Məhkəmə qərarları › İş №2(3-7)-706/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-706/2026

25.05.2026 · Digər - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-706/2026 25.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Şəhər Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət üzrə (Açar sözlər: ərazi aidiyyəti) Hakimlər X2 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “əmlakın naturada bölünməsi və mülkiyyətə verilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “əmlakın naturada bölünməsi və mülkiyyətə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Gəncə Şəhər Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “əmlakın naturada bölünməsi və mülkiyyətə verilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən iddiaçıya geri qaytarılmışdır.

3. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh cavabdeh2 Şəmkir rayonu, Keçili kəndində qeydiyyatdadır, digər cavabdeh isə Ukrayna vətəndaşı olmaqla həmin ölkədə yaşayır.

4. Həmçinin məhkəmə qeyd etmişdir ki, cavabdeh cavabdeh2 qeydiyyat ünvanı Şəmkir rayonu ərazisində yerləşdiyindən hazırkı iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Şəmkir Rayon Məhkəməsində baxılmalıdır.

5. Məhkəmə hesab etmişdir ki, naturada bölünməsi tələb olunan daşınmaz əmlaklardan birinin Gəncə şəhərində yerləşməsi, hazırki işin müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməsi üçün əsas deyil.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

6. İddiaçı İddiaçı həmin qərardaddan şikayət verərək Gəncə Şəhər Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilərək sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda ərazi və məhkəmə aidiyyatının pozulması əsassız şəkildə göstərilmişdir. Belə ki, iddia ərizəsində də göstərilmişdir ki, ərazi üzrə daşınmaz əmlakın yerləşdiyi yer üzrə mübahisə olduğu təqdirdə həmin ərazinin ümumi məhkəməsində ümumi qaydada iddia qaldırmaq olar. Qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyatın müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasınının təmin edilməsinə xidmət edir. İddiaçının tələbi müstəsna aidiyyatdı və bu səbəbdən də qərardad əsassızdır.

8. Gəncə Şəhər Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli qərarı: Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 31.1 Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 39. Müstəsna aidiyyət Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 44.2.2. İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

14. İş materialları araşdırıldıqda görünür ki, cavabdeh cavabdeh2 Şəmkir rayonu, Keçili kəndində qeydiyyatdadır, digər cavabdeh cavabdeh1 isə Ukrayna vətəndaşı olmaqla həmin ölkədə yaşayır.

15. Mülki-prosessual qanunvericiliyin imperativ tələblərindən göründüyü kimi, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Qanunla başqa hal nəzərdə tutulmadığı halda iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir.

16. İddiaçı iddia ərizəsində göstərmişdir ki, onun tələbi müstəsna aidiyyətdir, ərazi üzrə daşınmaz əmlakın yerləşdiyi yer üzrə mübahisə olduğu təqdirdə həmin ərazinin ümumi məhkəməsində ümumi qaydada iddia qaldırmaq olar.

17. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə istinad edərək bildirir ki, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırkı işdə işin mahiyyəti əmlakın naturada bölünməsi və mülkiyyət hüququnun verilməsi ilə bağlı olduğundan daşınmaz əşyanın olduğu yerə görə iddia verilməsi halı yol verilə bilməz.

18. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas deyil.

19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver