Məhkəmə qərarları › İş №3(001)-10/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-10/2022

05.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-10/2022 05.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X4 iclas katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin 14.09.2021-ci il tarixli, EPQ ******* saylı qərarından verdiyi şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin 14.09.2021-ci il tarixli, EPQ ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 15.07.2021-ci il tarixində saat 18.30 radələrində Xəzər rayonunda yerləşən marketdə alışveriş etmişdir.Bu zaman ona özünü təqdim etmədən polis əməkdaşı yaxınlaşmış və guya fərdi qoruyucu vasitələrdən istifadə etmədiyini aşkar etdiyi üçün bildirmişdir ki, onun barəsində protokol tərtib edəcək. Şəxsiyyət vəsiqəsini tələb etmiş və o da təqdim etmişdir.Şəxsiyyət vəsiqəsindəki məlumatlara baxaraq əlindəki xüsusi planşet ilə ona naməlum iş görməyə başlamışdır.Bitirdikdən sonra şəxsiyyət vəsiqəsini qaytararaq barəsində protokol tərtib etdiyini bildirmişdir.Dəfələrlə xahiş etməsinə baxmayaraq, bir daha polis əməkdaşından özünü təqdim etməyi, işin materialları ilə onu tanış etməyi, qanunla nəzərdə tutulmuş prosedur qaydasında işin materialları ilə tanış etməyi,protokolla narazı olduğu üçün qeydlərini protokolun xüsusi bəndində əks etdirməyini və protokolun surətini ona təqdim etməyini xahiş etsə də, onun müraciətinə heç bir əhəmiyyət vermədən üzünü çevirib çıxıb getmişdir.Daha sonra asan ödəniş portalında şəxsi kabinetində həmin protokolu görmüş və 16.09.2021-ci il tarixində protokoldan şikayət edərək protokolun qanunsuz olduğunu, protokolla razı olmadığını və inzibati xəta haqqında işə onun iştirakı ilə baxılmasını tələb etmişdir.Həmin şikayətdən təxmini bir ay müddət keçdikdən sonra ona heç bir cavab gəlmədiyindən, Daxili İşlər Nazirliyininə yenidən müraciət edərək şikayətinin nəticəsi ilə maraqlanmağa, protokol və qərar qəbul olunduğu halda qərarın surətini almağa çalışmışdır. Müraciətini yenidən qeydə alan Daxili İşlər Nazirliyinin ümumi şöbəsi sonradan müraciətini Bakı Şəhər Baş Polis idarəsinin İctimai Təhlükəsizlik şöbəsinə ünvanlamışdır.Bir müddət sonra BBPİ ona bildirmişdir ki, müraciətini Xəzər rayon Polis idarəsinə göndərmişdir.Sonda 28.10.2021-ci il tarixində Xəzər rayon Polis İdarəsi ilə əlaqə saxlayaraq 2-ci polis bölməsinə yönləndirilmişdir və həmin bölmənin əməkdaşı Pərviz Həsənli müraciətimə baxaraq qərarın surətini onun elektron poçt ünvanına göndərmişdir.Aşağıdakı əsaslara görə EXP ******* saylı, 15.07.2021-ci il tarixli protokol və onun əsasında qəbul olunmuş EPQ ******* saylı 14.09.2021-ci il tarixli qərar qanunsuz və əsassızdır.Buna görə də, məhkəmədən şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən X2 şikayətdə göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin 14.09.2021-ci il tarixli, EPQ ******* saylı qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin 14.09.2021-ci il tarixli, EPQ ******* saylı qərarına əsasən məlum olur ki, 14.09.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə karantin rejimlərinin pozulması ilə bağlı ona inzibati tənbeh tədbiri kimi cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət qismən təmin olunmalıdır.Belə ki, iş üzrə nə izibati xəta haqqında protokol, nə də protokol əsasında qəbul edilən qərar X5 rəsmi qaydada təqdim olunmsı sübut olunmur.Protokol və qərar şəxs tərəfindən daha sonra əldə edilmişdir. Göründüyü kimi, şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdird təqsirin mövcud olub-olmadığıı müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır.Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır.Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib.Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz.Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır.Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM-nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədibtörətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır.Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki, İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından — yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. İXM-nin 129.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət — şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə,səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərarlardan birini qəbul edir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir.Belə olan halda, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X3 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə cərimələnməsi barədə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş EPQ ******* saylı, 14.09.2021-ci il tarixli qərar ləğv edilməli, inzibati xəta haqqında iş araşdırılması üçün Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin - X6 barəsində qəbul edilmiş 14.09.2021-ci il tarixli, EPQ ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş araşdırılması üçün Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinə göndərilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhər Apallyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar