), mulkiyyətin heç bir novunə üstünlük verilmir və mulkiyyət hüququ, o cumlədən xüsusi mulkiyyət hüququ qanunla qorunur (29-cu maddə) və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə “mülkiyyətin toxunulmazlığı” Mülki Qanunvericiliyin prinsiplərindən biri kimi müəyyən olunmuşdur. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot Isveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. “Ədalət muhakiməsinin həyata kecirilməsi zamanı “Insan hüquqlarının və əsas azadlıqların mudafiəsi haqqında” Avropa Konvensiyası muddəalarının və Insan Hüquqları uzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli Qərarının 23-cü bəndində gostərilir ki, mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməyərək, Yevlax Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyasiya şikayətini vermiş cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar