Məhkəmə qərarları › İş №2(5-155)-533/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(5-155)-533/2026

16.03.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(5-155)-533/2026 16.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi və mənzilə istifadə hüququnun tanınması tələbinə dair iş üzrə (açar sözlər: iş üzrə icraata xitam verilməsi) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi və mənzilə istifadə hüququnun tanınması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Tələb, məhkəmə icraat iştirakçılarının izahatları

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən 36 saylı mənzilə istifadə hüququna xitam verilməsi və onun həmin mənzilə istifadə hüququnun tanınması barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X1 ilə xx.xx.1995-ci ildə ailə həyatı qurmuş və onun qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən 36 saylı mənzildə yaşamışdır. Onun həyat yoldaşı xx.xx.2024-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra nəvəsi olan cavabdeh bütün sənədləşmə işlərinin aparılması ilə bağlı etibarnamə almış və onun həyat yoldaşından miras qalan əmlakları ələ keçirmiş, satmış və bununla kifayətlənməyərək 28 aprel 2024-cü ildə Sumqayıt Şəhər İcra hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi ilə 27 saylı sosial kirayə müqaviləsi bağlamaqla qeyd olunan otağa pasport qeydiyyatına düşmüşdür. O, bu şəxsin ona qarşı qanunsuz əməllərindən xəbər tutandan sonra onun adına verdiyi etibarnaməni ləğv etdirmiş, onun adına olan sosial kirayə müqaviləsinin ləğvi barədə Sumqayıt şəhər İH-nin MKTİB-nə müraciət etmiş və həmin müqavilə ləğv edilərək onunla xx.xx.2025-ci il tarixdə 06 saylı kirayə müqaviləsi bağlanılmışdır. O, həmin müqavilə əsasında qeyd olunan otağa qeydiyyata alınma və 3-cü şəxsin həmin mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin olunmamış və ona bununla bağlı məhkəməyə müraciət etməyi bildirilmişdir. Onu da qeyd edir ki, Cavabdeh bu mənzilə hər hansı bir hüququ yoxdur, bu mənzildə yaşamamışdır, mənzil onun daimi yaşayış yeridir və hazırda da o yaşayır. Lakin cavabdeh qeydiyyatdan çıxmadığı və o, otağa qeydiyyata alınmadığı üçün kommunal xidmət sahələri üzrə abonent kodlarını da adına rəsmiləşdirə bilmir. Belə hesab edir ki, cavabdehin həmin otağa qeydiyyata düşməsinə səbəb olan sənəd kirayə müqaviləsi ləğv olunduğu üçün onun bu otaqdan istifadə hüququna xitam veıilməlidir. Onu da qeyd edir ki o, cavabdehin bu mənzildən qeydiyyatdan çıxarılması və özünün də bu evə qeydiyyata düşməyi barədə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, ona bildirilmişdir ki, mülki məhkəmə icraatı qaydasında cavabdehin bu mənzilə istifadə hüququnun olub-olmamasına qiymət verildikdən sonra qeydiyyatdan çıxarılma məsələsinə baxılacaqdır.

3. Məhkəmə iclasında iştirak edən Cavabdeh iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi.

Tətbiq edilən hüquq

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.

Məhkəmənin mövqeyi

5. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi və mənzilə istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir.

6. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, iş üzrə cavabdeh İddiaçı xx.xx.2026-cı il tarixdə vəfat etmişdir.

7. MPM-in 58.1-ci maddəsinə əsasən barəsində barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.

8. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir.

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, tərəflərdən biri vəfat etdikdə icraata aşağıdakı qaydada yanaşılır: a) varislik mümkün olan hallarda: Əgər qətnamə mülki xarakterli əmlaka dair tələbi (məsələn, borcun ödənilməsi, mülkiyyətin verilməsi və s.) əhatə edirsə, tərəfin ölümü icranı dayandırır, amma varisliklə icra davam etdirilə bilər. b) varislik mümkün olmayan hallarda: Əgər qətnamə şəxsi xarakter daşıyırsa, yəni onun icrası yalnız həmin şəxsin özünə aiddirsə və varisliklə keçə bilməzsə, bu zaman icraata xitam verilir.

10. Hazırkı işdə iddia tələbi cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi və iddiaçının istifadə hüququnun tanınması ilə bağlıdır. Tələbin hüquqi əsasının iddiaçı ilə Sumqayıt ŞİH yanında MKT İB arasında xx.xx.2025-ci il tarixdə bağlanmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi təşkil etmiş, müqavilədə kirayəçinin ailə üzvləri kimi yalnız özü qeyd olunmuşdur.

11. İddiaçı məhkəmə icraatı zamanı vəfat etmişdir. Belə halda, tələb hüququ şəxsi xarakter daşıyır və varisliklə keçmir (çünki varis İddiaçı yerinə istifadə hüququnun tanınması, Sumqayıt ŞİH yanında MKT İB-nin mülkiyyətində olan əmlakdan cavabdehin istifadə hüququna xitam verilməsi tələbi ilə çıxış edə bilməz).

12. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının vəfat etməsi, tələbin şəxsi xarakter daşıması və bu halın prosessual hüquq varisliyinə yol verməməsi səbəbindən mülki iş üzrə icraata xitam verilməlidir.

13. Göstərilənləri və MPM-nin 261, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi və mənzilə istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar