Məhkəmə qərarları › İş №2(3-8)-197/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-197/2026

27.04.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Qanunsuz tikilinin sökülməsi - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-197/2026 27.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Vəkil, cavabdehlər cavabdeh1 və cavabdeh2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı "torpaq sahəsindən çıxarma və tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-*/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları

1. Azərbaycan Respublikası Sumqayıt şəhər Bələdiyyəsinin ** saylı, ##.##.2008-ci il tarixli “vətəndaş İddiaçı mülkiyyətinə fərdi ev tikintisi üçün həyətyanı torpaq sahəsinin verilməsi haqqında” qərarın surətindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sumqayıt şəhər şöbəsinin, şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəylərini nəzərə alaraq, vətəndaş İddiaçı mülkiyyətinə Bakı - Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında, mövqe sxemi əsasında fərdi ev tikintisi üçün 11-ci küçədə sahəsi 1200 kv.metr olan ** saylı həyətyanı torpaq sahəsinin verilməsi, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən torpağın alqı - satqısına dair akt tərtib edilməsi, dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsində qeydiyyata alınması, Bələdiyyənin İcra aparatının memarlıq və tikinti şöbəsinə mülkiyyətə verilmiş torpaq sahəsinə dair müvafiq sənədlərin hazırlanmasının tapşırılması, vətəndaş İddiaçı verilmiş həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün ərizə ilə Azərbaycan Respublikasının xxxx Xidmətinin Sumqayıt şəhər Ərazi idarəsinə müraciət edilməsi, qərarın icrasına nəzarətin bələdiyyənin İcra aparatının memarlıq və tikinti, bələdiyyə mülkiyyətinin idarəetmə şöbələrinə tapşrılması qərara alınmışdır.

2. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2019-cu il tarixli, 2(060)- ****/**** saylı qiyabi qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında mövqe sxemi əsasında 11-ci küçədə sahəsi 1200 kvadrat metr olan ** nömrəli həyətyanı torpaq sahəsinin fərdi ev tikintisi üçün İddiaçı mülkiyyətinə verilməsi barədə Sumqayıt şəhər Bələdiyyəsinin ## ##### 2008-ci il tarixli, ** nömrəli qərarının etibarlı hesab edilməsi və həmin torpaq sahəsinə dair İddiaçı ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında alqı-satqı aktının (müqaviləsi) ## ##### 2008-ci tarixdən bağlanmış hesab edilməsi qət edilmişdir.

3. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, torpaq sahəsinə texniki baxış zamanı iddiaçının torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri mövcud olmadığından torpaq sahəsinin hansı hissəsinin zəbt olunduğunun müəyyən olunması mümkün olmamışdır.

4. İş materiallarında olan Sumqayıt Bələdiyyəsinin məhkəməyə ünvanladığı ##.##.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Sumqayıt Bələdiyyəsinin ## ##### 2008-ci il tarixli, ** saylı iclasının qərarı ilə İddiaçı fərdi ev tikintisi üçün Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında, 11-ci küçədə sahəsi 1200 kvadrat metr olan ** saylı həyatyanı torpaq sahəsi ayrılmışdır. Həmn torpaq sahəsinin alqı-satqısına dair tərəflər arasında müqavilə bağlanmasa da, İddiaçı tərəfindən 600 manat pul vəsaiti torpağın alqı-satqı haqqı olaraq ## ###### 2008-ci il tarixdə Sumqayıt Bələdiyyəsinin hesablaşma hesabına ödənilmişdir. Sumqayıt Bələdiyyəsinin bir sıra qərarları, o cümlədən 2008-ci ildə qəbul edilmiş qərarları və həmin qərarların qəbul edilməsinə əsas olmuş sənədlərin bələdiyyədə saxlanılan nüsxələri saxlama vaxtı keçmiş arxiv sənədləri ilə birlikdə Dövlət Arxivinin Sumqayıt şəhər filialına təhvil verilmişdir. Bu səbəbdən Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında, 11-ci küçədə sahəsi 1200 kvadrat metr olan ** saylı həyətyanı torpaq sahəsinin fərdi ev tikintisi üçün İddiaçı mülkiyyətinə ayrılması barədə Sumqayıt Bələdiyyəsinin ## ##### 2008-ci il tarixli, ** saylı iclasının qərarının və torpağa dair sorğuda tələb olunan digər sənədlərin məhkəməyə təqdim edilməsi mümkün deyildir.

5. İş materiallarında olan Ceyranbatan-1 Məhəllə Komitəsi tərəfindən verilmiş ##.##.2023cü il tarixli məlumatdan görünür ki, Bakı-Quba yolunun cənubunda Ceyranbatan qəsəbəsi yaxınlığında, 11-ci küçədə sahəsi 1200 kvadrat metr İddiaçı məxsus olan ** saylı həyətyanı torpaq sahəsi haqqında sorğuya cavab olaraq bildirilmişdir ki, torpaq sahəsi barədə məlumat toplaya bilinməsə də, həyatyanı torpağın yeri təxmin edildi. Məlumatda göstərildiyi kimi 1200 kv.metr deyil, təxminən 600 kv.metr daş hasarın içərisində torpaq sahəsi heç kim tərəfindən istifadə olunmur.

6. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi ərazisindəki torpaq sahəsinin faktiki ölçüsü 0,1956 ha-dır. Torpaq sahəsinin 1 tərəfi yol, digər tərəfləri qonşudur. 4 tərəfi mişar daşı ilə hasarlanıb. Torpaq sahəsində texnik inventarlaşma işləri aparıldı. Torpaq sahələrinin qeydiyyatı aparılmamışdır. Ayrı-ayrı hasarlanma aparılmış 3 torpaq sahəsindən ibarətdir. 1630 kv.metr torpaq sahəsi Y.G.E.X-nin mühafizə zonasında yerləşir. Tikinti alt sahəsi 133,6 və 88.0 kv.metr olan 2 ədəd 1 mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir (1ci cild, i/v 240).

7. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli, *-**-**/*-**/**** saylı ekspert rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsi * saylı Sumqayıt Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-**/*-***/**** nömrəli mütəxəssis məlumatına əsasən qeyd olunur ki, təqdim olunan sənədlərdə Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən ##.##.2018-ci il tarixli, ** saylı protokolla vətəndaş İddiaçı ayrılmış 1200 kv.metr (0,12 ha) torpaq sahəsinin planında torpaq sahəsinin yerləşmə mövqeyi qeyd olunsa da, ayrılmış torpaq sahəsinin sənəd üzrə koordinatları ilə bağlı hər hansı məlumat qeyd olunmamışdır. Eyni zamanda Sumqayıt Şəhər Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2023-cü il tarixli qərardadında qeyd olunan sualların faktiki istifadədə olan torpaq sahəsinin koordinatları ilə deyil, sənəd üzrə koordinatları ilə əlaqəli olduğu aşkar edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq mütəxəssis qarşısında qoyulan sualların cavablandırılması mümkün olmamışdır. Ekspertiza xərci 50 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı "torpaq sahəsindən çıxarma və tikilinin sökülməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Bələdiyyəsinin ##.##.2008-ci il tarixli ** saylı Protokol-Qərarına əsasən iddiaçıya fərdi ev tikintisi üçün Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında, 11-ci küçədə sahəsi 1200 kv.metr olan ** saylı həyətyanı torpaq sahəsi verilmişdir. Hazırda cavabdehlər iddiaçının torpaq sahəsinin müəyyən hissəsini zəbt edərək hərəsi özü üçün ev tikmiş, hasar çəkmişlər. Onlara zəbt edilmiş torpaq sahəsini boşaltmaq və tikililəri sökmək barədə xəbərdarlıq etsə də, onlar bunu etməmişlər və bu gün də zəbt etdikləri torpaqda yaşayaraq oranı boşaltmırlar. Bu isə iddiaçının həmin torpağa olan mülkiyyət hüquqlarını (sahiblik və istifadə) pozur. Belə ki, torpağa dair mülkiyyət hüquqlarını qeydə aldırmaq üçün Reyestr Xidmətinə müraciət etdikdə bildirdilər ki, həmin torpaq sahəsi başqa şəxslər tərəfindən zəbt edildiyi üçün həmin sahədə ölçü işləri aparıla bilmir və bu səbəbdən də onlara mülkiyyət sənədi verilə bilməyəcək. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir ki, torpaq sahəsini kənar şəxslərin müdaxiləsindən azad edərək öz torpağına mülkiyyət sənədi alsın. Cavabdehlərin həmin torpaq sahəsindən istifadə etmək üçün heç bir hüquqi əsasları yoxdur. Ona görə də onların orada apardıqları tikinti işləri qanunsuz tikilidir və bu halda həmin qanunsuz tikililər onların öz hesabına sökülərək boş torpaq sahəsi iddiaçıya təhvil verilməlidir. Göstərilənlərə əsasən cavabdehlər cavabdeh1 və cavabdeh2 iddiaçıya məxsus torpaq sahəsində inşa etdikləri tikililərin öz hesablarına sökülərək, iddiaçıya məxsus torpaq sahəsindən ailə üzvləri ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

10. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-*/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı "torpaq sahəsindən çıxarma və tikilinin sökülməsi tələbi"nə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın iddiaçı İddiaçı tutulub Az.MEM, VÖEN 1700326621, X4, KOD 210005 VÖEN 1401555071 Müxbir hesab AZ41NABZ01360100000000003944 SWİFT BİK CTREAZ 22 AZ34CTRE00000000000002088501 hesabına köçürülməsi qət edilmişdir (hakim Şəbnəm Həxiyeva).

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı Sumqayıt şəhər Bələdiyyəsinin ** saylı, ##.##.2008-ci il tarixli qərarı ilə Bakı - Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında, mövqe sxemi əsasında fərdi ev tikintisi üçün 11ci küçədə sahəsi 1200 kv.metr olan ** saylı həyətyanı torpaq sahəsi ayrılmışdır. Bu qərar bələdiyyənin arxivində var, onun hər hansı formada ləğv edilməsi və ya etibarsız hesab edilməsi (olması) müəyyən edilməmişdir. Lakin həmin torpaq sahəsi üzərində nə iddiaçı, nə də cavabdehlərin hər hansı birinin mülkiyyət və ya digər əşya hüququ xxxxndə qeydə alınmamışdır. Hazırda iddiaçı İddiaçı Sumqayıt şəhər Bələdiyyəsinin ** saylı, ##.##.2008-ci il tarixli qərarı ilə ona ayrılmış 1200 kv.metr olan ** saylı həyətyanı torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini, onlar tərəfindən həmin sahədə qanunsuz olaraq tikinti inşa edildiyini iddia edir və tikintilərin onların vəsaiti hesabına sökülməsini və onların torpaq sahəsindən çıxarılmasını tələb edir. Cavabdehlər iddianı qəbul etmir, hazırda onların istifadə və sahibliyində olduğu torpaq sahəsinin iddiaçıya hər hansı aidiyyətinin olmadığını, iddiaçıya məxsus olmadığını bildirirlər. Lakin məhkəmə araşdırılması zamanı iddiaçıya məxsus olan torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etmək mümkün olmamışdır. Bu məqsədlə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə aparılmış ekspert tədqiqatı da bu halın təsdiq edilməsi baxımından bir nəticə verməmişdir. Belə ki, ekspert rəyinə əsasən Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən ##.##.2018-ci il tarixli, ** saylı protokolla vətəndaş İddiaçı ayrılmış 1200 kv.metr (0,12 ha) torpaq sahəsinin planında torpaq sahəsinin yerləşmə mövqeyi qeyd olunsa da, ayrılmış torpaq sahəsinin sənəd üzrə koordinatları ilə bağlı hər hansı məlumat qeyd olunmamışdır. Eyni zamanda, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi ərazisindəki torpaq sahəsinin faktiki ölçüsü 0,1956 ha-dır. Torpaq sahəsinin 1 tərəfi yol, digər tərəfləri qonşudur. 4 tərəfi mişar daşı ilə hasarlanıb. Torpaq sahəsində texnik inventarlaşma işləri aparıldı. Torpaq sahələrinin qeydiyyatı aparılmamışdır. Ayrı-ayrı hasarlanma aparılmış 3 torpaq sahəsindən ibarətdir. 1630 kv.metr torpaq sahəsi Y.G.E.X-nin mühafizə zonasında yerləşir. Tikinti alt sahəsi 133,6 kv.metr və 88.0 kv.metr olan 2 ədəd 1 mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mübahisələndirilən torpaq sahəsinin onun sahibliyində olduğunu sübuta yetirə bilməmişdir. Halbuki, istinad etdiyi bələdiyyə qərarı 2008-ci ilə aiddir və bu baxımdan müddət etibarı ilə torpaq sahəsi iddia qaldırılan tarixə 14 ildir ki, fasiləsiz olaraq onun istifadə və sahibliyində olmalı, 14 ilin qarşılığında bu istifadə və sahiblik öz təsdiqini tapmalı idi. Lakin bu sahənin hazırda cavabdehlərin sahibliyində olması iddiaçının həmin sahəyə nəinki hər hansı hüququnun yaranmasını, ümumiyyətlə bu sahənin iddiaçıya hər hansı aidiyyətinin olmasını istisna edir. Məhkəmə hesab etmişdir ki, iddiaçı hüquqi nəticə etibarı ilə hazırda cavabdehlərin sahibliyində olan torpaq sahəsinin məhz Sumqayıt şəhər Bələdiyyəsinin ** saylı, ##.##.2008-ci il tarixli qərarına əsasən onun istifadəsinə verilmiş 1200 kv.metr torpaq sahəsi olduğunu sübuta yetirə bilmir.

12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrinin, Mülki Məcəllənin 139.1, 152.1, 157.1, 157.2, 157.4, 180.1,180.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-*/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni qaydada əsaslandırmış və qeyd etmişdir ki, o, məhkəməyə Bələdiyyə qərarı ilə birlikdə mövqe planını da təqdim etmişdir, həmin planda onun torpaq sahəsi və nömrəsi qeyd edilib, iş üzrə mütəxəssis rəyi alınarkən mütəxəssis tərəfindən məhz həmin plan-sxemlə torpaq sahəsinin yeri müəyyən edilmiş, peyk məlumatları ilə yerin koordinatları da müəyyən edilmiş, həmin 12 sotlu torpaq sahəsində digər iki cavabdehin ev tikmələri də peyk görüntüləri və mütəxəssis rəyi ilə təsdiq edilmişdir. Belə olaa halda məhkəmənin iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin məhz iddiaçıya məxsus olmasının təsdiq və sübut edilməməsi barədə gəldiyi nəticə tam səhvdir və iş materialları ilə tam təkzib edilir.

Apellyasiya şikayətinə qarşı etiraz

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Vəkil apellyasiya şikayətinin dəlilərini müdafiə edərək təmin edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər cavabdeh1 və cavabdeh2 apellyasiya şikayətinin dəlilərinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Konstitusiyasının:

13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

20. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin:

62-ci maddəsinə əsasən elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

21. Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun:

98-ci maddəsinə əsasən hakimlər qanun pozuntularının törədilməsinə kömək göstərən səbəb və şəraitin aradan qaldırılması haqqında dövlət orqanlarına, digər təşkilatlara və vəzifəli şəxslərə təqdimatlar vermək hüququna malikdirlər.

22.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından aydın olur ki, iddiaçının iddiasının əsasını Sumqayıt şəhər Bələdiyyəsinin ## ##### 2008-ci il tarixli qərarı təşkil edir. Lakin həmin qərar torpaq sahəsinin dəqiq sərhədlərini və koordinatlarını müəyyən edən, onun konkret olaraq hansı ərazini əhatə etdiyini aydın göstərən sənəd deyil. İş materiallarında hazırki iş üzrə verilmiş müvafiq ekspertiza rəyləri ilə də iddiaçının iddia etdiyi torpaq sahəsini dəqiq koordinatlarının müəyyən edilməsi mümkün olmadığı öz təsdiqini tapır.

25. İş üzrə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi üzərində nə iddiaçının, nə də cavabdehlərin hüquqları xxxxndə qeydiyyata alınmamışdır. Eyni zamanda, iş materialları göstərir ki, torpaq sahəsinin faktiki vəziyyəti ilə iddiaçının iddia etdiyi sahə arasında uyğunsuzluqlar mövcuddur. Ərazi bir neçə hissəyə bölünmüş, müxtəlif şəxslər tərəfindən istifadə olunur və sahənin ölçüləri də təqdim olunan sənədlərlə üst-üstə düşmür.

26. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən 1630 kv.metr torpaq sahəsi X2 Xəttinin mühafizə zonasında yerləşir.

27. Bununla əlaqədar məhkəmə kollegiyasının araşdırması ilə də müəyyən olunmuşdur ki, cavabdeh cavabdeh2 tərəfindən özbaşına tikilmiş fərdi yaşayış evi birbaşa X2 xəttinin tam altında yerləşir, digər cavabdeh cavabdeh1 özbaşına tikdiyi ev isə X2 xəttinin tam altında olmasa da, həmin xətdən bir-iki metr aralı olduğundan həmin ev də X2 xəttinin mühafizə zonasına düşür.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi də işin bu halını təsdiq etmişdir. Cavabdehlər onların həyatı üçün təhlükəli olan fərdi yaşayış evlərində yaşadıqlarından həmin X2 xəttinin balans sahibi olan “xxxx” ASC-yə Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun 98-ci maddəsinə əsasən müvafiq Təqdimatla müraciət olunur.

28. Yuxarıda qeyd edildiyi kimi Torpaq Məcəlləsinin 62-ci maddəsinə əsasən elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. İddiaçı iddia ərizəsində məhz cavabdehlərin ona məxsus torpaq sahəsinin müəyyən hissəinin zəbt etməsi səbəbindən torpaq sahəsinin qeydiyyata alınmasından Reyestr Xidməti tərəfindən imtina edilməsini gööstərsə də, buna dair hər hansı sübutu təqdim edə bilməmişdir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyət etibari ilə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-*/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver