Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-5/2026 06.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: zəbt edilmiş torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və mənəvi zərərin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə və cavabdeh Cavabdeh iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 308012013570-***** reyestr nömrəsi ilə qeydə alınmış olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin arxa hissəsində və həmin fərdi yaşayış evi ilə üzbəüz dayandıqda isə fərdi yaşayış evinin sol hissəsində tikilmiş tikilinin cavabdeh Cavabdeh vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi, ona dəymiş mənəvi ziyan olaraq 10000 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 150 manat məbləğində pulun cavabdeh Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli, 193 kvadratmetr sahəsi olan fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evi üzərində onun mülkiyyəti hüququ daşınmaz əmlakın dövlət reyestrində 308012013570-***** reyestr nömrəsi ilə qeydə alınmışdır. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin hasarı cavabdeh tərəfindən sökülərək torpaq sahəsinin bir hissəsi zəbt edilmiş və qanunsuz tikinti işləri başlanılmışdır. Həmin tikinti işləri görülərkən cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə qətiyyən riayət edilməmiş, onun qonşu olaraq hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Məcəlləsinin 69.5-ci maddəsinə əsasən ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2. kənd ərazilərində və xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi. Cavabdehin həmin tikiliyə və torpaq sahəsinə dair heç bir sənədi yoxdur. Tərəflərindən həmin qanunsuz tikili ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edilmiş və Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən onlara verilmiş cavab məktubunda qeyd edilmişdir ki, həmin tikinti işlərinə dair Abşeron RİH tərəfindən heç bir icazə sənədi verilməmiş, məktubda qeyd olunan ünvana baxış keçirilmiş, aparılan tikinti işləri dayandırılmış, tikinti işlərinə dair icazəverici sənədlər əldə olunanadək inşaat işlərinin aparılmasının mümkünsüzlüyü barədə tikinti sahiblərinə xəbərdarlıq olunmuş və qanunsuzluğun təkrarlanmasına yol verilməməsi üçün ünvan nəzarətə götürülmüş, aparılan qeyri-qanuni tikinti işləri barəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinə məlumat verilmişdir. Belə tədbirlər görülməsinə baxmayaraq, cavabdeh tərəfindən qanunsuz hərəkətlər davam etdirmiş, gecə-gündüz tikinti işləri aparmış, Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, **(***)-***/**** saylı qərardadı ilə tikinti, təmir və bərpa işlərinin aparılması qadağan edilmişdir. Bundan sonra artıq cavabdeh işlərin aparılmasını icra məmurunun təsiri ilə məcburi şəkildə dayandırmışdır. Belə olan halda o, cavabdehə qarşı zəbt edilmiş torpaq sahəsinin qaytarılması, torpaq sahəsindən çıxarılma qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan başqa cavabdehin etdiyi qanunsuz hərəkətlər nəticəsində ona müxtəlif maddi və mənəvi zərər dəymişdir.
3. Cavabdeh Cavabdeh iddia ərizəsinə etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində 2 otaqdan ibarət tikdirdiyi evdə, 20 ilə yaxın müddətdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Ailə tərkibi 5 nəfərdən ibarətdir və Cəbrayıl rayonundan məcburi köçkündür. 2 övladı universitetdə təhsil alır, kiçik övladı isə azyaşlıdır. İndiyə qədər heç kəs torpaq sahəsinin başqa şəxsə aid olduğunu deməmişdir. Bu halı qonşuları da təsdiqləyə bilər. İddiaçı İddiaçı ərizəsində qonşuluğunda yerləşən ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli evinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alındığını bildirsə də bu həqiqət ola bilməz. Ona görə ki, iddiaçının qonşuluğunda yerləşən evi yanğın təhlükəsizliyi üçün tikilmiş su hövzəsinin üzərində yerləşir. İddiaçının göstərdiyi çıxarış isə həmin evə aid ola bilməz. Ona görə ki, belə bir mühüm obyektin üzərində tikilmiş evə, yəni böyük bir insan kütləsinin yanğın mühafizəsi üçün nəzərdə tutulmuş bir obyekt üzərində tikilmiş evə dövlət orqanı tərəfindən çıxarış verilə bilməz. Hesab edir ki, iddiaçı məhkəməni aldadaraq, başqa çıxarış göstərmiş, yəni belə bir ərizə vermək üçün subyektiv hüququ olmaya-olmaya ərizə vermişdir. İddiaçı İddiaçı ərizəsində evinin yerləşdiyi torpaq sahəsinin hasarının guya onun tərəfindən sökülərək torpaq sahəsinin bir hissəsi zəbt edildiyini qeyd edir. Bildirir ki, artıq əraziyə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin * saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən baxış keçirilmiş, artıq aydın olmuşdur ki, iddiaçının heç bir torpağını zəbt etməmişdir. Bundan əlavə qeyd edir ki, orada heç bir hasar olmamış, iddiaçının dediyi hasar su hövzəsinin divarlarıdır və iddiaçı divarın üzərini hörmüşdür.
4. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia rədd edilmiş, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 150 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən ## #### 2025-ci il tarixli, **/**** saylı məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərcinin iddiaçı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edlmişdir.
5. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı tərəf ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli, 193 kvadrat metr sahəsi olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin hasarının cavabdeh tərəfindən sökülərək torpaq sahəsinin bir hissəsinin zəbt edildiyini və qanunsuz tikinti işləri başlanıldığını, bununla da onun mülkiyyət hüququnun pozulduğunu, həmçinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər vurulduğunu bildirsə də bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eyni zamanda iddianın əsaslılığına dəlalət edən hallara və həmin halları təsdiq edən mötəbər sübutlara istinad olunmamışdır. Bundan əlavə iddiaçı tərəf ona 10000 manat məbləğində mənəvi zərərin ödənilməsi tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, cavabdeh Cavabdeh tərəfindən ona 10000 manat məbləğində mənəvi ziyan dəydiyini bildirsə də bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, məhkəmə iclasında iddianın mənəvi ziyan hissəsi əsaslandırılmamış, iddiaçının mənəvi sarsıntı keçirməsinə, iztirablara məruz qalmasına dəlalət edən hallara və həmin halları təsdiq edən mötəbər sübutlara istinad olunmamışdır. Həmçinin obyektiv həqiqətə nail olmaqdan ötrü məhkəmə tərəfindən ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardad ilə tikinti-texniki ekspertizası təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli, **/**** saylı ekspert rəyindən görünür ki, 308012013570-***** reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş texniki pasportda göstərilən çizgilər daxilində yerləşən torpaq sahəsinin cavabdeh Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir.
6. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2008-ci il tarixli, * saylı qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
7. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,0119 ha torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 193 kv.m olan fərdi yaşayış evi dövlət reyestr xidmətində 1620012754 qeydiyyat nömrəsi ilə ##.##.2020-ci il tarixdə mülkiyyət hüququ üzrə onun adına dövlət qeydiyyatına alınmışdır. Sökülməsini tələb etdiyi tikinti ona məxsus evə çox yaxındır. Belə ki, iddiaçı İddiaçı məxsus torpaq sahəsi ilə cavabdeh Cavabdeh məxsus torpaq sahəsi arasında 30 santimetr məsafə vardır. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə ona məxsus olsa da evin inşa edildiyi torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Ekspert rəyi ilə ona məxsus torpaq sahəsi ilə cavabdeh Cavabdeh məxsus torpaq sahəsinin koordinatlarının üst-üstə düşmədiyi müəyyən edilsə də fərdi yaşayış evinin yaxın məsafə ilə, yəni 30 santimetr ara məsafəsi ilə tikildiyinin və hər hansı fövqəladə hal zamanı əraziyə müdaxilənin məhdud olması, üstəlik yanğın baş verərsə yanğının bir-birinə bu qədər yaxın evlərə keçməsi qaçınılmazdır. Buradan da aydın olur ki, cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi Şəhərsalma və Tikinti normalarına zidd olaraq tikilmişdir. Cavabdeh tərəfindən tikinti işlərinin aparılmasının qadağan edilməsi barədə müvəqqəti təminat tədbiri haqqında qərardad qəbul edilsə də hazırda tikinti işləri gizli şəkildə həyata keçirilir. Həmçinin torpaq sahələrinin koordinatlarının üst-üstə düşmədiyinin müəyyən edilməsinə baxmayaraq orada tikinti inşa edilməsi şəhərsalma normalarına uyğun deyildir. Ekspert rəyi özözlüyündə məcburi qüvvəyə malik sübut deyildir. Məhkəmə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli, **/**** saylı ekspert rəyinə istinad etmiş, lakin bildirir ki, torpaq sahəsinin cavabdeh Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilsə də, tikilinin bir-birinə yaxın olması müəyyən edilir. Qeyd olunan hallar açıq-aşkar iddiaçının öz mülkiyyətindən sərbəst surətdə istifadə etməsini məhdudlaşdırır. Cavabdeh iddiaçıya məxsus evin bünövrəsini dağıdıb əvəzinə bünövrəyə tökdüyü “tumbalar” onun mülkiyyətinə zərər dəyməsi ilə nəticələnir. Üstəlik hasarın ona məxsus evə bu qədər yaxın tikilməsi də qanunvericiliyin tələblərini pozmaqla həyata keçirilmişdir. Cavabdehin torpaq və üzərindəki tikili üzərində heç bir mülkiyyət hüququ olmadığı halda iddianın təmin edilməməsini əsassız hesab edir. Məhkəmə bütün bu halları nəzərə almadan iddianı təmin etməyərək qanunsuz qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdeh ara məsafəsini gözləmədən evinin arxa tərəfində tikinti işləri apararaq ev ucaldıb, nəticədə həmin tikili fundamentdən evinə bitişib. Müvafiq orqanlara müraciətlərinə cavab olaraq tikintiyə icazə verilmədiyi bildirilmişdir. Ara məsafəsi 25 sm-dir. Evinin arxasında hasarını sökəkərək həyətinə girib. Müvəqqəti təminat tədbiri barədə qərardad var, mübahisə yekunlaşanadək tikinti işlərinin aparılmasına qadağa qoyulub. Evin ara məsafəsi saxlanılmadan tikilməsi onu narahat edir, evlərində yanğın baş versə, təhlükə yarana bilər. Hazırda həmin evin tikintisi başa çatdırılıb. Cavabdehin evinin heç bir sənədi yoxdur. Tikinti aparılan zaman etirazlarını bildirmişlər. Tikinti işlərinin aparılmasına qadağa qoyulsa da cavabdeh buna əhəmiyyət verməyəcək tikinti işlərinin aparılmasını davam etdirmişdir. Ərinin işi ilə əlaqədar bir müddət Bərdədə yaşadıqdan sonra geri qayıdanda cavabdehin evinin arxa tərəfdəki hasarını sökərək torpaq sahəyə girdiyini görmüşdür. Cavabdehin iki otaqlı evində əvvəllər yaşayış olub. Onlara sadəcə evin dam örtüyünün quraşdırılacağını bildirsə də, əlavə tikinti işləri aparılmış, nəticə də tikili evinə dirənmişdir, ona görə də məhkəmə qərarı ilə cavabdehə evin dam örtüyünü quraşdırdıqdan sonra tikintini aparmaq qadağa edilmişdir. Sökülməsini tələb etdiyi tikiliyə bitişik divardakı suvağı icra nümayəndəsinin göstərişi ilə cavabdeh etdirib. Suvaq işləri bir neçə gün çəkib, icazə verməsələ də işlər aparılıb. Suvaq işlərinin görülməsini heç zaman istəməmişlər. Cavabdeh evin fundamentini tökəndən sonra ondan tikinti işlərini ən azı 2 daş digər tərəfdə aparmasını istəmişlər, lakin razılıq əldə olunmamışdır. Aralarında heç vaxt razılıq əldə olunmayıb, ev tikmək istədiyini bildirəndə xeyir-dua vermişlər, lakin qarşı tərəf məsafə saxlamadan tikilini ucaldıb. Sütunları yox, evinin üstünün sökülməsini nəzərdə tutmuşlar.
11. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, həmin ərazidə iddiaçıdan əvvəl məskunlaşıb, bir müddət orada yaşamışdır. Ailə vəziyyəti ilə əlaqədar evinin üstünü tikməyə başlayıb. Evin hasarını tikdirəndə qarşı tərəf onların torpaq sahəsinə girdiyini iddia etməyə başlamışdır. Halbuki, onlar həmin əraziyə gəlməzdən qabaq orada məskunlaşmışdır. Torpaq sahəsinə çıxarışı yoxdur. İddiaçı onların torpaq sahəsini zəbt etdiyini bildirərək narazılıq etmiş, tikintini davam etdirməyi üçün 15000 manat tələb etmişdir. İmkanı olmadığından onlara pul verə bilməmişdir. Reyestr xidmətinin mütəxəssisləri gəlib əraziyə baxış keçiriblər və bildiriblər ki, zəbtetmə yoxdur. Heç kəsin torpaq sahəsini zəbt etməmişdir. Məhkəmə də onun xeyrinə qərar qəbul edib. Hazırda məhkəmə mübahisəsinə görə yaşayış şəraiti pozulub. İddiaçıya məxsus ev yanğın su hovuzunun üzərində tikilmişdir, hansı yanğın hadisəsindən söhbət gedə bilər. Tikinti işlərinin aparılmasının qadağan olunması barədə qərardad qəbul edilib, həmin qərardaddan apellyasiya şikayəti vermişdir, həmin qərardad ləğv olunaraq, tikinti işlərinin aparılmasına icazə verilmiş, ondan sonra tikinti işlərini davam etdirmişdir. İddiaçı onlara məxsus torpaq sahısini zəbt etdiyni bildirir, halbuki qarşı tərəf özü dövlətin su hovuzunu zəbt edərək ev inşa edib, həmin evin fundamenti yoxdur, fundament dedikləri dövlətin su hovuzudur, istifadələrində olan torpaq sahısinin çıxarışı yoxdur, yalnız fərdi yaşayış evinə çıxarış alınıb. İddiaçının ara məsafəsinin saxlanması ilə əlaqədar tələbi olmayıb. Suvaq işlərinin aparılması ilə bağlı razılığa gəlmişlər, əlavə şərt qoyulmayıb, suvaq işləri aparılanda qarşı tərəfin anası da orada olub, hətta ondan sementini bol etməsini istəyiblər. Evin arxasının suvaq işləri təxminən 10 gün vaxt aparıb.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron Rayon İcra Hakimiyyətinin, Dövlət və Şəhərsalma və Arxitektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
13. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,0119 ha torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 193 kv.m olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 1620012754 qeydiyyat nömrəsi ilə ##.##.2020-ci il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır.
14. Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli, **/**** saylı ekspert rəyindən görünür ki, ***************** reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş texniki pasportda göstərilən çizgilər daxilində yerləşən torpaq sahəsinin cavabdeh Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.
17. Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma Məcəlləsi
69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyi 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi;
18. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2008-ci il tarixli, * saylı qərarına göstərilir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.
19. Mülki Prosessual Məcəllə
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
20. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli, 193 kvadrat metr sahəsi olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin hasarının cavabdeh tərəfindən sökülərək torpaq sahəsinin bir hissəsinin zəbt edildiyini və tikinti işləri apardığını iddia etsə də Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025ci il tarixli, **/**** saylı ekspert rəyi ilə qeyd edilən hal istisna olunmuşdur. Buna görə də iddiaçının cavabdehin onun torpaq sahəsini zəbt etməklə tikili inşa etməsinə dair dəlilləri əsassız olmuşdur.
23. Məhkəmə kollegiyası cavabdehin Tikinti və Şəhərsalma Məcəlləsinin 69.5.2-1ci maddəsinin tələbinə əsasən ara məsafəsi gözlənilmədən tikilini inşa edilməsi və buna görə də inşa edilmiş tikilinin sökülməli olması ilə bağlı şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, məhkəmə kollegiyasının iclasında cavabdeh iddiaçının razılığı ilə onun evinin divarını suvaq etdirdiyini, tikilini inşa edərkən iddiaçı tərəfindən ara məsafəsi saxlanılması ilə bağlı ona qarşı hər hansı bir tələb irəli sürmədiyini, yalnız tikinti işləri aparakən iddiaçı onun torpaq sahəsini zəbt etdiyini iddia edərək, ondan 15000 manat tələb etdiyini və pulu ödədiyi halda tikintini davam etdirə biləcəyini bildirmişdir. İddiaçı isə evinin divarının suvaq işlərinin aparılması üçün cavabdehə hər hansı bir razılıq vermədiyini, yalnız ondan tikinti işlərini ən azı iki daş onun evindən aralı məsafədə aparılmasını istədiyini bildirmişdir ki, məhkəmə kollegiyası cavabdehin izahatını daha inandırıcı və ağılabatan hesab etmişdir. Belə ki, hər hansı bir şəxsin razılığı olmadan onun əmlakının digər şəxs tərəfindən yaxşılaşdırılması və bunun üçün xərc çəkməsi ağılabatan hesab olunmur. Bundan başqa iddiaçını evinin divarında suvaq işlərinin aparılması müəyyən müddət tələb edir ki, həmin müddət ərzində iddiaçının buna dair hərəkətsizlik etməməsi ilə bağlı da məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Həmçinin, iddiaçının müəyyən ara məsafəsi gözlənilməklə cavabdeh tərəfindən tikinti işlərini aparmasına razılıq verməsi ilə bağlı izahatı da evin divarının məhz onun razılığı ilə cavabdeh tərəfindən aparılmasını təsdiq etməkdədir. Hərçənd ki, iddiaçı cavabdehə müvafiq ara məsafəsi gözləməklə tikintisinə etiraz etmədiyini iddia etmişdir ki, iddiaçı buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası nəzərə almışdır ki, cavabdeh tikinti inşaat normalarına uyğun olaraq iddiaçının evi ilə ara məsafəsi saxlamaqla tikilini inşa etdiyi halda iddiaçının razılığının alınmasına, o cümlədən onun evinin divarını da suvatdırmasına da ehtiyac görməməli idi. Buna görə də məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçının razılığı ilə onun evini yan divarını suvatdırmaqla, tikinti işlərini aparmışdır.
24. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tikilini inşa etməmişdən əvvəl iddiaçının əvvəlki rəftarına uyğun olaraq hərəkət etsə də iddiaçı sonradan əvvəlki rəftarına uyğun olmayan davranışla cavabdeh tərəfindən inşa edilmiş tikilinin sökülməsi tələbini irəli sürməklə, hüquqdan sui-istifadə halına yol vermişdir. Hazırkı halda iddianın təmin edilməsi isə hüquqdan sui-istifadə halına rəvac verməklə, cavabdehin zərərə düşməsinə səbəb olacaqdır. İddiaçı tərəfindən isə cavabdehin zərərinin qarşılanmaqla, tikilinin sökülməsi ilə bağlı tələbi olmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddianın rədd edilməsi ilə bağlı birinci instsansiya məhkəməsinin gəldiyi nəticə mahiyyət etibarı ilə əsaslı olmuşdur.
25. İddiaçının cavabdehin hərəkətləri nəticəsində mənəvi zərərə məruz qalmasına dair bağlı birinci instansiya məhkəməsinin iddianın rədd edilməli olmasına dair gəldiyi nəticə və həmin nəticəni əsaslandıması da işin hallarına uyğun olmaqla, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT E T D İ:
İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.