Məhkəmə qərarları › İş №2(5-139)-156/2026

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(5-139)-156/2026

26.01.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq münasibətləri üzrə sair mübahisələr - Maneənin aradan qaldırılması - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(5-139)-156/2026 26.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızı, İddiaçı cavabdehlər Quba rayon Bələdiyyəsi və Cavabdeh2 qarşı” bələdiyyənin qərarının etibarsız hesab edilməsi, çıxarışın ləğvi, torpaq sahəsindən çıxarılma” tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Quba rayon Bələdiyyəsi və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Bələdiyyəsinin mübahisəli torpaq sahəsinin satışı ilə bağlı qəbul etdiyi qərarın etibarsız sayılması, həmin qərar əsasında Cavabdeh2 verilmiş çıxarışın ləğv edilməsi, təxminən 3 sot sahəni əhatə edən, 4 tərəfdən kubik daşlarla çəkilmiş hasarın qanunsuz hesab edilərək sökülməsi, yaşayış evinə ön və əsas giriş hüququnun tam şəkildə bərpa edilməsi, mübahisəli torpaq sahəsinin iddiaçıya satılması üçün Quba Bələdiyyəsinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinin tələbinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. “İnzibati və mülki mübahisələrdən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 2-ci bəndinə görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətləin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 4-cü bəndinə görə isə inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi mübasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin Qərarın 15.4-cü bəndinə uyğun olaraq. Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəməyə təqdim edilmiş iddia ərizəsinə nəzər yetirildikdə məlum olur ki, mübahisə predmetini məhz Quba rayon Bələdiyyəsinin qərarı təşkil etməklə, iddiaçının əsas tələbi bələdiyyənin qərarının etibarsız hesab edilməsi və həmin qərar əsasında qəbul edilmiş çıxarışın ləğvinə yönəlmişdir. “İnzibati və mülki mübahisələrdən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 6.1-ci bəndinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeyd edir ki, hazırki mübahisə inzibati orqanın xüsusi hüququn bərabərhüquqlu subyekti kimi iştirak etdiyi münasibətlərdən (müqavilə və s.) deyil, hakimiyyət səlahiyyətlərinin subyekti kimi ona xas olan fəaliyyəti həyata keçirməsindən irəli gəlir. Belə ki, tərəflər arasında mövcud mübahisənin predmetini məhz bələdiyyənin qərarı təşkil edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Quba rayon Bələdiyyəsi və Cavabdeh2 qarşı” bələdiyyənin qərarının etibarsız hesab edilməsi, çıxarışın ləğvi, torpaq sahəsindən çıxarılma” tələbinə dair işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir, odur ki, iddiaçıya hazırkı iddia ilə aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. AR MPM-in 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Quba rayon Bələdiyyəsi və Cavabdeh2 qarşı” bələdiyyənin qərarının etibarsız hesab edilməsi, çıxarışın ləğvi, torpaq sahəsindən çıxarılma” tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlərin qəbul edilməsindən imtina edilsin. Qərardad 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun ( xx.xx.2026-cı il tarixli, 1-********** nömrəli qəbz) İddiaçı qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver