Məhkəmə qərarları › İş №2(5-142)-82/2026

Laçın Rayon Məhkəməsi Qərardad — İş №2(5-142)-82/2026

03.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr - Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 2(5-142)-82/2026 03.02.2026 LAÇIN RAYON MƏHKƏMƏSİ Mən, Laçın Rayon Məhkəməsinin hakimi İbrahimov Cavad Cavanşir oğlu, kreditor Tələbkar borclu X1 qarşı əmr icraatı qaydasında borc pul tələbinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyən etdim: Ərizəçi Tələbkar pul tələbinə dair ərizə ilə Laçın Rayon Məhkəməsinə müraciət edərək məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmə əmrinin verilməsi barədə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri araşıdırıb hesab edirəm ki, tələb üzrə məhkəmə əmrinin verilməsindən imtina edilməli və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə kreditora qaytarılmalıdır. Belə ki, tələbin əsasını pul məbləğinin ödənilməsi təşkil edir. Tələbkar məhkəməyə ərizə ilə müraciət edərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) XXİİİ Fəslinin “Əmr icraatı” ilə bağlı tələblərinə riayət etməmişdir. MPM-in “Əmr icraatı” ilə bağlı fəslində tərəflər kreditor və borclu olduğu halda Tələbkar həmin formaya riayət etmədən ərizəsində tələbi irəli sürən şəxs kimi özünü ərizəçi, tələbin yönəldiyi şəxsi isə cavabdeh adlandırmışdır. Halbuki, qeyd edilən fəsildə tərəflər tələbi irəli sürən şəxs kreditor, tələbin irəli sürüldüyü şəxs isə borclu adlandırılmışdır. Həmçinin ərizəyə və ərizəyə əlavə edilmiş sənədlərə nəzər yetirdikdə müəyyən edilir ki, tərəflər arasında notariat qaydasında təsdiq edilmiş xx.xx.2025-ci il tarixli “barışıq razılaşması haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin məzmunundan görünür ki, tərəflər arasında (birinci tərəf – Tələbkar, ikinci tərəf – X2 adlandırılmışdır.) 14500 manat pulun 47 ay ərzində, hər ay 300 manat, 48-ci ay isə 400 manat olmaqla qaytarılmasına dair öhdəlik götürülməsi, həmin öhdəliyin tam icra edilmədiyi təqdirdə birinci tərəfin davam edən hüquq münasibəti üzrə icra olunmayan hissədə iddia qaldırılmaq hüququnun olması barədə saziş imzalanmışdır. MPM-in 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilir. MPM-in 278.1-ci maddəsinə əsasən məhkəməyə ərizə yazılı formada verilir. Ərizədə aşağıdakılar kreditor haqqında məlumatlar: soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer, borclu haqqında məlumatlar: soyadı, adı, atasının adı, iş yeri yaşayış yeri üçün və ya olduğu yer göstərilməlidir. MPM-in 279.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir. MPM-in 279.2.1-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa, MPM-in 279.2.3-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa məhkəmə əmrinin verilməsindən imtina üçün əsasdır. Göründüyü kimi ərizə MPM-in 278-ci maddəsində qeyd edilən forma və məzmuna uyğun tərtib edilməmiş, tərəflər ərizəçi və cavabdeh olmaqla düzgün müəyyən edilməmişdir. Bundan başqa tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən ödəniş hissəvi şəkildə ödənilməsi nəzərdə tutulduğu halda, Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək bütün məbləğin, yəni 14500 manatın birdəfəlik ödənilməsini tələb etməklə mübahisəyə yol açmışdır. Buna görə də məhkəmə hesab edir ki, pul tələbi barədə iddialara məhkəmə əmri qaydasında deyil, iddia icraatı qaydasında baxılmalıdır. Yuxarıda şərh olunanlara əsasən bu nəticəyə gəlirəm ki, əmrin verilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü, 266-268-ci, 276 və 279-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi Tələbkar cavabdeh X1 qarşı pul tələbinə dair məhkəmə əmrinin verilməsindən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə qaytarılsın. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver