Məhkəmə qərarları › İş №2(3-6)-2350/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2350/2026

16.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2350/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Bakı şəhəri ** saylı cavabdeh3 qarşı nikah müqaviləsinin etibarsız sayılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Bakı şəhəri ** saylı cavabdeh3 qarşı nikah müqaviləsinin etibarsız sayılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Bakı şəhəri ** saylı cavabdeh3 qarşı “nikah müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.

3. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakını təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmamışdır.

4. Həmin qərardaddan iddiaçı İddiaçı şikayət verərək, qərardadı ləğv edib işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

5. Şikayətin dəlillərinə görə nikah müqaviləsi müqavilələrin bir növüdür, müqavilənin etibarsız sayılması mülki qanunvericiliklə tənzimlənir, hazırkı mübahisə ailə münasibətlərindən törənsə də, mülki qanunvericiliklə tənzimlənir. “Mediasiya haqqında” Qanunun 26.1-ci maddəsində mediasiyada həll oluna bilən ailə münasibətlərinə aid mübahisələr şərh edilmişdir. Ər-arvad arasındakı mülki mübahisələrə dair həmin maddədə qeyd yoxdur.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadına əsasən şikayət təmin olunmamış, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Maddə 150.0.8. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilən sənədlərdən biri kimi göstərilmişdir. Maddə 152.1.6-1-ci maddəsinə əsasən hakim “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

8. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.2. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Maddə 28.1. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.

9. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli, */**** nömrəli Qərarı: 10.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Mediasiya haqqında” Qanun) 3.2-ci və Mülki Prosessual Məcəllənin 4.6-cı maddələri ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflərin məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirakını tələb edir. Bu qaydaya əməl olunmaması Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, əgər iddia ərizəsi icraata qəbul edilmişsə, həmin Məcəllənin 259.0.13-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün əsasdır. 10.3. Üzərində ər-arvadın ümumi mülkiyyət hüququ yaranmış əmlakın nikahın davam etdiyi, ailə münasibətlərinin faktiki aradan qalxdığı, yaxud nikah pozulduqdan sonra başqa bir əmlak dəyərinə çevrilməsi (əşyanın satılması, dəyişdirilməsi və s.) nəticəsində əldə olunmuş predmetlərə (pul vəsaitinə və ya digər əmlaka hüququn tanınması, onların qaytarılması və s.), o cümlədən ər-arvad arasında bağlanmış nikah müqavilələrinin və onların ümumi əmlakı üzərində sərəncam verən əqdlərin etibarsızlığına dair tələblərin də kökündə ər-arvadın mülkiyyətinin qanuni və ya müqavilə rejimi durduğundan bu xarakterli mübahisələr ailə münasibətlərindən irəli gələn mübahisələr sayılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası qeyd edir ki, nikah müqavilələrinin məzmunu ər-arvadın mülkiyyətinin qanuni və ya müqavilə rejimi ilə bağlıdır.

11. Buna görə də həmin müqavilələrin etibarsızlığı ilə bağlı mübahisələr də ailə münasibətlərindən irəli gələn mübahisələr sayılır.

12. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci və Mülki Prosessual Məcəllənin 4.6-cı maddələri ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflərin məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirakını tələb edir.

13. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

14. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver