Məhkəmə qərarları › İş №3(001)-1008/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1008/2024

04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1008/2024 04.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, şikayət vermiş şəxs Məmmədyarova Günel Fazil qızının katibliyi ilə, Məmmədyarova Günel Fazil qızının Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin X2 Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Fazil qızı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin X2 Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məmmədyarova Günel Fazil qızı məhkəmə iclasında ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında, Xətai Plazanın arxa hissəsində idarə etdiyi **-PV-*** dövlət qeydiyyat nişanlı “Hyundai Santafe” markalı avtomobili park edilmiş halda olan zaman qarşıdan gələn **-LE-*** dövlət qeydiyyat nişanlı “Toyota Rav 4” markalı avtomobilin sürücüsü yüksək sürətlə gələrək onun avtomobilinə çırpılmışdır. İdarə etdiyi avtomobil ciddi zərər görmüşdür. DİN 102 Xidmətinə məlumat verməsinə baxmayaraq hadisə yerinə 2 saat ərzində YPX əməkdaşları yaxınlaşmamışlar. Digər sürücü hadisə yerindən yayınmışdır. Hadisə ilə bağlı Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin X2 Şöbəsinə yaxınlaşmış, lakin onu əsassız və araşdırılma aparılmadan hadisə üzrə günahkar tərəf çıxarmışlar. Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin X2 Şöbəsinin əməkdaşı, polis leytenantı Rza Quluzadə onunla kobud şəkildə rəftar edərək “hara istəyirsən şikayət et” tərzində ifadə işlətmişdir. Qarşı tərəfin sürücüsünün tanışları tərəfindən Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin X2 Şöbəsi təsir edilmiş və belə qanunsuz qərar qəbul edilmişdir. Məhkəmə iclasında X1 Fazil qızı çıxış edərək bildirmişdir ki, hadisə baş vermiş ərazi yaşayış məntəqəsidir. Orada yoldan həyətə daxil olan yolda 2 yeni tikili bina inşa edilmişdir. Həmin 2 binanın arasında 2 tərəfli yol vardır. Lakin yolun hər iki tərəfində avtomobillər saxlanıldığı üçün oradan ancaq bir avtomobilin keçməsi mümkün olur. O, həmin ərazidə dönən zaman kənardan sürətlə gələn maşın onun maşını ilə toqquşmuşdur. O, dönmə əməliyyatını ehtiyyatla etmiş həmin zaman yolda avtomobil olmamışdır. Lakin digər sürücü çox sürətlə hərəkət etdiyindən hadisənin qarşısını ala bilməmişdir. O, dönmə əməliyyatını icra etdiyi zaman yol bütün görünən hissəsinə baxmışdır, orada heç bir maşın olmamışdır. Həmin dönmə əməliyyatını icra etdiyi yerdən binanın həyətindən çıxan maşınların gəldiyi yol görünmür. O, “Toyota Rav 4” markalı avtomobil gördükdə təxmin 30- 40 metr məsafə var idi, həmin zaman dönmə əməliyyatına başladığından heç cür hadisənin qarşısını alması mümkün deyildi. Çünki artıq onun idarə etdiyi nəqliyyat vasitəsi yolun orta hissəsində idi. Həmin sürücünün solda da keçib getməyə yolu var idi, lakin həmin yoldan keçib getməmişdir. O dönmə əməlinə başlayan zaman “Toyota Rav4” markalı nəqliyyat vasitəsinin sürücüsü ümumiyyətlə yolda olmamışdır, həmin maşın yola çıxan zaman artıq o dönmə əməliyyatını başa çatdırırdı, lakin heç bir şəkildə sürücüyə yol vermək imkanı yox idi. Əgər digər sürücü yolda olan zaman o dönmə əməliyyatına başlasa idi, özünü günahkar hesab edərdi, lakin təkrar olaraq qeyd edir ki, o dönmə əməliyyatına başlayan zaman yolda heç bir maşın olmamışdır. Digər sürücü əyləc pedalına belə basmamışdır. Birbaşa sürətlə onun avtomobilinə çırpılmışdır. Hazırda maşının dövlət qeydiyyat nişanı **-RG-***-dur. O əlavə olaraq bildirmişdir ki, o 2 saat hadisə yerində gözləsə belə həmin əraziyə heç bir polis əməkdaşı yaxınlaşmamışdır. Sığorta şirkətinin əməkdaşı isə gəlib, özünü tanıtmadan heç bir məlumat vermədən baxış keçirmiş, daha sonra əlaqə nömrəsi vermədən getmişdir. Gedərək polis gəlməyəcəyini, onların özlərinin Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin X2 Şöbəsinə getməli olduqlarını bildirmişdir. Heç bir araşdırma aparılmadan hadisədə o təqsirli bilinmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. O sual verdikdə nəyə əsasən belə qərar qəbul edilib, inspektor izahatlara əsasən belə qərar qəbul edildiyini bildirmişdir. Hadisə yerində kameralar var idi, vaxtında müraciət edilsə idi, həmin video-görütülər əldə edilə bilərdi. Göstərilənlərə əsasən Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin X2 Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin X2 Şöbəsinin nümayəndəsi xx.xx.2024-cü il tarixdə saat 15:10-a, xx.xx.2024-cü il tarixə saat 15:00-a, xx.xx.2024-cü il tarixə saat 15:30-a və xx.xx.2024-cü il tarixə saat 15:30-a təyin edilmiş məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin X2 Şöbəsinin nümayəndəsi olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Məmmədyarova Günel Fazil qızı İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, Məmmədyarova Günel Fazil qızı tərəfindən verilmiş şikayət təmin edilməli, Məmmədyarova Günel Fazil qızı barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin X2 Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına və şəxsin təqsirli bilinməsinə dair inzibati araşdırma materiallarının məhkəməyə təqdim edilməsi tələb edilməsinə baxmayaraq inzibati orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, inzibati araşdırma materiallarını məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən məhkəmə hesab edir ki, şikayət əsaslıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Məmmədyarova Günel Fazil qızı hadisə baş verən yerə yol polisi əməkdaşlarının gəlmədiyini, heç bir araşdırılma aparılmadığını, sadəcə digər sürücünün izahatı əsasında qərar qəbul edildiyini, tərəfindən heç bir inzibati xəta törədilmədiyini, dönmə əməliyyatını icra edən zaman bütün zəruri tədbirləri gördüyünü bildirmişdir. Belə olan halda Məmmədyarova Günel Fazil qızının şikayət ərizəsində və izahatında göstərdiyi xüsusatlar yoxlanılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə tam və hərtərəfli araşdırmanın aparılması məqsədi ilə zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya səlahiyyətli orqan tərəfindən heç bir cavab verilməmiş, eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Habelə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Barəsində inzibati icraat aparılan şəxs hadisə yerinin yaxınlığındakı binalarda müşahidə kameralarının olduğunu bildirmişdir ki, həmin görüntülərin olub-olmaması, hadisənin müşahidə kameralarına düşüb-düşməməsi də araşdırlmalıdır. Məhkəməyə inzibati araşdırma ilə əlaqədar hər hansı sənəd təqdim edilmədiyindən qeyd edilən hallar məhkəmə iclasında araşdırla bilməmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, Məmmədyarova Günel Fazil qızının barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin X2 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalı, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi məqsədi ilə yenidən araşdırma aparılan zaman hadisə yerini müşahidə edən kamera görüntülərinin olubolmaması müəyyən edilməli, olduğu halda həmin görüntülər əldə edilməli, hər iki sürücünün yenidən izahatları alınmalı, onların hər birinə hadisə ilə əlaqədar dəqiqləşdirici suallar verilməli, onların izahatları arasında ziddiyyətlər müəyyən olunarsa həmin ziddiyyətlər digər sübutlar əldə edilməklə aradan qaldırılmalı, hər birinə digərinin izahatı elan olunmaqla izahatlar arasında müəyyən olunmuş fərqli xüsusatlarla bağlı onların hər birinə yenidən sualllar ünvanlanmalı, hadisə zamanı hadisə yerində olmuş şahidlər müəyyən olunmaqla onların izahatları alınmalı, zərurət olarsa hadisədən sonra hadisə yerinə gəlmiş sığorta şirkətlərinin əməkdaşı dəvət olunaraq onlara hadisə yerinə gələrkən hadisə iştirakçılarının bildirdikləri hallarla bağlı suallar verilməli, avtomobillərin hər ikisinin qəzadan sonrakı vəziyyəti nəzərə alınmaqla zərurət olarsa mütəxəssis dəvət olunmaqla avtomobillərdə olmuş zədələr əsasında hadisənin hansı şəraitdə baş verməsinin real olmasına dair rəy alınmalı, mütəxəssis rəyi ilə bunu müəyyən etmək mümkün olmadıqda hər iki tərəfin göstərdiyi mexanizm göstərilməklə hansının real olmasına dair ekspert rəyi alınmalı və yalnız iş üzrə bütün əhəmiyyətli hallar araşdırılaraq həmin hallara düzgün hüquqi qiymət verildikdən sonra iş üzrə yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, şikayət vermiş şəxs Məmmədyarova Günel Fazil qızının hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, Məmmədyarova Günel Fazil qızının barəsində Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin X2 Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin X2 Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin X2 Şöbəsinə geri göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar