Məhkəmə qərarları › İş №2(3-7)-717/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-717/2026

01.06.2026 · Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-717/2026 01.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İslam oğlunun cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X5 oğlundan ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi, iddiaçı İddiaçı İslam oğlunun nümayəndələri X1 və Nümayəndə(həm də vəkili), cavabdeh Cavabdeh iştirakı ilə, iddiaçı İddiaçı İslam oğlunun cavabdeh Cavabdeh qarşı “evdən çıxarılma və kirayə haqqının ödənilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh cavabdeh İddiaçı İslam oğluna qarşı “evin dəyərinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ## ##### 2026-cı il tаrixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh (bundan sonra- cavabdeh) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi ev 33 ünvanında yerləşən ** nömrəli mənzilə İddiaçı İslam oğlunun(bundan sonra- iddiaçı) mülkiyyət hüququ ## ##### 2008-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin və ailə üzvlərinin ona məxsus olan ünvan 2 ünvanından əşyaları ilə birlikdə çıxarılmaları, həmçinin 3 illik kirayə haqqını təşkil edən 10.800 manat və 128 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 3 ünvanda yerləşən ** saylı mənzil ona məxsusdur. Cavabdeh Cavabdeh onun bacısı oğludur. Sözügedən mənzili 1984-cü ildə almış və həmin evə dair ##.##.1988-ci il tarixdə order verilmişdir. Cavabdeh bacısı oğlu olduğu, həmçinin maddi imkanı olmadığı üçün 1990-cı ildə mənzilinə köçüb orada yaşamasına cavabdehə icazə vermişdir. 35 ildən artıq müddətdə cavabdeh onun mənzilində yaşamış və bu müddətdə ondan kirayə pulu almamışdır. Bu yaxınlarda ehtiyacı olduğu üçün mənzili satmaq qərarına gəlmişdir. Evi boşaltmasını cavabdehə bildirdikdə, o, qəti olaraq evdən çıxmaqdan imtina etmişdir. Cavabdehə etdiyi yaxşılığın əvəzi olaraq cavabdeh hazırda mülkiyyətində olan evdən çıxmır. Cavabdeh 35 ildir ki, evində pulsuz yaşayır və evindən çıxmamaqla onu qazancdan məhrum etmişdir. Bərdə şəhərində 3 otaqlı evin kirayə haqqı ən azı 300 manat təşkil edir və hazırki mübahisənin ən azı 15-18 ay çəkə biləcəyini nəzərə alaraq cavabdeh onu hər ay kirayə haqqı kimi 300 manat ziyana salmış olur. Bu hesabla 3 il ərzində 36 ay x 300 manat=10.800 manat kirayə haqqını cavabdehdən tələb edir. Cavabdeh qarşılıqlı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi 33 ünvanında yerləşən ** saylı mənzilin indiki bazar qiymətinin müəyyən edilməsi, müəyyən edilmiş bazar qiymətinin İddiaçı İslam oğlundan alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı onun doğma dayısıdır. 1990-cı ildə dayısı İddiaçı Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi 33, mənzil ** saylı ünvanda yerləşən evini satdığı barədə məlumat almışdır. Dərhal dayısı İddiaçıla görüşüb evi almaq istədiyini ona bildirmişdir. İddiaçı evini 4000 manata satdığını ona demişdir. Həmin vaxt özündə olan 1500 manat pulu və anası Nabatova Səmayə İslam qızının köməyi ilə 2500 manat pulu, cəmi 4000 (1500+2500-4000) manat pulu çətinliklə də olsa toplayıb dayısı İddiaçı vermişlər. Dayısı İddiaçı sonradan evin ilkin sənədlərini, qeydiyyat vəsiqəsini ona vermişdir. 2008-ci ildə isə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş, dayısının adına evin mülkiyyət hüququna dair çıxarışını və texniki pasportunu almışdır. Evin mülkiyyətçisi dayısı olduğundan evi adına qeydiyyata aldırmağı ağlına gəlməmiş, bu barədə heç düşünməmişdir. 1990-cı ildən pulunu verib aldığı Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi 33, mənzil ** saylı ünvanda yerləşən evin bütün komunalları onun adınadır, kommunal xərclərini də o ödəyir. O, 1966cı il təvəllüdlüdür, ailəlidir, iki uşaq atasıdır, evdə gəlini, iki azyaşlı nəvəsi də onunla bərabər yaşayır. 1990-cı ildə 4000 manat verib dayısından aldığı evdə hal-hazırda 7 nəfər ailə üzvləri ilə bərabər yaşayır. O, pulunu verib aldığı bu evdə artıq 35 ildir ki, yaşayır. Yuxarıda qeyd edilənlər, yəni 4000 manat pulu İddiaçı İslam oğluna ev alğı-satqısına görə verməyində anası Nabatova Səmayə İslam qızı, nənəsi (ana nənəsi) X6 və dayısı Dadaşov Sahib İslam oğlu iştirak etmişlər. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) *(***)-****/**** nömrəli iş üzrə ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Z.Abdullayev) ilkin iddia tələbinin təmin edilməsi, Cavabdeh ailə üzvləri və əşyaları ilə birgə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi ev 33 ünvanında yerləşən ** saylı mənzildən çıxarılması, 3 illik kirayə haqqı qismində tələb edilən 10.800 manat məbləğində pul və ödənilmiş 128 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı İslam oğlunun xeyrinə ödənilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iş materiallarına və tərəflərin məhkəmə iclasında ifadə etmiş olduqları mövqeyə əsasən müəyyən olunur ki, həqiqətən Cavabdeh ailə üzvləri ilə birlikdə uzun illərdir mübahisə predmeti olan mənzildə yaşamaqdadırlar. Odur ki, ilkin iddia tələbi təmin edilməlidir. Qarşılıqlı iddia isə əsassız və qanuni olmadığından təmin edilməməlidir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri qarşılıqlı iddia tələbinin dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, cavabdeh qarşılıqlı iddianın təmin edilməsi üçün üzrlü səbəbdən sübutlarını təqdim edə bilməmişdir. Belə ki, evin alğı-satqısında iştirak edən anası və nənəsi öldüyündən, dayısı Dadaşov Sahib İslam oğlu məhkəməyə gəlib, cavabdehin 4000 manat pulu dayısı Vaqifə verib evi aldığını məhkəməyə deyəcəyinə söz versə də, son anda qardaşına qarşı cavabdehin xeyrinə ifadə verməkdən imtina etmişdir. Bundan əlavə, ərizəsində qeyd edilən şahidlər – X10 və X3 da qarşı tərəfin təzyiqləri ilə qaşılaşaraq məhkəmə baxışı iclaslarına gələ bilmədilər. Bundan sonra, cavabdeh verdiyi pulun indiki bazar qiyməti ilə alınıb verilməsi üçün qarşılıqlı iddia tələbinə dair məhkəməyə dəqiqləşdirmə ərizəsi vermişdir. Məhkəmə qarşılıqlı iddia ərizəsinə dəqiqləşdirməni qəbul edib növbəti məhkəmə iclasının vaxtını ##.##.2026-cı il tarixə təyin etmişdir. ##.##.2026cı il tarixdə vəkilin Gəncə Apellyasiya Məhkəməsində prosesi olduğundan vəkil ##.##.2026-cı il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxışı iclasının təxirə salınmasını tələb etmiş, cavabdeh isə ##.##.2026-cı il tarixdə məhkəmə baxışı iclasında iştirak etmək üçün Bərdə Rayon Məhkəməsinin həyətinə gəlmiş, mühafizəçini iclasın vaxtı barədə məlumatlandırmış, deyilən vaxtda məhkəmə iclas zalına daxil olan zaman cavabdehə bildirmişlər ki, o, olmadığından məhkəmə iclası vaxtından əvvəl başlamış, məhkəmə qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri X1 və vəkil Nümayəndə ilkin iddia tələbinin dəlillərinə uyğun izahat vermişlər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmənin qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadı ilə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2026-ci il tarixli qətnamə qismən, “Cavabdeh ailə üzvlərinin Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi ev 33 ünvanında yerləşən ** saylı mənzildən çıxarılması” tələbinin təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi baxılmamış saxlanılmışdır. Odur ki, Məhkəmə, qətnamənin əsaslılığını və qanuniliyini apellyasiya baxışının icraatında qalmış hissədə (ilkin iddia tələbi üzrə- Cavabdeh əşyaları ilə birlikdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi ev 33 ünvanında yerləşən ** saylı mənzildən çıxarılması, 10.800 manat məbləğində pulun tutulması və qarşılıqlı iddia tələbi üzrə) yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə qətnamənin apellyasiya baxışının icraatında qalmış hissəni (ilkin iddia tələbi üzrə- Cavabdeh əşyaları ilə birlikdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi ev 33 ünvanında yerləşən ** saylı mənzildən çıxarılması, 10.800 manat məbləğində pulun tutulması və qarşılıqlı iddia tələbi üzrə) araşdıraraq hesab edir ki, ilkin iddia tələbi cavabdehin mübahisəli mənzildən çıxarılması hissəsində əsaslı, cavabdehdən 10.800 manat məbləğində kirayə haqqının tutulması hissəsində isə əsassızdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, ünvan 3, mənzil 27 üzərində mülkiyyət hüququ iddiaçıya məxsusdur və həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatına alınmışdır. Cavabdehin həmin mənzildə yaşaması iddiaçının razılığı əsasında baş vermişdir. İddiaçının öz izahatından da göründüyü kimi, cavabdeh onun bacısı oğlu olduğundan və maddi imkanı olmadığından, 1990-cı ildən etibarən mənzildə yaşamasına icazə vermiş, bu müddət ərzində cavabdehdən hər hansı kirayə haqqı tələb edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona məxsus əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və barəsində sərəncam vermək hüququdur. Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu baxımdan, iddiaçının mülkiyyətçi kimi öz mənzilindən istifadə etmək və həmin mənzilin boşaldılmasını tələb etmək hüququ var. Cavabdehin mənzildə yaşaması ilkin olaraq iddiaçının iradəsinə əsaslansa da, iddiaçı sonradan həmin razılığı geri götürərək mənzilin boşaldılmasını tələb etmiş, cavabdeh isə bu tələbə baxmayaraq mənzili tərk etməmişdir. Buna görə də cavabdehin mənzildən çıxarılması barədə tələb əsaslıdır. Məhkəmə cavabdehdən 10.800 manat məbləğində pul vəsaitinin tutulmasına dair tələbi araşdıraraq hesab edir ki, həmin tələb əsaslı deyildir. Belə ki, iddiaçı bildirir ki, cavabdehin mübahisəli mənzili boşaltmaması nəticəsində o, mənzili kirayəyə vermək imkanından məhrum olmuş, Bərdə şəhərində analoji üç otaqlı mənzilin aylıq kirayə haqqının təxminən 300 manat təşkil etməsini və hazırkı mübahisənin 15-18 ay davam edə biləcəyini nəzərə alaraq, 3 il üçün hesablanmış 10.800 manat məbləğində zərərə məruz qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakının itirilməsi və ya zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış gəlir) başa düşülür. Məhkəmə qeyd edir ki, əldən çıxmış gəlirin ödənilməsi üçün həmin gəlirin əldə olunmasının real və ağlabatan ehtimalı, onun məbləği və cavabdehin hərəkətləri ilə yaranmış nəticə arasında səbəbli əlaqə sübuta yetirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəfindən mübahisəli mənzilin həqiqətən kirayəyə verilməsinin planlaşdırılması, həmin mənzilə dair konkret kirayəçi ilə danışıqların aparılması, müqavilə layihəsinin mövcudluğu və ya aylıq 300 manat məbləğində gəlirin əldə edilməsinin real və qaçılmaz xarakter daşıması barədə məhkəmələrə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Eyni zamanda, iddiaçı tərəfindən tələb olunan 10.800 manat məbləği mübahisənin gələcəkdə nə qədər davam edəcəyi barədə ehtimala əsaslanmaqla hesablanmışdır. Halbuki ehtimal xarakterli və gələcəkdə baş verəcəyi dəqiq müəyyən edilməyən hallara əsasən zərərin məbləği müəyyən edilə bilməz. Beləliklə, iddiaçının cavabdehin hərəkətləri nəticəsində məhz 10.800 manat məbləğində əldən çıxmış gəlir şəklində zərərə məruz qalması sübuta yetirilmədiyindən, göstərilən hissədə iddia tələbi təmin edilə bilməz. Göründüyü kimi, müzakirə olunan hissədə iddiaçının ilkin iddiası və həmin iddianı təmin edən Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə əsassızdır Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə irəli sürülmüş tələb əsassızdır və Rayon Məhkəməsi haqlı olaraq həmin tələbi təmin etməmişdir. Cavabdeh qarşılıqlı iddiasında mübahisəli mənzili 1990-cı ildə iddiaçıdan 4000 manata aldığını, həmin vaxt bu məbləği iddiaçıya ödədiyini və uzun illər mənzildə yaşadığını bildirərək, hazırda iddiaçının onu evdən çıxarmaq istəməsi ilə əlaqədar mənzilin indiki bazar dəyərinin iddiaçıdan tutularaq ona ödənilməsini tələb etmişdir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, cavabdeh tərəfindən istinad edilən alğısatqı münasibətinin mövcudluğu sübuta yetirilməmişdir. Cavabdeh 1990-cı ildə iddiaçıya 4000 manat ödədiyini bildirsə də, həmin pulun verilməsini və tərəflər arasında daşınmaz əmlakın alğı-satqısına dair razılaşmanın əldə olunmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəmələrə təqdim etməmişdir. İş materiallarında daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı əməliyyatın baş verdiyini təsdiq edən notarial qaydada təsdiqlənmiş müqavilə, ödənişi təsdiq edən sənəd və ya digər sübutlar mövcud deyildir. Belə olan halda, cavabdehin mənzili iddiaçıdan satın alması faktı sübuta yetirilmiş hesab edilə bilməz. Bundan əlavə, cavabdeh iddiaçıya 4000 manat məbləğində pul verməsini sübuta yetirə bilmədiyindən iddiaçının cavabdehin hesabına hər hansı əmlak əldə etməsi və ya əsassız şəkildə varlanması müəyyən edilmir. Beləliklə, cavabdeh tərəfindən nə 1990-cı ildə mübahisəli mənzilin alğı-satqısının baş verməsi, nə də iddiaçının onun hesabına əsassız varlanması sübuta yetirilmişdir. Bu səbəbdən, mənzilin indiki bazar dəyərinin iddiaçıdan tutularaq cavabdehin xeyrinə ödənilməsi barədə qarşılıqlı iddia tələbi əsassız hesab edilməlidir. Beləliklə apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə 10.800 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində səhvdir və işin hallarına uyğun deyil. Cavabdehin apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır. Məhkəmə MPM-nin 119.1-ci maddəsinə əsasən hesab edir ki, ilkin iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 200 manat isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin ## ##### 2026-cı il tаrixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən, “3 illik kirayə haqqı qismində tələb edilən 10.800 manat məbləğində pul və mütəxəssis xidmətinin dəyəri olan 200 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı İslam oğlunun xeyrinə ödənilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Ödənilmiş 200 manat rüsum İddiaçı İslam oğluna aid edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver