Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-449/2026 10.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X15 cavabdeh Cavabdeh MMC-yə qarşı (X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “işdən qanunsuz çıxarılma halının tanınması, işdən çıxarılma müavinətinin verilməsi, əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya və işləmədiyi müddət üçün orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “işdən qanunsuz çıxarılma halının tanınması, işdən çıxarılma müavinətinin verilməsi, əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya və işləmədiyi müddət üçün orta aylıq əmək haqqının ödənilməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçı X15, onun nümayəndəsi və vəkili X4, Cavabdeh nümayəndəsi və vəkili X9 iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin faktiki halları:
1. Iddiaçı X15 cavabdeh Cavabdeh MMC-yə qarşı “işdən qanunsuz çıxarılma halının tanınması, işdən çıxarılma müavinətinin verilməsi, əmək haqqı, istifadə edilməmiş əməmk məzuniyyətinəə görə kompensasiya və işləmədiyi müddət üçün orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən qanunsuz çıxarılma halının tanınması, qanunsuz işdən çıxarıldığı üçün Əmək Məcəlləsinin 77 və 78-ci maddələrinə uyğun olaraq 2 aylıq orta əmək haqqı miqdarında işdən çıxarılma müavinətinin cavabdehdən tutulması, 2014- 2025-ci illər ərzində istifadə olunmamış əmək məzuniyyətlərinə görə kompensasiya məbləğinin hesablanaraq cavabdehdən tutulması, 2025-ci ilin iyun ayında faktiki işlədiyi günlərə görə əmək haqqının ödənilməsi, əmək haqqının nağd ödənilmiş hissəsinin və vergidən yayındırılmış ödənişlərin qanuni şəkildə bərpa olunması və bu səbəbdən pozulmuş sosial sığorta hüquqlarının tanınması və düzəldilməsi üçün aidiyyəti qurumlara bildiriş verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddiaçı sonradan iddia tələbinə əlavə barədə ərizə ilə müraciət edərək, cavabdehdən işdən azad olunduğu tarixdən məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarixədək olan dövrdə - faktiki işləmədiyi müddət üçün orta aylıq əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2014-cü ilden xxxx, (X2 oglu), (X1) və Cavabdeh MMC-də (bunlar eyni şirkətdir) 2025-ci ilə qədər Mağaza Meneceri vəzifəsində calışmışdır. Bu müddət ərzində işəgötürən tərəfindən əmək hüquqları kobud şəkildə pozulmuşdur. Aşağıda göstərilən əsaslarla məhkəməyə müraciət edir: 1. Işdən qanunsuz azad edilmə: ##.##.2025-ci il tarixində istirahət günü olmasına baxmayaraq, Etibar Rzayev müəssisəyə gələrək onun əvəzinə başqa bir şəxsi işə təqdim etmiş və iddiaçının işdən çıxarıldığını bildirmişdir. Bu barədə ona rəsmi qaydada yazılı bildiriş verilməmişdir. Faktiki olaraq 2 aydır ki, işsizdir, lakin rəsmi olaraq işdən çıxarılmamışdır. O səbəbdən də onu basqa yerdə işə götürmürlər. Əmək Məcəlləsinin 68-ci və 79-cu maddələrinə əsasən, hamilə və azyaşlı uşağı olan qadınların işdən çıxarılması qanunsuzdur. Onun 2 yaşlı körpə övladı var. 2. Məzuniyyətə görə ödənişin verilməməsi: işlədiyi 11 il ərzində ona əmək məzuniyyətinə görə heç bir ödəniş verilməmişdir. Halbuki, hər il 10 gün məzuniyyətə çıxmış və 2023-2024-cü illərdə analıq məzuniyyətində olmuşdur. Əmək Məcəlləsinin 114 və 125-ci maddələrinə əsasən bu, qanun pozuntusudur. 3. Əmək haqqının tam və qanuni ödənilməməsi: Əmək haqqının bir hissəsi kartla, digər hissəsi isə nağd şəkildə verilmişdir. Bu, vergidən yayınma məqsədi daşıyır və onun sosial sığorta təminatını da pozmuşdur.
4. Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi (hakim Solmaz Ədilova) ilə iddia ərizəsi qismən təmin edilmiş, iddiaçı X15 cavabdeh Cavabdeh MMC tərəfindən işə buraxılmamasının qanunsuz hesab edilməsi, cavabdeh Cavabdeh MMC tərəfindən 2025-ci ilin iyun ayında iddiaçı X15 faktiki işlədiyi 22 gün müddəti üçün iddiaçı X15 əmək haqqı ödənilməsi, cavabdeh Cavabdeh MMC tərəfindən iddiaçı X15 ##.##.2025-ci il tarixindən hazırkı qətnamə qanuni qüvvəsini alanadək məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi, cavabdeh Cavabdeh MMC-dən 2023-2025-ci illər üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi tutulması və iddiaçı X15 ödənilməsi, cavabdehdən 100 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
5. Iddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
6. Cavabdeh apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsi iş materiallarını tam qiymətləndirməmiş və nəticədə əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə iddiaçının məhkəməyə vermiş olduğu izahatı əsas götürmüş, iş üzrə maraqlı qurumun əslində heç bir pozuntu tapmamasını, iddiaçının məhkəməyə müraciətində əslində həqiqətə uyğun olmayan məlumatlar göstərməklə müraciət etməsini, işdən çıxarılmasını bildirsə də, sonradan guya işə buraxılmamasını bildirməsi, amma bununla bağlı heç bir quruma müraciət etməməsini və s. bu kimi halları nəzərə almamışdır. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş rəsmi sənədləri, eyni zamanda ƏMAS sistemi vasitəsilə işçiyə xəbərdarlıq edilməsini nəzərə almamışdır. Işçinin işə buraxılamamasına dair iddiaçı tərəfindən heç bir sənəd məhkəməyə təqdim edilməmiş, heç bir şahid məhkəmədə ifadə verməmişdir. Işçinin işə gəlməməsi halı isə məhkəmə iclasında müəyyən edilmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, işçi iş yerini özbaşına tərk etmiş, və bundan sonraiş yerinə gəlməmişdir. Uzun müddət keçdikdən sonra işçi məhkəməyə müraciət edərək pul tələbi irəli sürmüşdür. Halbuki işçinin kobud surətdə əmək qanunvericiliyi pozması halı yenə də məhkəmədə müəyyən edilmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddiaçı apellyasiya şikayətinə yazılı şəkildə etiraz edərək qeyd etmişdir ki, apellyasiya şikayətində iddia olunur ki, məhkəmə sübutları nəzərə almayıb. Əksinə, rayon məhkəməsi iş materiallarını (əmək müqaviləsi, doğum şəhadətnamələri, X8 cavabları) tam və obyektiv təhlil edib. Cavabdeh tərəfindən iddia olunan ƏMAS xəbərdarlıqları və ya işə gəlməməm barədə sübutlar təqdim olunmayıb – bu, sübut yükünün cavabdehdə olduğunu göstərir (MPM 57-ci maddə). Əmək müqaviləsinə xitam verilməyib, heç bir rəsmi əmr və ya bildiriş yoxdur. Bu, qanunsuzdur və məcburi iş buraxmaya səbəb olub. Birinci instansiya məhkəməsi iş materiallarını düzgün qiymətləndirib. Odur ki, apellyasiya .şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatı:
8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili E.Həmidov apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, bildirdi ki, iddiaçı işdən çıxarılmamışdır, ona başqa vəzifədə (satıcı kimi) işləməsi təklif edilmiş və o isə qəbul etməmişdir. Heç kəs onun işləməsinə mane olmamışdır, sadəcə olaraq iddiaçı özü seçim edərək işə gəlmir, işçilərə işlədiyi saatlara görə əmək haqqı verilir və iddiaçı həmin müddət ərzində işləmədiyi üçün ona əmək haqqı verilməmişdir və verilməli də deyil.
9. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, ##.##.2025-ci il tarixində qeyri-iş günü ona işdən zəng edib Etibar Rzayevin onu işdən çıxardığını və yerinə Vüsalə adlı başqa bir işçini götürdüyünü bildirdilər. O, insan resursları üzrə mütəxəssislə danışdı və onun işdən çıxarılmadığını bildirdilər. Daha sonra işə getdikdə onun yerində başqa işçinin olduğunu gördü və onu işə buraxmamışlar. Belə vəziyyətdə o polisə şikayət etmiş, həm də Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişdir, cavab olaraq ona bildirmişlər ki, bu məsələ məhkəmə qaydasında həll edilməlidir. Ona həmin müəssisədə başqa vəzifədə çalışmaq da təklif edilməyib, ona qarşı çox ciddi haqsızlıq olmuşdur, o uzun müddətdir ki, cavabdeh MMC-də qüsursuz fəaliyyət göstərib, indi isə onu işə buraxmırlar, əməkhaqqını da vermirlər, himayəsində iki körpə uşağı var, maddi vəziyyəti olduqca çətindir.
10. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclası barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
12. Belə olan halda Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
13. Mülki iş materiallarında olan ##.##.2025-ci il tarixli MŞB/*/****-***** nömrəli ilkin mediasiya sessiyasında (IMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı X15 IMSdə iştirak etmiş və 50 manat mediasiya rüsumunu 10 manat kargüzarlıq xərcini ödəmişdir, cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi isə iştirak etməmişdir.
14. Işəgötürən Cavabdeh MMC ilə işçi X15 arasında ##.##.2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X15 MMC-də satış üzrə menecer vəzifəsinə işə qəbul edilmişdir. Müqaviləyə əsasən əsas məzuniyyətin müddəti 30 təqvim günü, əmək stajına görə 4 təqvim günü, əmək məzuniyyətinin ümumi müddəti 34 təqvim günüdür.
15. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ##.##.2022-ci ildə Bakı şəhərində anadan olmuşdur. X12r.
16. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ##.##.2023-cü ildə Şabran şəhərində anadan olmuşdur. X12r.
17. AR ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*/*- S-*****/**** nömrəli X15 müraciətinə dair cavab məktubuna əsasən, əmək hüquqlarının pozulması ilə əlaqədar "xxxx" MMCnin ünvanına (ünvan 1 53) tərəfindən ##.##.2025-ci il tarixli *-**-*/*-*****/**** nömrəli məktub göndərilmiş və ona aid olan sənədlərin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin məktublar poçt xidmətinə məxsus "F-20" formalı qəbz ilə geri qaytarılmışdır. Eyni zamanda tərəflərindən Nazirliyin avtomatlaşdırılmış sosial informasiya sistemindən müraciəti ilə əlaqədar işəgötürənin şəxsi kabinetinə də müraciət olunmuşdur. Tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən onunla "xxxx" MMC-nin işəgötürəni arasında bağlanılmış ##.##.2023-cü il tarixli əmək müqaviləsinin qüvvədə olduğu məlum olmuşdur. Məlum edirlər ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il ## ####### tarixli ****-IVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar ##.##.2026-cı il tarixinədək dayandırıldığından müraciətlərdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. "xxxx" MMC tərəfindən aidiyyəti sənədlər təqdim olunmadığından müraciətində qeyd etdiyi istifadə edilməmiş əmək məzuniyətinə görə kompensasiyanın qanunvericiliyə uyğun olaraq hesablanıb ödənilməsi məsələsinə tərəflərindən münasibət bildirmək mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki əmək hüquqlarınının pozulması ilə əlaqədar "xxxx" MMC, fiziki şəxs X2 və fiziki şəxs X1 ona aid olan sənədlərin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi ilə bağlı tərəflərindən müvafiq sorğu məktubları ünvanlanmışdır. Bildirilir ki, "xxxx" MMC, "xxxx" MMC, fiziki şəxs X2 və fiziki şəxs X1 tərəfindən tələb olunan aidiyyəti sənədlər təqdim olunacağı təqdirdə müraciətə yenidən baxılaraq nəticəsi barədə ona əlavə məlumat veriləcəkdir. Həmçinin bildirilir ki, ona aid olan sənədlərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinin tələblərinə müvafiq olaraq Xidmətə təqdim edilməsi və müraciətə aydınlıq gətirilməsi məqsədilə "xxxx" MMC, "xxxx" MMC, fiziki şəxs X2 və fiziki şəxs X1 məktubla müraciət olunmuş və müvafiq sənədlərin təqdim edilmədiyi təqdirdə Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə müvafiq olaraq məsuliyyətə cəlb ediləcəyi ilə bağlı məlumatlandırılmışdır. Müraciətdə qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır.
18. ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli Cavabdeh MMC-nin direktoru Pərviz Hüseynova MMC-nin satış müdiri Elçin Vəlixanov tərəfindən ünvanlanan təqdimatların surətlərindən görünür ki, bildirilmişdir ki, MMC-nin satış üzrə meneceri X15 ##.##.2025-ci il tarixindən iş yerinə gəlməmişdir.
19. Cavabdeh MMC-nin *** nömrəli ##.##.2025-ci il tarixli, *** nömrəli ##.##.2025-ci il tarixli, *** nömrəli ##.##.2025-ci il tarixli, *** nömrəli ##.##.2025-ci il tarixli, *** nömrəli ##.##.2025-ci il tarixli, *** nömrəli ##.##.2025-ci il tarixli, *** nömrəli ##.##.2025-ci il tarixli, *** nömrəli ##.##.2025-ci il tarixli, *** nömrəli ##.##.2025-ci il tarixli aktların surətlərindən görünür ki, X15 ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixədək iş yerinə gəlməmişdir, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir.
20. 2025-ci ilin iyun-avqust ayları üzrə iş vaxtının uçotu tabelindən müəyyən olur ki, X15 həmin aylar üzrə iş günlərində işdə olmamışdır.
21. Bakı şəhər Nizami rayon Polis Idarəsi 23-cü Polis bölməsinin ##.##.2025-ci il tarixli, S- **** nömrəli iddiaçının ərizəsinə cavab məktubundan müəyyən olur ki, iddiaçının ##.##.2025ci il tarixli *-**-**-*/*-S-****/**/**** nömrəli ərizəsində göstərilən xüsusatlar araşdırılmış, ərizə üzrə toplanmış materiallar 23-cü PB-nin dəftərxanasında qeydiyyata alınmışdır.
22. X15 X8 Xidmətinə ünvanladığı ##.##.2025-ci il tarixli ərizənin surətindən müəyyən olur ki, iddiaçı ##.##.2025-ci il tarixdə - istirahət günündə heç bir əsas olmadan işdən azad edildiyini və onun yerinə başqa şəxsin mağaza meneceri kimi işə qəbul edildiyini öyrənmişdir. Işdən çıxmaq barədə onun heç bir ərizəsi yoxdur. ##.##.2014-cü il tarixdən bu günədək məzuniyyətdə cəmi 10 gün olmuşdur (2023 və 2024-cü illərdə 2 ay analıq məzuniyyətində olub). Ona bu illər ərzində məzuniyyət pulu və istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiya veriulməmişdir.
23. Mülki iş materiallarında olan ##.##.2025-ci il tarixli izahatdan müəyyən olur ki, X15 Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər Idarəsinə izahat yazmışdır.
24. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyası:
25. Maddə 12. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.
26. Maddə 35. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin II və VI hissələri).
27. Maddə 71. İ və II hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsi:
28. Maddə 10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur.
29. Maddə 59. Işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.
30. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
31. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
32. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda
33. Maddə 72. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
34. Maddə 76.1. Işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
35. Maddə 79. 1. Işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
36. Maddə 83.1 Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
37. Maddə 110.1. Işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.
38. Maddə 288. Bu Məcəllə ilə əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi və s. məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır.
39. Maddə 292.2. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər.
40. Maddə 294.1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
41. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
42. Maddə 296.3 Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
43. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019 cu il 18 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
48. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
49. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
50. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
51. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
52. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
53. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
54. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
55. 384.0.3. qətnaməni dəyişdirə bilər;
56. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
57. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
58. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
60. Hazırkı halda, Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
61. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən dəyişdirilməli – “qət etdi” hissəsinin 3-cü abzasından “hazırkı qətnamə qanuni qüvvəsini alanadək” göstərişi xaric edilməli, qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
62. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh MMC arasında ##.##.2023-cü il tarixində əmək müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdeh MMC-də satış meneceri vəzifəsinə işə qəbul edilmiş, müqavilə ilə işçinin aylıq əmək haqqı 841,14 manat, ümumi məzuniyyətinin müddəti 34 gün müəyyən edilmişdir.
63. Hazırda iddiaçı bildirir ki, ##.##.2025-ci il tarixdən cavabdeh onu işə çıxmağa qoymamış, habelə onunla bağlanmış əmək müqaviləsinə də xitam verməmişdir. Həmçinin də 2025-ci ilin ## #### tarixinədək faktiki işlədiyi müddət üçün də ona əməkhaqqı ödənilməmişdir.
64. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı ümumiyyətlə ##.##.2025-ci il tarixdən heç bir məlumat vermədən işə gəlməmişdir, iddiaçının himayəsində üç yaşınadək uşağı olduğuna görə də onunla bağlanmış əmək müqaviləsinə xitam verməmişlər.
65. Məhkəmə bununla bağlı qeyd edir ki, əmək qanunvericiliyinə əsasən işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilməklə, işçinin əmək müqaviləsinə xitam verilməsi üçün yetərli əsas olduğu halda, cavabdehin bunu etməməsi iddiaçının bu hərəkəti etmədiyini, bunun sadəcə olaraq işəgötürənin iddiaçıya qarşı qərəzli mövqedə olması ilə bağlı olduğunu göstərir.
66. Cavabdeh tərəf iddiaçının himayəsində azyaşlı (iddiaçının uşaqlarından biri 3 yaşına çatmamışdır) uşağının olması səbəbindən əmək müqaviləsini ləğv edə bilmədiyini bildirmişdir.
67. Məhkəmə bununla bağlı rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, işçinin iş yerində ##.##.2025-ci il tarixdən üzrlü səbəb olmadan işə çıxmaması, o cümlədən əmək funksiyalarını lazımi qaydada icra etməməsi nəticəsində onun təqsirliliyi müəyyən edildiyi halda işəgötürənin onunla əmək müqaviləsinin davam etdirilməsinə məcbur edilməsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsinə dair təməl prinsipin pozulmasına səbəb olur.
68. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.
69. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
70. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl hüquqa uyğun rəftar etmək öhdəliyi qoyur.
71. Konstitusiya Məhkəməsinin istinad olunan mövqeyinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, bir normanın tətbiqi digər normanın tətbiqini ümumiyyətlə mümkünsüz və əhəmiyyətsiz edə bilməz. Yəni Əmək Məcəlləsinin 79-cu maddəsi işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi ilə nəticələnən hərəkətlərə yol verilməsi zamanı 70-ci maddənin ç bəndinin tətbiqi məhdudlaşdırıla bilməz.
72. Məhkəmə qeyd edir ki, əgər iddiaçı tərəfindən həqiqətən kobud pozuntulara yol verilmiş olsaydı və o, üzrsüz səbəbdən işə çıxmasaydi, işəgötürən onun barəsində müvafiq tədbir görə bilərdi. Lakin cavabdeh iddiaçı barəsində yalnız təqdimat vermək və işə gəlməməsini aktlaşdırmaqla kifayətlənmişdir. Cavabdehin heç bir tədbir görməməsi belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı məhz cavabdehin maneçiliyi nəticəsində, öz iradəsinə zidd şəkildə işə çıxmamışdır. Belə ki, cavabdeh apellyasiya şikayətinə bunun əksini təsdiq edən mötəbər sübutlar əlavə etməmiş, iddiaçı barəsində tərtib olunmuş aktların, təqdimatların nəticəsi barədə də məlumat təqdim etməmişdir.
73. Eləcə də, rayon məhkəməsinin ##.##.2025-ci il tarixli məhkəmə hazırlıq iclasının protokolundan da müəyyən olur ki, cavabdeh iddiaçıya ƏMAS sistemi vasitəsilə xəbərdarlıq etdiklərini, iddiaçını işdən çıxara bilmədiklərinə görə başqa vəzifəyə - satıcı vəzifəsinə keçirdiklərini bildirmiş, buna dair sübutları növbəti məhkəmə iclasında təqdim edəcəklərini bildirsə də, mülki iş materiallarında həmin sübutların olmadığı aşkar olur, həmçinin cavabdeh apellyasiya şikayətinə də buna dair sübutlar əlavə etməmişdir.
74. Cavabdeh apellyasiya şikayətində həm də iddiaçı tərəfindən işdən qanunsuz çıxarılması ilə bağlı səlahiyyətli quruma müraciət edilməsini mübahisələndirmişdir.
75. Məhkəmə cavabdehin bu dəlili üzrə qeyd edir ki, mülki iş materiallarında olan və iddiaçı tərəfindən təqdim edilən X8 Xidmətinə ünvanlanmış ərizə və izahatlardan, 23-cü Polis bölməsinin iddiaçının ərizəsinə cavab məktubundan da müəyyən olduğu kimi iddiaçı pozulmuş hüquqlarını bərpa etmək üçün mümkün zəruri addımları atmışdır.
76. Beləliklə də müəyyən olunur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, təmin edilə bilməz.
77. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
78. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”
79. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
80. Buna baxmayaraq, cavabdehin apellyasiya şikayətinə əsasən rayon məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilən hissəsində yoxlayan Məhkəmə hesab edir ki, rayon məhkəməsi mahiyyət etibarilə düzgün nəticəyə gələrək iddia tələblərini qismən təmin etsə də, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi ilə bağlı icra qaydasını müəyyən edən hissədə yanlış nəticəyə gəlmiş və cavabdeh tərəfindən iddiaçıya ##.##.2025-ci il tarixindən qətnamə qanuni qüvvəsini alanadək məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsini qət etmişdir. Qətnamənin nəticə hissəsində belə bir imperativ göstərişin nəzərdə tutulması iddiaçının əmək hüquqlarına cavab verməməklə yanaşı, həm də gələcəkdə qətnamənin icrası zamanı ciddi maneə yarada bilər. Çünki tərəflər arasında hazırkı vəziyyətin qətnamənin qüvvəyə minməsindən sonra da davam edəcəyi halda qətnamənin nəticə hissəsindəki həmin göstəriş aşkar şəkildə iddiaçının əmək haqqı almasını məhdudlaşdırır. Bu baxımdan qətnamənin “qət etdi” hissəsinin həmin abzasından “hazırkı qətnamə qanuni qüvvəsini alanadək” göstərişi qətnamədən xaric edilməlidir.
81. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Nəticə:
82. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olsa da, qətnamənin icra qaydasını düzgün müəyyən etmədiyindən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən dəyişdirilməli – “qət etdi” hissəsinin 3-cü abzasından “hazırkı qətnamə qanuni qüvvəsini alanadək” ifadəsi - göstərişi xaric edilməli, qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
83. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
84. MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
85. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
86. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi qismən dəyişdirilsin – qətnamənin “qət etdi” hissəsinin 3-cü abzasından “hazırkı qətnamə qanuni qüvvəsini alanadək” göstərişi xaric edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7ci maddəsinə əsasən geri qaytarılacaqdır.