Məhkəmə qərarları › İş №2(3-8)-167/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-167/2026

22.04.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Ailə münasibətləri üzrə mübahisələr - Mənzildən çıxarılma - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-167/2026 22.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X11 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və s. tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 36, mənzil 54 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə ##.##.2023cü il tarixdə qeydiyyatdan keçmişdir.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, X7, cavabdeh3, X2, cavabdeh1, X3, X4, X5 və cavabdeh2 ##.##.2006-cı il tarixdən Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 36, ** saylı mənzildə qeydiyyatdadırlar.

3. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən ##.##.2023-cü il tarixində verilmiş AZ-İ № ****** saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə cavabdeh1 arasında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən ləğv edilmiş, bu barədə ##.##.2023-cü il tarixində 492 nömrə ilə qeyd edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1, cavabdeh3, X2 və cavabdeh2 9000 manat kompensasiya ödənilməklə, onların 309011000521-05101-093030 reyestr, ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il tarixli çıxarışa əsasən qanuni mülkiyyətində olan, atası X6 iddiaçıya miras qalmış ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin mənzildən şəxsi əşyaları ilə birlikdə çıxarılması, habelə ödənilmiş vəkil xidmət haqqına görə 350 manat, mediasiya xidmət haqqına görə 50 manat və dövlət rüsumunun əvəzi olaraq 60 manat pul vəsaitlərinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh cavabdeh1 ilə rəsmi olaraq ailə qurmuş və həmin nikahdan ##.##.2005-ci il təvəllüdlü cavabdeh3, ##.##.2004-cü il təvəllüdlü X2 və ##.##.2001-ci il təvəllüdlü cavabdeh2 adlı uşaqları doğulmuşdur. Sonradan ailədaxili yaranmış anlaşmazlıqlar səbəbindən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən nikah pozulmuş və bu barədə AZ-İ № ****** seriya və nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Birgə nikah dövründə cavabdehlərlə atası X6 iddiaçıya miras qalmış ünvan 1 ünvanında yerləşən mənzildə yaşamışlar. Nikah pozulduqdan sonra cavabdehlər iddiaçını atasından miras qalmış mənzilə buraxmayaraq, nəticə etibarilə 309011000521-05101-093030 reyestr, ********** qeydiyyat nömrəli, ##.##.2023cü il tarixli çıxarışa əsasən qanuni mülkiyyətindən iddiaçını məhrum etmişlər. Hazırda cavabdehlər iddiaçıya məxsus mənzildə qeydiyyatda olmaqla, həmin mənzildə yaşayırlar və iddiaçını həmin mənzilə buraxmırlar. İddiaçı məcburiyyətdən kirayə mənzildə yaşayır. Dəfələrlə cavabdehlərə 9000 manat dəyərində kompensasiya verməklə iddiaçıya məxsus mənzili boşaltmalarını xahiş etsə də, onlar iddiaçı ilə razılaşmamışlar. Buna görə də hazırkı mülki mübahisənin mediasiya yolu ilə həllinə çalışmış, lakin heç bir müsbət nəticə əldə edə bilməmişdir. Belə ki, cavabdehlər mediasiya sessiyasında iştirak etməkdən boyun qaçırdıqlarından mübahisənin sülh yolu ilə həlli baş tutmamışdır. Kompensasiyanın məbləğinə gəldikdə isə qeyd edir ki, həmin məbləğ iddia predmetini təşkil edən mənzilin yerləşdiyi yer üzrə kirayə evlər bazarında mövcud olan aylıq kirayə haqlarına uyğun hesablanmışdır. Belə ki, iddiaçının mənzilinin yerləşdiyi yer üzrə mənzil kirayə bazarında aylıq mənzil kirayə haqları 200-250 AZN təşkil edir. Cavabdehlərlə ailə münasibətləri 2009-cu il # ####### tarixinədək yarandığından hazırkı mülki mübahisəyə köhnə Mənzil Məcəlləsinin, habelə mülki qanunvericiliyin digər normalarına və məhkəmə praktikasında formalaşmış vahid məhkəmə təcrübəsinə uyğun olaraq cavabdehlərə 9000 manat məbləğində kompensasiya verilməklə onların 309011000521-05101-093030 reyestr, ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il tarixli çıxarışa əsasən qanuni mülkiyyətində olan, atası X6 iddiaçıya miras qalmış ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməli, habelə cavabdehlər həmin mənzildən çıxarılmalıdır.

6. Məhkəmə iclasında iştirak etmiş iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə öz izahatında bildirmişdir ki, 10.000 manat məbləğində kompensasiya məbləği ödəməyə razıdırlar.

7. Məhkəmə iclasında iştirak etmiş cavabdehlər cavabdeh2 və cavabdeh1 iddia tələbinə etiraz edərək, 80.000 manat kompensasiya ödənilməsini, əks halda iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdirlər.

8. Məhkəmə iclasında iştirak etmiş cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili vəkil2 və cavabdeh cavabdeh3 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdirlər.

9. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, AE**-***/** saylı mütəxəssis rəyindən görünür ki, aparılmış təhlillərə və hesablamalara əsasən ünvan 1-ün müqayisə yanaşması ilə hesablanmış aylıq kirayə dəyəri ##.##.2025-ci il tarixinə 250 manat təşkil edir.

10. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddiası rədd edilmiş, “xxxx” MMC tərəfindən aparılmış ekspertiza rəyinin haqqı olan 300 (üç yüz) manat məbləğində pulun iddiaçı İddiaçı tutularaq “xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 158.1.2, 158.4, 228.2, 228.5-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin ## #### 2016-cı il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, cavabdehlərdən cavabdeh3 xarici ölkədə yaşayır, X2 və cavabdeh2 ailə qurduğundan başqa-başqa ünvanlarda yaşamaqla mübahisəli evdə yaşamırlar. Lakin məhkəmə işin həmin hallarına düzgün hüquqi qiymət verməmişdir. Həmçinin, məhkəmə əsassız olaraq qeyd edir ki, keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təklif olunan 10000 manat kompensasiya məbləğinin ağlabatan məbləğ olmadığını hesab etsə də, həmin ağlabatan məbləğlə bağlı mövqeyini qətnamədə əsaslandırmamışdır. Məhkəmə cavabdehin məhkəmə iclas zalında 80000 manat kompensasiya tələb etməsi ilə bağlı mülahizələrini əsas götürmüşdür. Nəzərə alınsa ki, mübahisə predmeti olan mənzilin hazırkı bazar dəyəri 120000-130000 manat və həmin ərazidə mənzil kirayə bazarında mənzilin aylıq kirayə haqqı 300 manat təşkil edir, belə olan halda ağlabatan kompensasiya məbləğinin nə qədər olmalıdır sualına cavaba məhkəmə qətnaməsində rast gəlinmir və qətnamədə işin həmin halları ilə bağlı məhkəmənin mövqeyi qanuni əsaslarla əsaslandırılmamışdır. Bir tərəfdən məhkəmə iddiaçı tərəfin müstəsna mülkiyyət hüququnu tanısa da, digər tərəfdən qəbul etdiyi qətnamə ilə iddiaçının mülkiyyət hüququnu pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı cavabdehlərə ümumilikdə 15.000 (on beş min) manat kompensasiya verilməklə evdən istifadə hüquqlarına xitam verilməsinə razı olduğunu bildirmişdir.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

18. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. (...)

21. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...) 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...)

22. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ (...) 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” ##.##.2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci il ########ın #-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

26. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

27. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

29. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

31. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

32. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. İddia tələbinin mahiyyətindən aydın olur ki, iddiaçının tələbi kompensasiya institutundan istifadə etməklə öz hüquqlarının bərpa edilməsindən, yəni cavabdehlərə müvafiq kompensasiya ödəməklə onların istifadə hüquqlarına xitam verilməsindən və evin boşaldılaraq onlara təhvil verilməsindən ibarətdir.

35. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, cavabdeh3, X2, cavabdeh1 və cavabdeh2 ##.##.2006-cı il tarixdən Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 36, ** saylı mənzildə qeydiyyatdadırlar.

36. İşin mübahisə olunmayan halları ondan ibarətdir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 36, ** saylı mənzil iddiaçı İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlər onun keçmiş arvadı və övladlarıdır və onların sözügedən mənzilin yaşayış sahəsindən istifadə hüquqları vardır.

37. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən 2000-ci il ########ın #-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

38. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

39. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin ## #### 2016-cı il tarixli qərarına əsasən Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.

41. Apellyasiya icraatı zamanı məhkəmə iclasında iddiaçı tərəf cavabdehlərin mübahisəli mənzilə olan istifadə hüquqlarına 15000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsini xahiş etmişdir.

42. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdehlərdən cavabdeh3, X2 və cavabdeh2 mübahisəli mənzildə yaşamamalarını göstərsə də, bununla bağlı sübut təqdim edilməmişdir. Əksinə, cavabdehlərin mübahisəli mənzilə olan istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsini iddiaçı özü tələb edir və cavabdehlərə bunun üçün cəmi 15000 manat kompensasiya təklif edir.

43. Göründüyü kimi iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləği hər bir cavabdehə münasibətdə 3750 manat (15.000:4) təşkil edir. İddiaçı tərəfin göstərdiyi dəlilə əsasən mənzilin dəyəri 120.000-130.000 manat və həmin ərazidə mənzil kirayə bazarında mənzilin aylıq kirayə haqqı 300 manatdır. Əgər həmin qiymət əsas götürülərsə cavabdehlərin hər birinə münasibətdə 1,6 və ya 2 il ərzində başqa yerdə mübahisəli mənzilə xas olmuş şəraitdə yaşamaları üçün bu məbləğ 5000-7000 manat təşkil edir. Bu məbləğ isə iddiaçının son olaraq cavabdehlərin hər birinə təklif etdiyi 3750 manat məbləğdən çoxdur.

44. Kollegiya qeyd edir ki, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin.

45. Beləliklə kollegiya hesab edir ki, iddiaçı tərəfindən təklif olunan məbləğ cavabdehlərə ağlabatan müddət ərzində başqa yerdə mübahisəli mənzilə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının təmin olunmasına kifayət etmir.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.

47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver