Məhkəmə qərarları › İş №2(5-155)-753/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(5-155)-753/2026

13.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(5-155)-753/2026 13.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hаkimi Şirəliyeva Vəfa Zavrulla qızı, İddiaçı Teyyub qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətə edilmiş müdaxiləyə son qoyulması, daşınmaz əmlakın əvvəlki vəziyyətinin bərpası və icarə haqqı üzrə borcun tutulması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Teyyub qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 15/30 saylı binanın 3 saylı mənzilinin sökülməsinə və onun mülkiyyət hüquqlarına edilən müdaxilələrin cavabdehlərə qadağan edilməsi, cavabdehlərin vəsaiti hesabına həmin əmlakın əvvəlki vəziyyətinə qaytarılması, icarədə olan müddətdə ona ödənilməyən 3300 manat icarə haqqı üzrə yaranan borcun cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativindən və Cavabdeh2 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında göstərilmişdir ki, MPMin 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Beləliklə yuxarıda qeyd olunan normaların mənasından göründüyü kimi işin mülki və ya kommersiya məhkəməsinə aidiyyatının müəyyən edilməsi üçün 3 qiymətləndirici meyar müəyyən edilmişdir: -Tərəflərin subyektiv tərkib; -Mübahisənin predmeti; -Hüquq münasibətlərinin xarakteri. Məhkəmə hazırki işin yuxarıda qeyd edilən meyarlar əsasında yoxlanılmasını zəruri hesab edərək qeyd edir ki, elektron məhkəmə informasiya sistemindən çıxarışlarla İddiaçı Teyyub qızının (VÖEN **********) və Cavabdeh2 (VÖEN **********) fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər olduğu müəyyən olunur. Cavabdeh1 də hüquqi şəxs olduğunu nəzərə aldıqda tərəflərin subyekt tərkibi işə aidiyyatı üzrə kommersiya məhkəməsində baxılmasını mümkün edir. Hüquq münasibətinin xarakterinə gəldikdə isə iddiaçı iddia ərizəsində özünəməxsus mənzili “Aytən” gözəllik salonu kimi istifadə etdiyini, həmin mənzili sahibkarlıq fəaliyyəti göstərmək məqsədilə aldığını, özünə məxsus obyektdə sahibkarlıq fəaliyyətini həyata keçirdiyini, Cavabdeh1 ilə aralarında olan razılaşmaya görə mənzil plana düşdüyündən gələcəkdə onunla razılaşdırılmaqla kompensasiya ödənilməsi şərti ilə mənzilin söküləcəyi və bu səbəbdən cavabdehlə obyektdən istifadəsinə məhdudiyyət qoyulmasına görə ona aylıq 700 manat məbləğində icarə haqqının verilməsi ilə razılaşdıqları qeyd edilmişdir. Hazırda həmin icarə haqqının ona tam olaraq və bir neçə ay ödənilmədiyinə istinad edərək, mülkiyyət hüququna edilən müdaxilənin aradan qaldırılmasını və icarə haqqının ona ödənilməsini məhkəmədən xahiş edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki işdə subyekt tərkibi, hüquq münasibətinin xarakteri və mübahisənin predmetindən ibarət sadalanan üç qiymətləndirici meyarın bir-biri ilə qarşılıqlı bağlılığı olduğundan mübahisəyə ümumi məhkəmədə deyil kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, İddiaçı Teyyub qızına aidiyyət qaydaları və yuxarıda qeyd olunan tələblərə əməl etməklə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 30, 395 və 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Teyyub qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətə edilmiş müdaxiləyə son qoyulması, daşınmaz əmlakın əvvəlki vəziyyətinin bərpası və icarə haqqı üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılması yenidən aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver