Məhkəmə qərarları › İş №2(3-8)-283/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-283/2026

07.04.2026 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-283/2026 07.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X5 cavabdeh Əmiyev Mehman Şıxkərim oğluna qarşı mülki iş üzrə (Açar sözlər: bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 oğlu və X2 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı X5 və cavabdeh Əmiyev Mehman Şıxkərim oğlunun iştirakı ilə, Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Əmiyev Mehman Şıxkərim oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Işin halları a) Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı X5 cavabdeh Əmiyev Mehman Şıxkərim oğluna, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Quba regional “Asan Xidmət” mərkəzinin notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 Xidmət Notariat Ofisi tərəfindən təsdiq edilən onunla cavabdeh Əmiyev Mehman Şıxkərim oğlu arasında bağlanmış ## ####### 2024-cü il tarixli, 4-Ə-**** reyestr nömrəli Quba rayon Ağbil kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsində yerləşən 176 kv.metr fərdi yaşayış evinə dair bağışlanma müqaviləsinin ləğv hesab edilməsi və qeyd edilən bağışlama müqaviləsi əsasında Əmiyev Mehman Şıxkərim oğlunun adına verilmiş ##.##.2024-cü il tarixli, ************ reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində ##.##.2024-cü il tarixli çıxarışa əsasən Quba rayonu Ağbil kəndi ərazisində 0,16 ha həyətyanı torpaq sahəsi və qeyd edilən torpaq sahəsində yerləşən 176 kv.metr ümumi yaşayış sahəsi olan evi var idi. O, özü ağır xəstə olduğu üçün və həyat yoldaşı rəhmətə gedəndən sonra oğlu hazırki iddia üzrə cavabdeh M.Əmiyevin təkidi ilə torpağı və evi ona bağışlamaq qərarına gəlmiş və ## ####### 2024-cü il tarixdə X3 Xidmət Notariat Ofisində qeyd edilən torpaq və evi oğlu, cavabdeh M.Əmiyevə bağışlamış və şərtləşmişdir ki, o, ölümə kimi həmin evdə yaşayacaq və bütün dəfn xərclərini o çəkəcək, bu şərtlə o, bağışlama müqaviləsinə imza etmişdir. Bağışlama müqaviləsi imzaladıqdan və M.Əmiyev öz adına mülkiyyətini təsdiq edən çıxarış aldıqdan sonra ona qarşı kobudluq, təhqir etməyə, sərxoşluq edib döyərək evdən qovmaqla hədələməyə başlamışdır. ## #### 2025-ci il tarixdə onu döyərək evdən qovmuşdur. O, polis şöbəsinə şikayət etmiş və beləliklə onun şikayəti üzrə araşdırma aparılaraq, ## ##### 2025-ci il tarixdə M.Əmiyev IXM-nın 157-ci maddəsi ilə təqsirli bilinib 15 gün inzibati həbs cəzası ilə cəzalandırıldı. Belə bir vəziyyətdə o, onunla bağladığı bağışlanma müqaviləsini ləğv etmək qərarına gəlmiş və ona görə də hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edir. ##.##.2024-cü il tarixli çıxarışdan aşkar olur ki, cavabdeh M.Əmiyev onun ona bağışladığı evə çıxarış almışdır. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

3. Cavabdeh iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. O, cavabdeh olaraq, iddiaçı X5 iddia ərizəsində göstərdiyi tələblərlə qətiyyən razı deyil və həmin iddianın əsassız olduğunu bildirir. Belə ki, X5 onun anasıdır. Atasının vəfatından sonra anası X5, atasından qalan mirası - ünvan 1ndə yerləşən ümumi sahəsi 0.26 ha torpaq sahəsini və üzərindəki 267.2 kv.m olan fərdi yaşayış evini 14.09.2024cü il tarixli, AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən, X10 70.000 (yetmiş min) manat müqabilində satmışdır. Bu əmlak üzrə o, və qızı Əmiyeva Nuray qanuni vərəsə olmuşlar. Anası ona bildirdi ki, o və qızı həmin miras payından imtina etsinlər, qarşılığında isə islahat dövründə onun adına verilmiş, lakin sonradan onun adına keçirilmiş ünvan 1ndə yerləşən 0.16 ha həyətyanı torpaq sahəsini və həmin sahədə yerləşən 176 kv.m-lik fərdi yaşayış evini ona bağışlayacaq. Anasının sözünə və verdiyi vədə inandığı üçün miras payından könüllü imtina etmişdir. Daha sonra X5 ## ####### 2024-cü il tarixdə X3 Xidmət Notariat Ofisində ünvan 1 ərazisində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 176 kv metr ümumi yaşayış sahəsi olan fərdi yaşayış evini, ## ####### 2024-cü il tarixli bağışlanma müqaviləsi ilə ona bağışlamışdır. Müqavilə bağlanarkən iddiaçı X5 tam ayıq və huşu yerində olmuş, müqavilənin şərtləri ona notarius tərəfindən izah edilmiş, o da heç bir təzyiq, aldatma və ya zor tətbiq edilmədən könüllü şəkildə imzasını atmışdır. Müqavilə əsasında ##.##.2024-cü il tarixdə ************ reyestr nömrəli çıxarışla ev onun adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bu da göstərir ki, sözügedən hüquqi əməliyyat tam qanuni qaydada həyata keçirilmiş və dövlət tərəfindən təsdiqlənmişdir. Həmin vaxt anasının iradəsi tam yerində olub və bağışlanma müqaviləsini məhz bu razılaşmaya əsasən imzalayıb. Indi isə səbəbsiz olaraq, həmin bağışlamanı ləğv etdirmək istəyir. Bu ədalətsiz və vicdana sığmayan bir addımdır. Müqavilənin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində göstərilən ciddi əsaslar — zor tətbiqi, aldatma, təhdid və ya bağışlayanın fəaliyyət qabiliyyətsizliyi kimi hallar sübuta yetirilməlidir. Iddiaçı tərəfindən bu iddianı əsaslandıran heç bir sənəd, şahid ifadəsi və ya tibbi arayış təqdim edilməmişdir. Sadəcə şəxsi narazılıq və ya sonradan fikrini dəyişmək hüquqi əsas sayılmır və bağışlanma müqaviləsinin etibarsızlığı üçün səbəb ola bilməz. Həmçinin bildirir ki, Quba rayonu, Ağbil kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi - X4, Ağbil kənd bələdiyyəsinin keçmiş sədri - X6, miras əmlakın alıcısı X10 da yuxarıda göstərilən halları təsdiqləyə bilərlər. Bu şəxslər təsdiq edə bilərlər ki, həmin torpaq sahəsi və ev islahat dövründə ilkin olaraq onun adına verilmiş, sonradan ailə razılığı əsasında anasının adına keçirilmiş, bağışlama müqaviləsi isə məhz bu razılaşma və qarşılıqlı etimad nəticəsində bağlanmışdır. Həmçinin anasının iddia ərizəsində qeyd etdiyi onu döyərək evdən qovmağı faktı da əsassızdır. O, məhkəmə prosesi zamanı da iddianı qəbul etmədiyini bildirmişdir. Iddiaçı təzyiqi qalxaraq yıxılmış və ona böhtan atmışdır. Məhkəmə əsassız olaraq ona 15 sutka həbs vermişdir. Ona görə də iddia əsassızdır və rədd edilməlidir.

4. Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Günel Kamilli) iddia təmin edilmiş, Quba Regional «Asan Xidmət» mərkəzinin notarat ofisi tərəfindən təsdiq edilmiş ## ####### 2024-cü il tarixli *Ə-**** nömrəli qeydiyyat nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinin ləğv edilməsi, ## ####### 2024-cü il tarixli, *Ə-**** nömrəli qeydiyyat nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsi əsasında Əmiyev Mehman Şixkərim oğlunun adına qeydiyyata alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ************-***** reyestr nömrəli, ##.##.2024-cü il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının bağışlamaqdan imtina etməsinə əsas məhz hədiyyə alan tərəfindən ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələrin kobudcasına pozulması olmuşdur. Belə ki, Quba Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarına əsasən cavabdeh Əmiyev Mehman Şixkərim oğlu Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətində inzibati həbs tətbiq edilmişdir. Qeyd olunan inzibati xəta haqqında iş üzrə iddiaçı zərərçəkmiş şəxs olmuşdur. Sözügedən qərarda göstərilmişdir ki, Əmiyev Mehman Şixkərim oğlunun ##.##.2025-ci il tarixdə, ünvan 1ndə yerləşən fərdi yaşayış evində anası X5 döymüşdür. Həmin hal MTE və PAB Quba rayon şöbəsinin *** nömrəli, ## #### 2025-ci il tarixli ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1955-ci il təvəllüdlü X5 məhkəmətibbi ekspertizası əsasında belə nəticəyə gəlir ki, onun bədəni üzərində aşkar olunan xəsarət belində sağda qançır küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni ##.##.2025-ci il tarixə uyğun gəlir, qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmaya aid olmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Həmin qərar Əmiyev Mehman Şixkərim oğlu tərəfindən mübahisələndirilməmiş, qanuni qüvvəyə minmişdir. Iddiaçı əmlakı ## ####### 2024-cü il tarixdə oğluna bağışlamış, ona xəsarət yetirilməsi faktı ##.##.2025-ci il tarixdə müəyyən olunmaqla, cavabdeh barəsində inzibati tənbehin tətbiq edilməsi barədə qərar ## ##### 2025-ci il tarixdə qəbul edilmişdir. Iddiaçı isə məhkəməyə ## #### 2025-ci il tarixdə müraciət etmişdir. Imtina haqqında bildirişin həddiyə alana çatmasına münasibətdə isə məhkəmə bildirir ki, ##.##.2025-ci il tarixində iddiaçının bağışlamaqdan imtina (ləğv edilməsi) barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi imtina barədə bildirişin hədiyyə alana təqdim olunması kimi qiymətləndirilməlidir. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməmişdir. Cavabdeh Əmiyev Mehman Şixkərim oğlunun bağışlama müqaviləsinin predmetini təşkil edən torpaq sahəsinin əvvəllər ona məxsus olması və tərəfindən ## ### 2013-cü il tarixdə anasına, yəni iddiaçıya bağışlanmasına münasibətdə isə məhkəmə bildirir ki, bağışlama müqaviləsinə əsasən hədiyyə verən öz əmlakını hədiyyə edənə bağışlayır. Yəni bağışlama müqaviləsinin bağlanılması zamanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətində olmuşdur.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 666.1, 670.1, 673.1.2, 673.3, 673.4, Ailə Məcəlləsinin 82-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin ## ###### 2012-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Əmiyev Mehman Şıxkərim oğlu apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, anasının sözünə və verdiyi vədinə inanmış, miras əmlakdan könüllü imtina etmişdir. Bundan sonra anası həmin torpaq sahəsini və onun üzərində olan evi ##.##.2024-cü ildə müqavilə ilə ona bağışlamışdır. Qətnamədə də qeyd olunduğu kimi həmin torpaq sahəsi və fərdi ev ilk əvvəl ona məxsus olmuş və onu ailənin böyüyü kimi anasına bağışlamışdır. ##.##.2024cü ildə bağışlama müqaviləsi bağlanarkən anası tam anlaqlı olmuş, ona qarşı heç bir təzyiq göstərilməmiş, öz iradəsini sərbəst şəkildə həyata keçirmişdir. Notarius müqavilə bağlanmamışdan əvvəl tərəflərə hüquq və vəzifələrini izah etmişdir. Sadəcə anası şəxsi narazılıq səbəbindən məhkəməyə müqavilənin ləğvi üçün müraciət etmişdir. Məhkəmədə şahid kimi dindirilmiş və hal-hazırda 0,26 ha torpaq sahəsinin mülkiyyətçisi olan X10 bildirmişdir ki, iddia edilən torpaq sahəsi və onun üzərində inşa edilmiş ev islahat dövründə ilkin olaraq Əmiyev Mehman Şıxkərim oğluna məxsus olmuş, sonradan ailə razılığı əsasında anasının adına keçirilmişdir (bağışlanmışdır). Beləliklə hesab edir ki, qətnamə qərəzli qəbul edilmiş, obyektiv qətnamə qəbul edilməmişdir. Qeyd edilən inzibati xəta haqqında iş üzrə iddiaçı zərərçəkmiş şəxs olmuşdur. Qətnamədə buna əsaslanaraq məhkəmə hesab etmişdir ki, X5 zərər vurulmuşdur. Beləliklə məhkəmə həmin fakta istinad edərək bildirir ki, cavabdeh tərəfindən iddiaçıya xəsarət yetirilməsi tərəflər arasında imzalanmış ## ####### 2024-cü il tarixli bağışlama müqaviləsinin ləğvi üçün əsasdır. Bildirir ki, məhkəmə Mülki Məcəllənin 673.1.1-ci maddəsinin tələblərinə əməl etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 9.Iddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

a).Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında cavabdeh Əmiyev Mehman Şıxkərim oğlu apellyasiya şikayətini müdafiə edərən bildirdi ki, anası arvadı ilə yola getmədiyinə görə kirayədə yaşayır. Ata yurdunda qeydiyyatda olub. Qızı ilə o vərəsə olublar. Anası ata yurdundan Ümidə torpaq satmaq istəyib. Bildirib ki, evi satırsa, ondan pul istəmir. Bağışladığı evi qaytarsın özünə, bir otağını təmir edib yaşayacaq. Alqı-satqı olduqdan sonra anası evi ona bağışlayıb. Üstündən 6-7 ay keçəndən sonra bağışlanma müaviləsinin ləğvini istəyib. Anası onu aldadaraq imza etdirib, ata yurdundan torpaq satıb. Anası şərləyib onu tutdurub. Qərardan şikayət verməmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iddiaçı X5 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, 4 ildir əri ölüb, oğlu evə gəlib pəncərələri sındırıb, atasını döyürdü. Əri bildirib ki, uşaqları onu saxlayan deyil, evi adına keçirsin. 11 il əvvəl əmlakı adına keçirib. Cavabdeh içib evə gəlir, onu, ailəsini döyür, söyür. Hazırda cavabdehlə birlikdə yaşmır. Evdən çıxıb. Onu döyduyunə görə polisləri çağırıb.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər Quba regional “Asan Xidmət” mərkəzinin notariat ofisinin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası qeyd edilən nümayəndələrin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Işdə olan sübular

13. ## ####### 2024-cü il tarixli, *Ə-**** nömrəli bağışlama müqaviləsinə əsasən X5 mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,16 ha həyətyanı torpaq sahəsi və qeyd edilən torpaq sahəsində yerləşən 176 kv metr ümumi yaşayış sahəsi olan fərdi yaşayış evini Əmiyev Mehman Şıxkərim oğluna bağışlamışdır.

14. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ************-***** reyestr nömrəli, ##.##.2024-cü il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1ndə yerləşən 0,16 ha həyətyanı torpaq sahəsi və qeyd edilən torpaq sahəsində yerləşən 176 kv.metr ümumi yaşayış sahəsi olan fərdi yaşayış evi Əmiyev Mehman Şıxkərim oğlunun adına qeydiyyata alınmışdır.

15. Quba Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarına əsasən Əmiyev Mehman Şixkərim oğlu Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətində inzibati həbs tətbiq edilmişdir.

16. AZ-II seriyalı ****** nömrəli doğum haqqında şəhadətnaməyə əsasən Əmiyev Mehman Şıxkərim oğlu ##.##.1986-cı il tarixdə doğulmuşdur. Atası Əmiyev Şıxkərim Məmmədbağır oğlu, anası X5r.

17. ## ### 2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən Əmiyev Mehman Şixkərim oğlu ünvan 1ndə yerləşən 0.16 ha torpaq sahəsini anası X7 bağışlamışdır.

18. Məhkəmə iclasında şahid qismində dindirilən X10 verdiyi ifadəsində qeyd etmişdir ki, X5 rayonu, Ağbil kəndi ünvanında yerləşən 0.26 ha torpaq sahəsi və sahəsi 267.2 kv.m olan fərdi yaşayış evini ## ######## 2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında ona satmışdır. O alqı-satqı müqavilənin qarşılığında ödənişi lazımı qaydada hissə-hissə icra etmişdir. Nənəsinin məqsədi nədən ibarətdir bilmir. Nənəsi istəyir ki, bağışlama müqaviləsini ləğv etdirdikdən sonra alqı-satqını da ləğv etdirsin. Həqiqətən də alqı-satqı müqaviləsinin bağlanılması üçün əmisi Mehman Əmiyev razılıq ərizəsi vermişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 34. V. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Maddə 38. II. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur.

20. Azərbacyan Respublikası Mülki Məcəlləsi

666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.3. Imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.

21. Azərbaycan Respublikası Ailə Məcəlləsi

1.3. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.

22. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı

1. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsində nəzərdə tutulan “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və həddə əmlak və şəxsi qeyri-əmlak münasibətlərindən irəli gələn vəzifələri ehtiva edir.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinin dispozisiyasında əks olunan “kobudcasına pozulduqda” müddəası qiymətləndirmə tələb etdiyindən, məhkəmələr tərəfindən bağışlamaqdan imtina məsələsi həll edilərkən işin hallarından asılı olaraq hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun onun üzərinə qoyulmuş vəzifələrin pozulmasının nədən ibarət olması dəqiq olaraq müəyyən edilməlidir.

3. Bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, bağışlamaqdan imtinaya əsas verən hallar hədiyyə verənə məlum olduğu gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.3-cü maddəsində müəyyən edilmiş bir illik müddətin keçməsi ilə hədiyyə verənin bağışlamaqdan imtina hüququna xitam verilir.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2.Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

24. Məhkəmə kollegiyası tərəfindən Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşaraq qeyd edir ki, iş materiallarından olan Quba Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarından görünür ki, Əmiyev Mehman Şıxkərim oğlu ##.##.2025-ci il tarixdə iddiaçı Əmiyeva Milyanə ÇIgəli qızını döyərək ona xəsarət yetirmiş, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətində inzibati həbs tətbiq edilmişdir. Mülki Məcəllənin 673.1.2-ci maddəsinin tələbinə əsasən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verənin bağışlamaqdan imtina edə bilməsi hüququnu təsbit etmişdir ki, cavabdeh iddiaçını dəyərək xəsarət yetirməsi ilə ona qarşı hüquq münasibətlərindən irəli gələn vəzifələrin pozulmuşdur.

27. Cavabdeh Əmiyev Mehman Şixkərim oğlunun bağışlama müqaviləsinin predmetini təşkil edən torpaq sahəsinin əvvəllər ona məxsus olması və tərəfindən ## ### 2013-cü il tarixdə anasına, yəni iddiaçıya bağışlanmasına münasibətdə isə məhkəmə bildirir ki, bağışlama müqaviləsinin bağlanılması zamanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətində olmaqla, əmlakın daha əvvəllər hədiyyə alana məxsus olması faktı isə bağışlamaqdan imtinaya əsas verən hüquqa hər hansı bir təsir göstərməməkdədir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd olunduğu kimi ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir.

29. Yuxarıda istinad olunan Azərbaycan Respublikasının Konstitusiyasının və Ailə Məcəlləsinin müvafiq maddələrindən də göründüyü kimi valideynlərin qayğısına qalmaq ilk növbədə övladların qanundan irəli gələn borcudur. Məhkəmə kollegiyası qeyd edir ki, valideynlərin, xüsusi ilə də ahıl yaşda olan valideynlərin daha çox övladın qayğısına və mənəvi dəstəyinə ehtiyacı olur. Lakin iş materiallarından görünür ki, cavabdeh iddiaçı olan anasını döyərək ona xəsarət yetirmişdir. Bu da qanuni qüvvəsini almış Quba Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə təsdiqini tapmışdır ki, bu da sağlam ailə münasibətlərini sarsıtmaqla, hədiyyə alan şəxsin ailə hüquq münasibətlərinə uyğun olaraq valideyni olan hədiyyə verənin barəsində qanundan irəli gələn vəzifəsini kobudcasına pozması halı kimi qiymətləndirilir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçnın bağışladığı əmlaka dair bağışalmadan imtinaya dair iddiası əsaslı olmuşdur.

30. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver