Məhkəmə qərarları › İş №2(3-6)-634/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-634/2026

17.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-634/2026 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülkiyyət hüququnun müəyyən edilməsi və müqavilə şərtinin etibarsızlığı mülki iş üzrə Açar sözlər: iddia ərizəsinin geri qaytarılması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülkiyyət hüququnun müəyyən edilməsi və müqavilə şərtinin etibarsızlığı tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2026-cı il tarixli, e-2(5- 98)-231/2026 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “mülkiyyət hüququnun müəyyən edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci kilometrdə inşa edilən 1 saylı, 10 mərtəbəli binanın 77-ci blokunun 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 49,72 m2 olan, 1 otaqlı, 38a nömrəli mənzilin ½ hissəsinə İddiaçı sahiblik, istifadə, pay (mülkiyyət) hüququnun müəyyən edilməsi, cavabdehlər "xxxx" ASC və Cavabdeh1 tərəfindən bağlanmış YML- 45 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin 1.4-cü bəndinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2026-cı il tarixli, e-2(5-98)- 231/2026 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

3. Qərardadın əsaslarına görə, iddiaçı mənzilin ½ hissəsinə sahiblik, istifadə, pay (mülkiyyət) hüququnun müəyyən edilməsini və cavabdehlər arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin 1.4-cü bəndinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddia tələbindən göründüyü kimi, iddiaçı birbiri ilə əlaqəsi olmayan iki tələbi bir iddia ərizəsində birləşdirmişdir. Belə ki, “mülkiyyət hüququnun müəyyən edilməsi” barədə iddia tələbi əşya hüquqlarını ehtiva etdiyi halda, “müqavilə şərtinin etibarsızlığı” tələbi əşya hüquqlarına dair tələb deyil. Həmin tələblərin araşdırma predmeti birbirindən fərqlənir, ayrı-ayrı araşdırma predmetinə aiddir. Məhkəmə yalnız bir-biri ilə bağlı olan eyni növlü işlərə bir icraatda baxmağa haqlıdır. Bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələbin birləşdirilməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması üçün əsasdır. İddiaçı "xxxx" ASC-ni cavabdeh qismində cəlb etsə də, iddia tələbinin “mülkiyyət hüququnun müəyyən edilməsi” hissəsində həmin cavabdehdən nəyi tələb etməsini qeyd etməmiş və məhkəmə tərəfindən müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, prosessual qənaət prinsipi hüquqdan sui-istifadəyə yol açmamalı, ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsinə yönəlməlidir. Qeyd edilməlidir ki, iddia tələbinin “mülkiyyət hüququnun (½ hissədə sahiblik, istifadə, pay) müəyyən edilməsi”nə dair hissəsi ərazi aidiyyətinə görə müstəsna aidiyyət üzrə olsa da, iddia tələbinin “müqavilə şərtinin etibarsızlığı”na dair hissəsi cavabdehin qeydiyyatı üzrə baxılmalı olan mübahisədir. Yəni iddia tələbinin bir hissəsinin ərazi aidiyyəti müstəsna aidiyyət, digər hissəsi isə cavabdehin qeydiyyatı üzrə aidiyyətdir. İddiaçı iddia ərizəsində “mülkiyyət hüquqununun müəyyən edilməsi"nə dair tələbini ər arvadın ümumi əmlakının bölünməsi dəlili ilə əsaslandırmış olsa da, həmin tələbi X1 ölümündən sonra əmlakın hazırkı mülkiyyətçisi qismində cavabdehlərdən Cavabdeh1 yönəltmişdir. Mübahisə predmeti olan mənzil Abşeron rayonu ərazisində yerləşdiyinə görə “mülkiyyət hüququnun (½ hissədə sahiblik, istifadə, pay) müəyyən edilməsi” tələbinə aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmənin qənaətinə görə, şəxslərin məhkəməyə əlçatanlığının, mübahisəyə ağlabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin, ətraflı məhkəmə araşdırılması aparılmasının, mübahisənin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsi, mübahisə predmeti olan əşyanın yerində müayinəsi, sübutların olduğu yerdə tədqiqinin aparılması, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsinin asanlaşdırılması, işə obyektiv baxılmasının təmin edilməsi məqsədilə hazırkı mübahisə üzrə tələblərə ayrıayrılıqda baxılmalı, iddia tələbinin “mülkiyyət hüququnun müəyyən edilməsi”nə dair hissəsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı deyil.

4. İddiaçı qərardaddan şikayət verərək, ləğv edilməsini və işə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Şikayətin dəlillərinə görə, məhkəmə sözügedən qərardadı qəbul edərkən iddiaçının hüquqlarını, Mülki Prosessual Məcəllənin 149.3-cü maddəsini, prosessual qənaət prinsipinin tələblərini pozmuşdur. Məhkəmə qərardadını əsaslandırarkən qeyd edir: “Belə ki, “mülkiyyət hüququnun müəyyən edilməsi” barədə iddia tələbi əşya hüquqlarını ehtiva etdiyi halda, “müqavilə şərtinin etibarsızlığı” tələbi əşya hüquqlarına dair tələb deyil. Həmin tələblərin araşdırma predmeti bir-birindən fərqlənir, ayrı-ayrı araşdırma predmetinə aiddir. Məhkəmə yalnız bir-biri ilə bağlı olan eyni növlü işlərə bir icraatda baxmağa haqlıdır. Bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələbin birləşdirilməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması üçün əsasdır”. Bununla bağlı bildirilir ki, məhkəmə ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Ali Məhkəmənin Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 7.17-ci bəndini nəzərə almamışdır. Həmin bənddə qeyd edilmişdir: “7.17. Ümumi əmlaka daxil olan predmetin (məsələn, avtomobilin) ərin (arvadın) bağladığı müqavilə əsasında üçüncü şəxsin adına qeydə alındığı halda ərin (arvadın) həmin müqavilənin etibarsız sayılması və (və ya) əşyanın ümumi mülkiyyətə qaytarılmaqla, bölünməsinə dair əqdin hər iki tərəfinə (sərəncam verən ərə (arvada) və əldə edən üçüncü şəxsə) qarşı iddia qaldırmaq hüququ vardır. Həmin şəxslərə qarşı göstərilən tələblərdən hər hansı birinin irəli sürülməsi iddiaya baxılması üçün kifayət edir. Belə ki, müqavilənin etibarsız sayılması barədə iddia qaldırıldıqda, etibarsızlığın nəticəsi (Mülki Məcəllənin 337.5-ci maddəsi) kimi üçüncü şəxsin adına olan reyestr qeydinə düzəliş edilməsi (Mülki Məcəllənin 141-ci maddəsi); etibarsız əqd əsasında verilmiş əşyanın qaytarılması tələbi (Mülki Məcəllənin 157.2-ci maddəsi) üzrə isə qeydin əsasında duran müqavilənin etibarlılığının yoxlanılması məhkəmənin qanundan irəli gələn xidməti vəzifəsidir və tələbdən kənara çıxma kimi qiymətləndirilə bilməz. Sözügedən tələblərə baxılarkən əşyanın üçüncü şəxsin adına rəsmiləşməsinə əsas olmuş əqd etibarsız sayıldıqda müvafiq reyestr qeydi ləğv olunur və əşya ər-arvadın birgə əmlakı kimi bölünür.” Göründüyü kimi Plennum qərarında qeyd edilən mövqedə də əqdin etibarsızlığı və əşya hüquqlarına dair məsələnin bir icraatda baxılmasının mümkün olduğu qeyd edilmişdir. Oxşar məsələləri ehtiva edən cari iddia ərizəsində də tələblər bir birilə əlaqədar olduğu üçün iddiaçı tərəfdən eyni iddiada verilə bilər. Çünki, iddiaçının mübahisəli əşyaya mülkiyyət hüququnun müəyyən edilməsi özü-özlüyündə mübahisə predmeti olan əqdin 1.4-cü maddəsini etibarsız hesab edir. Ali Məhkəmənin Plenum qərarı vasitəsilə bu məsələni mümkün hesab edərək prosessual qənaət prinsiplərini rəhbər tutduğu halda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi süründürməçiliyə yol vermişdir. Belə ki, iki ayrı iddianın qaldırılması özlüyündə iki ayrı inzibati resursun istifadə edilməsi deməkdir ki, bununla da həm dövlət orqanı əsassız olaraq yüklənir, həm də vətəndaş əlavə xərclərə düşür. Plenumun sözügedən qərarının 7.17-ci maddəsinə uyğun olaraq hal-hazırda məhkəmələrdə əqdin etibarsız hesab edilməsi və əşyanın ümumi mülkiyyətə qaytarılması ilə bağlı saysız iddialar mövcuddur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin məntiqi ilə isə bütün bu iddialar geri qaytarılmalı idi. Cari iddia ərizəsində isə mülkiyyət hüququnun müəyyən edilməsi və əqdin hissəvi etibarsız hesab edilməsi tələbi qoyulmuşdur ki, bunlar da bir-birindən asılı olan məsələlərdir. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin 1.2-ci maddəsinə baxsaq, anlaşılır ki, həmin kredit müqaviləsinin təyinatı xx.xx.2012-ci il tarixli, KAP-İ12/151 nömrəli kredit müqaviləsinin bağlanılması üçündür. Mübahisə predmeti olan ev alınarkən mülkiyyətçi müəyyən miqdarda kredit götürmüşdür ki, həmin kredit də xx.xx.2012-ci il tarixli, KAP-İ12/151 nömrəli kredit müqaviləsi ilə rəsmiləşdirilmişdir. Buradan da aydın olur ki, tələblər arasında birbaşa əlaqə mövcuddur və bir yerdə baxıla bilər. Məhkəmə fikrini əsaslandırmaq üçün qərardadında qeyd edir: “Qeyd edilməlidir ki, iddia tələbinin “mülkiyyət hüququnun (½ hissədə sahiblik, istifadə, pay) müəyyən edilməsi”nə dair hissəsi ərazi aidiyyətinə görə müstəsna aidiyyət üzrə olsa da, iddia tələbinin “müqavilə şərtinin etibarsızlığı”na dair hissəsi cavabdehin qeydiyyatı üzrə baxılmalı olan mübahisədir. Yəni iddia tələbinin bir hissəsinin ərazi aidiyyəti müstəsna aidiyyət, digər hissəsi isə cavabdehin qeydiyyatı üzrə aidiyyətdir. İddiaçı iddia ərizəsində “mülkiyyət hüquqununun müəyyən edilməsi"nə dair tələbini ərarvadın ümumi əmlakının bölünməsi dəlili ilə əsaslandırmış olsa da, həmin tələbi X1 ölümündən sonra əmlakın hazırkı mülkiyyətçisi qismində cavabdehlərdən Cavabdeh1 yönəltmişdir. Mübahisə predmeti olan mənzil Abşeron rayonu ərazisində yerləşdiyinə görə “mülkiyyət hüququnun (½ hissədə sahiblik, istifadə, pay) müəyyən edilməsi” tələbinə aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalıdır.” İlk öncə, onu bildirir ki, “mülkiyyət hüququnun (½ hissədə sahiblik, istifadə, pay) müəyyən edilməsi”nə edilməli və işə aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi ilə bağlı qərardad qəbul edilməlidir. Həmin hissə ərazi aidiyyətinə görə müstəsna aidiyyət deyil, ümumi aidiyyət hesab edilir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Ali Məhkəmənin Plennumunun xx.xx.2024-cü il tarixli qərarının 10.14 və 10.15-ci maddələrində qeyd edilmişdir: “10.14. Mülki Prosessual Məcəllənin işlərin ərazi aidiyyətini tənzimləyən 4-cü fəslində ər arvadın ümumi əmlakının bölünməsinə dair tələblər üzrə iddiaçının seçiminə görə aidiyyət qaydası nəzərdə tutulmadığı üçün belə mübahisələrə bir qayda olaraq həmin Məcəllənin 35.1-ci maddəsinə uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalıdır (ümumi aidiyyət). 10.15. Konstitusiya Məhkəməsinin “Mülki Prosessual Məcəllənin 35.1, 35.3 və 39.1ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 iyun tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərdən də görünür ki, ər-arvadın ümumi əmlakda hər birinin payının müəyyən edilməsi onların mülkiyyət hüquqlarının tanınması hesab edilmədiyi üçün daşınmaz əşyalarla bağlı verilmiş belə tələblərə ümumi aidiyyət qaydasında baxılmalıdır.” Göründüyü kimi məhkəmə məsələləri qarışdırmış və yekunda səhv nəticəyə gəlmişdir. Məhkəmənin müstəsna aidiyyatla bağlı cümlələri və fikirləri əsassızdır və qəbuledilməzdir. Müstəsna aidiyyat daşınma əmlaka mülkiyyət hüququnun tanınmasını ehtiva edirsə, cari iddia ərizəsi pay hüququnun müəyyən edilməsi ilə bağlıdır. Mülki Prosessual Məcəllənin 36.2-ci maddəsinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Məhkəmənin belə yanaşması vəkillərin vətəndaşlara effektiv və vaxtında yardım göstərməsində də əngəllər törədir. Belə ki, belə qərardadların qəbul edilməsi vətəndaşda vəkilə və ədalət mühakiməsinə olan inamı azaldır. Belə ki, şablon cümlələrdən istifadə etməklə iddia ərizəsinin geri qaytarılması çox zaman bəzi məhkəmələrdə işə baxmaq yükündən xilas olmaq üçün əvəzolunmaz vasitə təsiri bağışlayır və məqsədəmüvafiq deyildir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 yanvar 2026-cı il tarixli, e-2(5-98)- 231/2026 nömrəli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. İşin hallarından görünür ki, iddianın predmeti Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci kilometrdə inşa edilən 1 saylı, 10 mərtəbəli binanın 77-ci blokunun 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 49,72 m2 olan, 1 otaqlı, 38a nömrəli mənzildir və tələb 2 hissədən ibarətdir: - mənzilin ½ hissəsinə iddiaçının sahiblik, istifadə, pay (mülkiyyət) hüququnun müəyyən edilməsi, - "xxxx" ASC və Cavabdeh1 tərəfindən bağlanmış YML- 45 saylı, 19 fevral 2024-cü il tarixli kredit müqaviləsinin 1.4-cü bəndinin etibarsız hesab edilməsi.

9. Tələblərin bir – biri ilə bağlı olub – olmadığını müəyyən etmək üçün 19 fevral 2024-cü il tarixli kredit müqaviləsinin 1.4-cü bəndinin məzmununa diqqət yetirilməlidir. Həmin bəndin məzmununu o təşkil edir ki, “borcalan Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km-də inşa edilən 1 saylı 10 mərtəbəli binanın 77-ci blokunun, 10-cu mərtəbədə yerləşən, ümumi sahəsi 49,72 kv.metr olan 1 otaqlı, 38a nömrəli mənzil üzərində mülkiyyət hüququ əldə etdikdən və bu hüququ dövlət qeydiyyatına alınıb müvafiq çıxarış verildikdən sonra 5 gün müddətində borcverənin xeyrinə ipoteka ilə yüklü edilməsini öhdəsinə götürmüşdür”.

10. Yəni, 1-ci tələbə əsasən iddiaçı mənzil üzərində hüquqlarının müəyyən olunmasını xahiş edirsə, 2-ci tələbdə eyni mənzilə dair hüquqların məhdudlaşdırılmasını nəzərdə tutan müqavilə şərtiniin etibarsızlığını tələb edir. Belə olduğu təqdirdə bu tələbləri bir – biri ilə əlaqədar olmayan tələb kimi qiymətləndirilməsi mümkün deyildir.

11. Məhkəmə kollegiyası həmçinin şikayətin dəlilləri ilə razılaşaraq qeyd edir ki, bu yanaşma “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1/2024 saylı, 12 mart 2024-cü il tarixli Qərarının 7.17-ci bəndinə də uyğundur. Həmin bənddə qeyd olunur ki, ümumi əmlaka daxil olan predmetin (məsələn, avtomobilin) ərin (arvadın) bağladığı müqavilə əsasında üçüncü şəxsin adına qeydə alındığı halda ərin (arvadın) həmin müqavilənin etibarsız sayılması və (və ya) əşyanın ümumi mülkiyyətə qaytarılmaqla, bölünməsinə dair əqdin hər iki tərəfinə (sərəncam verən ərə (arvada) və əldə edən üçüncü şəxsə) qarşı iddia qaldırmaq hüququ vardır. Həmin şəxslərə qarşı göstərilən tələblərdən hər hansı birinin irəli sürülməsi iddiaya baxılması üçün kifayət edir.

12. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qərardad prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün qanunsuzdur, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir. Bununla bağlı olaraq, qərardad ləğv edilməli, iş birinci instansiya məhkəməsinə göndərilməli, şikayət təmin edilməlidir.

13. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2026-cı il tarixli, e-2(5-98)- 231/2026 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2026-cı il tarixli, e-2(5-98)- 231/2026 nömrəli qərardadı ləğv edilsin, mülki iş materialları sonrakı prosessual hərəkətlərin aparılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver