Məhkəmə qərarları › İş №2(3-7)-976/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-976/2026

23.07.2026 · Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-976/2026 23.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki Kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İlham qızına qarşı uşağın himayəsində saxlanması və aliment öhdəliyindən azad olması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh İlham qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2016-cı ildə anadan olmuş X1 onun himayəsində qalmasına və ##.##.2018-ci ildə anadan olmuş X2 üçün təyin edilmiş aliment öhdəliyindən azad olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadına əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardaddan iddiaçı İddiaçı şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadının ləğv edilməsini, əks halda şikayətə baxılması üçün mülki işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırki işlə bağlı qərardad qəbul edərkən nəzərə almamışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi icraya yönəldikdən sonra ##.##.2016-cı il təvəllüdlü X1 anasının yanına getməmiş, israrla onun yanında qalmasını bildirmişdir və bu fakt iddia ərizəsinə əlavə etdiyi icra məmuru tərəfindən tərtib edilmiş aktlarla öz təsdiqini tapmışdır. Belə olan halda onun hazırki iddia ilə müraciət etməsi qanuni və əsaslıdır, yəni hazırki iddia tələbi analoji mübahisələr üzrə davam edən münasibətlərdən irəli gəldiyi üçün uşağın kiminlə qalması məsələsinin həll edilməsi barədə məhkəmə qətnaməsinin olması yeni əsaslarla iddia qaldırılmasına mane olmur. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə Gəncə Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ##.##.2016-cı ildə anadan olmuş X1 və ##.##.2018-ci ildə anadan olmuş X2 iddiaçı yanında qalmalarının müəyyən edilməsi və ##.##.2016-cı ildə anadan olmuş X1 İddiaçı alınıb iddiaçı Cavabdeh İlham qızına verilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, ##.##.2016-cı il təvəllüdlü X1 anası Cavabdeh İlham qızının yanında qalması müəyyən edilmiş və onun atası İddiaçı alınıb anası Cavabdeh İlham qızına verilməsi qət edilmişdir. İşə baxılarkən iddiaçının hazırki iddia ərizəsində göstərdiyi dəlillərə (uşağın atasına bağlı olmasına) qiymət verilmiş və qətnamə qəbul olunduqdan sonra hər hansı dəyişiklik baş verməmişdir. Şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, icra məmuru tərəfindən qətnamənin icra edilməməsi və ya tərtib edilmiş aktlar yeni yaranmış əsas və ya dəyişiklik kimi qəbul edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, hüquqi münasibətlərin sabitliyini təmin etmək üçün məhkəmə aktlarının qüvvəsi şərtsiz olaraq nəzərə alınmalıdır. Əks halda, tərəflərin eyni iddianı dəfələrlə qaldırması hüquqi qeyri-müəyyənlik yaradacaq və məhkəmə qərarlarının nüfuzunu zəiflədəcəkdir. İddiaçının eyni hüquqi və faktiki əsaslara istinad etməklə həmin mübahisəyə dair yenidən məhkəməyə müraciət etməsi, sadəcə olaraq əvvəlki qərarla razılaşmamaq niyyəti ilə ədalət mühakiməsinə təkrar müraciət kimi qiymətləndirilməli və hüquq sisteminin sabitliyinə təhlükə yaradan addım kimi rədd edilməlidir. İş üzrə əvvəlki məhkəmə qərarlarında artıq həll edilmiş hüquqi məsələlərin hazırkı iddia ilə yenidən məhkəmə mübahisəsinə çıxarılması hüquqi müəyyənlik və “bir dəfə həll edilmiş məsələ” prinsipinə ziddir. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Məhkəmə aktının müstəsnalığı bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Bu cür yanaşma ilk növbədə hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla, qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipi onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. Eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Əks yanaşma proses iştirakçısının yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradar və bu hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Məhkəmə kollegiyası həmçinin bildirir ki, belə yanaşma hüquqi müəyyənlik və preyudisiallıq prinsiplərinə ziddir. Həmin prinsiplərə görə, məhkəmələr tərəfindən qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Əks yanaşma hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, yəni artıq həll olunmuş məsələ üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirməklə yanaşı, ədalət mühakiməsinə olan inamın azalmasına səbəb olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair ## ###### 2016-cı il tarixli qərarında vurğulamışdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2.2.-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğu üçün və iddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etmədiyindən birinci instansiya məhkəməsi iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsi qərara gəlməkdə haqlı olmuşdur. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası, hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanun düzgün tətbiq edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263- 264, 398 və 402.2-ci maddələrini rəhbər tutaraq, QƏRAR A A L D İ: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver