Məhkəmə qərarları › İş №2-3(103)-37/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(103)-37/2024

16.05.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-3(103)-37/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, Ləğvetmə prosesində olan İddiaçı ASC-nin kreditoru İran İslam Respublikasının "xxxx" Bankı tərəfindən “196596,71 manat məbləğin X12 Melli İran Bakı Filialında olan hesaba köçürülmə barədə ödəniş tapşırığının verilməsi” tələbinə dair ərizəyə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: X13 Respublikasının "xxxx" Bankı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, 196.596,71 (bir yüz doxsan altı min beş yüz doxsan altı manat, yetmiş bir qəpik) manatın mümkün olan tez bir zamanda "xxxx"ın X14 Bakı Filialında olan AZ74MELİ******************** saylı hesabına köçürülməsi barədə ödəniş tapşırığı verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" 4 sentyabr 2005-ci il tarixində dövlət qeydiyyat nömrəsi ****** ilə baş ofisi Tehran şəhərində olmaqla İran İslam Respublikasının qanunlarına əsasən açıq səhmdar cəmiyyəti formasında təsis və təşkil edilmiş aparıcı banklardan biridir. İddiaçı ASC ilə "xxxx" arasında “Plastik kredit kartlarının verilməsi” haqqında müqavilə imzalanmışdı. İddiaçı ASC-nin ləğv edilməsi barədə qərar qəbul edildikdən sonra "xxxx"-ın İddiaçı ASC-də olan pul vəsaitlərinin qaytarılması ilə bağlı mübahisə yaranmışdı. Azərbaycan Respublikasının Mərkəzi Bankının 16 iyul 2012-ci il tarixli ərizəsinə əsasən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2012-ci il tarixli, 2iqt(81)-2410/2012 saylı qətnaməsi ilə İddiaçı ASC müflis elan edilmiş və İddiaçı ASC-yə ləğvedici qismində “X1 Company” MMC təyin edilmişdi. Hazırda bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 iyul 2013-cü il tarixli qərardadı ilə Cavabdeh1-nin 1.105.276,79 (bir milyon bir yüz beş min iki yüz yetmiş altı avro, yetmiş doqquz sent) Avro məbləğində tələbi ləğvetmədə olan İddiaçı ASC-nin kreditorlarının tələbləri siyahısına daxil edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən 21 iyun 2022-ci il tarixli, ********* saylı ödəniş tapşırığı ilə Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə təqdim etdiyi hesabata əsasən ilk 7 tranşdan "xxxx"-a ödənilməli olan 196.596,71 manat Bakı Apellyasiya Məhkəməsinin xəzinədarlıqda olan depozit hesabına köçürülmüşdür. Qeyd edilən fakt Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-3(103)-8/2022 saylı qərardadı ilə də təsdiq edilmişdir. "xxxx" həmişə SWİFT vasitəsilə beynəlxalq bazarla əlaqələrini qoruyub saxlayan və "xxxx"-ın hələ də davam etməkdə olan xaricdən İrana insan qidası və heyvan yemi, tibbi avadanlıq və əczaçılıq məhsullarının idxalı üçün beynəlxalq humanitar ticarət maliyyəsi sahəsində fəal iştirakı sayəsində qeyri-İran bankları tərəfindən aktiv hesab xidmətlərinə davamlı çıxışı olan İran maliyyə qurumları sırasındadır. Bakı Apellyasiya Məhkəməsinin 2-3(103)-30/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan ərizəçi kassasiya şikayəti verərək vrərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-3(102)-7/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 may 2023-cü il tarixli, 2-3(103)-30/2023 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. İştirak etdiyi məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 ərizənin təmin edilməməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X3 Azərbaycan Respublikası Mərkəzi Bankının iş materiallarında əks olunmuş mövqeyini müdafiə etdiklərini bildirdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, ərizəni iş materialları ilə birgə araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan 22 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, X4 Xəzinədarlıq Departamentinin “X6 İdarəsi” (OFAC) tərəfindən Cavabdeh1 “Xüsusi təyin edilmiş vətəndaşlar və bloklaşdırılmış şəxslər” (SDN) siyahısına daxil edilmişdir. Həmçinin məlumdur ki, ABŞ-ın aidiyyəti hüquqi aktlarına əsasən, SDN siyahısında olan İran qurumları ilə məqsədyönlü şəkildə “əhəmiyyətli maliyyə əməliyyatları” həyata keçirən xarici maliyyə institutları sanksiyalara məruz qala bilər. OFAC-ın İran sanksiyaları ilə bağlı izahedici şərhlərinə əsasən (https://home.treasury.gov/policy-issues/financialsanctions/faqs/topic/1551/print; 174 saylı suala cavab), “əhəmiyyətli maliyyə əməliyyatları” dedikdə müəyyən meyarlara cavab verən və ABŞ Xəzinədarlıq Departamenti tərəfindən fərdi qaydada müəyyən edilən əməliyyatların nəzərdə tutulduğu bildirilir. Nəticədə, SDN siyahısında olan şəxslərlə hər hansı formada əməkdaşlıq edən və ya əməliyyat aparan təşkilatların dolayı və ya ikinci dərəcəli sanksiyalara məruz qalması riskinin ABŞ Xəzinədarlıq Departamentinin rəyindən asılı olması qənaətinə gəlmək mümkündür. Xarici təcrübədə sözügedən sanksiyalara məruz qalmamaq üçün ABŞ-ın səlahiyyətli qurumlarına, o cümlədən OFAC-a müraciət edilməsi, onlardan konkret əməliyyat barədə rəy alınması praktikası mövcuddur. Əmanətlərin Sığortalanması Fondu tərəfindən Mərkəzi Banka verilmiş məlumata əsasən, məsələ ilə bağlı Fond tərəfindən xx.xx.2019-cu il tarixində OFAC-a sorğu göndərilməsinə baxmayaraq, qarşı tərəfdən bununla əlaqədar cavab alına bilməmişdir. Bu praktikadan təkrar istifadə edilməsi müvafiq ödənişin təyinatı barədə ABŞ-ın səlahiyyətli qurumlarına məlumat verməklə mümkün sanksiya risklərinin aradan qaldırılmasına imkan verə bilər. Qeyd edilənləri nəzərə alaraq, məsələnin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə əlaqələndirilməsi və məqsədəmüvafiq hesab edildiyi təqdirdə diplomatik kanallar vasitəsilə ABŞ-ın səlahiyyətli qurumlarının sözügedən əməliyyatla bağlı rəyinin əldə edilməsi imkanlarının nəzərdən keçirilməsi təklif olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan 23 fevral 2023-cü il tarixli məktubdan görünür ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli Qanununun 9.1-ci maddəsinə əsasən yüksək riskli zonaların vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin zonalarda olan şəxslərlə və ya onların vasitəsilə, eləcə də həmin zonalarda qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslərlə əlaqədar hər hansı işgüzar münasibətlər və əməliyyatlara münasibətdə gücləndirilmiş müştəri uyğunluğu tədbirləri tətbiq edilməlidir. Həmçinin qeyd edilməlidir ki, ABŞ Xəzinədarlıq Departamentinin Xarici X9 tərəfindən xüsusi sanksiya tətbiq edilən şəxslərin siyahısında yer alan "xxxx"a kreditor tələbi üzrə ödənişlərin həyata keçirilməsinin müxbir münasibətlər çərçivəsində yarada biləcəyi risklərin qiymətləndirilməsi və idarə edilməsi maliyyə institutları tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-3(102)-7/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilir: Hazırda bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 iyul 2013-cü il tarixli Qərardadı ilə Cavabdeh1-nin 1.105.276,79 (bir milyon yüz beş min iki yüz yetmiş altı avro 79 sent) Avro məbləğində tələbi ləğvetmə prosesində olan İddiaçı ASC-nin kreditorlarının tələbləri siyahısına daxil edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən 21 iyun 2022-ci il tarixli, ********* saylı ödəniş tapşırığı ilə Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə təqdim etdiyi hesabata əsasən ilk 7 tranşdan "xxxx"-a ödənilməli olan 196596,71 manat məbləğində vəsait Bakı Apellyasiya Məhkəməsinin xəzinədarlıqda olan depozit hesabına köçürülmüşdür. “Banklar haqqında” Qanunun müddəalarına görə, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin ödənilməsi ləğvedici tərəfindən həyata keçirilməlidir. Nəzərə almaq lazımdır ki, məhz ləğvedici istinad edilən Qanunda nəzərdə tutulmuş hallarda və qaydada ödəməni həyata keçirmək səlahiyyətinə malikdir. “Banklar haqqında” Qanunun müvafiq normalarında ləğvetmə prosesinin gedişində məhkəmənin malik olduğu səlahiyyətlər təsbit edilmişdir. Həmin normaların mahiyyətinə görə, bununla bağlı həyata keçirilən məhkəmə nəzarəti kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin ödənilməsinin məhkəmənin depozit hesabı vasitəsilə həyata keçirilməsini ehtiva etmir. Beləlilklə, hazırkı halda iddiaçının hüquqi marağı təsdiqlənmiş tələbi üzrə 196596,71 manat məbləğində vəsaitin ödənilməsinə nail olmağa yönəlmişdir. Bu baxımdan iddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq həmin ödəməni həyata keçirməli olan orqandan (ləğvedicidən) bunu tələb etməldir. Məhkəmənin səlahiyyəti isə ləğvedicinin bununla bağlı qərar və hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyinə qiymət verilməsi ilə məhdudlaşır. Sözügedən vəsaitin hazırda məhkəmənin depozit hesabında olması da vəziyyəti dəyişmir. Bununla bağlı həmin məbləğin Cavabdeh1-yə ödənilməsi səlahiyyətinin Əmanətlərin Sığortalanması Fondunda olduğu nəzərə alınmalıdır. Bakı Apellyasiya Məhkəməsi depozit hesabındakı vəsaitin ləğvediciyə ötürülməsini təmin etməli, ləğvedici isə öz növbəsində həmin vəsait barəsində səlahiyyətlərini qanunvericiliyə uyğun olaraq həyata keçirməlidir. İşin hallarından görünür ki, hazırda İddiaçı ASC-nin ləğvedicisi Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondudur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 iyul 2013-cü il tarixli qərardadı ilə Cavabdeh1-nin 1.105.276,79 (bir milyon bir yüz beş min iki yüz yetmiş altı avro, yetmiş doqquz sent) Avro məbləğində tələbi ləğvetmə prosesində olan İddiaçı ASC-nin kreditorlarının tələbləri siyahısına daxil edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən 21 iyun 2022-ci il tarixli, ********* saylı ödəniş tapşırığı ilə Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə təqdim etdiyi hesabata əsasən ilk 7 tranşdan "xxxx"-a ödənilməli olan 196.596,71 manat məbləğində vəsait Bakı Apellyasiya Məhkəməsinin xəzinədarlıqda olan depozit hesabına köçürülmüşdür. Hazırda ərizəçi həmin 196.596,71 manatın mümkün olan tez bir zamanda "xxxx"ın X14 Bakı Filialında olan hesabına köçürülməsi barədə ödəniş tapşırığı verilməsini xahiş edir. “Banklar haqqında” Azərbaycan Respublikasının qanunu: 71.1. Məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir. Fond ləğvedici funksiyalarını müqavilə əsasında hüquqi və ya fiziki şəxslərə həvalə edə bilər. Fond, daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır və ləğvedici funksiyalarının başqa şəxslərə həvalə edilməsi Fondu bu məsuliyyətdən azad etmir. 71.3. Banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. 71.7. Bu Qanunun 59.2-ci və 71.1-ci maddələrinə əsasən təyin edildiyi gündən ləğvedici aşağıdakı səlahiyyətləri həyata keçirir: 71.7.1. bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirir; 71.7.2. bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür, aralıq balansını tərtib edir, habelə bankın aktivlərini idarə edir; 71.7.3. bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestrini tərtib edir və kompensasiyaların ödənilməsi üçün qanuna müvafiq tədbirlər görür; 71.7.4. kreditorların tələblərini qeydə alır və onların ödənilməsi üçün tədbirlər görür; 71.7.5. bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görür; 71.7.6. istənilən zaman bankın əməkdaşları ilə bağlanılmış əmək müqavilələrinə xitam verir; 71.7.7. bu Qanunun 79-cu maddəsində müəyyən edilmiş qaydada bankın bağlamış olduğu müqavilələrin qüvvəsinə xitam verilməsi üzrə tədbirlər görür; 71.7.8. tədbirlər planında nəzərdə tutulduğu halda, bankın aktiv və öhdəliklərinin satışını və ya köçürülməsini həyata keçirir; 71.7.9. bank tərəfindən verilmiş kreditlərin restrukturizasiyasını (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) həyata keçirir; 71.7.10. bankın məcburi ləğvinə gətirib çıxaran halları araşdırır, bu kimi halların baş verməsində şübhəli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti orqanlara müraciət edir və bankın adından məhkəmələrdə iddialar qaldırılır. 76.1. Bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir. 77.1. Bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə almır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. 77.5. Qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. 82.1. Müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: 82.1.1. Çıxarılmışdır. 82.1.2. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər; 82.1.3. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 82.1.4. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 82.1.5. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; 82.1.6. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 82.1.7. dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər; 82.1.8. təminatsız kreditorların tələbləri. 87.1. Bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. 87.2. Tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçının hüquqi marağı təsdiqlənmiş tələbi üzrə 196.596,71 manat məbləğində vəsaitin ödənilməsinə nail olmağa yönəlmişdir. “Banklar haqqında” Qanunun müddəalarına görə, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin ödənilməsi ləğvedici tərəfindən həyata keçirilməlidir. Məhz ləğvedici istinad edilən Qanunda nəzərdə tutulmuş hallarda və qaydada ödəməni həyata keçirmək səlahiyyətinə malikdir. Bununla bağlı həyata keçirilən məhkəmə nəzarəti kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin ödənilməsinin məhkəmənin depozit hesabı vasitəsilə həyata keçirilməsini ehtiva etmir. Məhkəmənin səlahiyyəti ləğvedicinin bununla bağlı qərar və hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyinə qiymət verilməsi ilə məhdudlaşır. Göründüyü kimi, Əmanətlərin Sığortalanması Fondu hazırda tələb edilən məbləğin Cavabdeh1-yə ödənilməsi səlahiyyətinə malikdir. Bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin depozit hesabında olan vəsait ləğvediciyə ötürülməli, bundan sonra ərizəçi ləğvediciyə müraciət etməli və ləğvedici öz növbəsində həmin vəsait barəsində səlahiyyətlərini qanunvericiliyə uyğun olaraq həyata keçirməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizə qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin xəzinədarlıqda olan depozit hesabına köçürülmüş 196.596,71 manat məbləğində vəsait İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ötürülməli, ərizə digər hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizə qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin xəzinədarlıqda olan depozit hesabına köçürülmüş 196.596,71 manat məbləğində vəsait İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ötürülsün. Ərizə digər hissədə təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar