Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1014/2023 06.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Babak Kazemzadehin iştirakları ilə, Şəxs MMC Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu, ev 10A, mənzil 19, VÖEN ********** Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 428.7.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 428.7.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəfə məlumat verilməsinə baxmayaraq, o hazırkı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbi barədə məlumat verməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, İXM-in 112.1.4-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Babak Kazemzadeh izahatında bildirmişdir ki, “Mərmər” adlı obyektdə müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edildiyindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. O bildirmişdir ki, müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan göstəriş onlara çatmamışdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənəddən göründüyü kimi göstərişi Y.Məmmədzadə adlı şəxs qəbul etmişdir. Lakin cəmiyyətdə belə bir şəxs işləmir və onlar göstərişi almamışlar. Lakin göstəriş barədə məlumatlı olduqdan sonra dərhal öhdəliklərini yerinə yetirmiş, pozuntu aradan qaldırılmışdır. Ona görə də, qeyd olunanları nəzərə alaraq, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X1 verdiyi izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 16:34-də, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolu 97 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “Mərmər” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Bununla da hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və onun barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və müvafiq fotoşəkillər çəkilmişdir. Ona görə də, məhkəmədən Şəxs MMC-nin inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 16:34-də, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolu 97 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “Mərmər” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan fotoşəkildən görünür ki, “Mərmər” adlı obyektin üzərində reklam yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 16:00-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolu 97 ünvanında yerləşən “Mərmər” adlı obyektin üzərində müvafiq icazə olmadan 07 ədəd 4,6 m² ölçüdə reklam (reklam daşıyıcısı) aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan göstərişdən görünür ki, xx.xx.2023-cü il tarixli Aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması tələb edilmişdir. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamədən görünür ki, Şəxs MMC-nin adına ********** nömrəli VÖEN vardır. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs MMC tərəfindən yayım haqqı ödənilmişdir. Əmək müqaviləsi bildirişlərindən və müqavilələrin etibarlılıq müddəti ilə bağlı çıxarışlardan görünür ki, Şəxs MMC-də Y.Məmmədzadə adlı şəxs işləmir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, X2 barəsində İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci bəndinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur 26.2-1-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi və bu sahədə nəzarətin keçirilməsi qaydasını, həmçinin icazənin formasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 26.2.-3-cü bəndinə əsasən reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” qaydasının 2.9-cu bəndinə əsasən icazə verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu müvafiq qurumun verdiyi bildiriş alındığı tarixdən 5 iş günü ərzində reklam yayıcısı tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq quruma təqdim olunur. Həmin qaydanın 2.10-cu bəndinə əsasən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənədi reklam yayıcısı müvafiq quruma təqdim etdikdən sonra 2 iş günündən gec olmayaraq icazə reklam yayıcısına verilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. İcazənin formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Həmin qaydanın 3.5 və 3.5.1-ci bəndlərinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir. Qeyd olunanlardan göründüyü kimi, müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan göstəriş Şəxs MMC-yə daxil olmamışdır. Həmin göstərişdən cəmiyyət xəbərsiz olduğundan müvafiq pozuntunu aradan qaldırmaq imkanından məhrum olmuşdur. Belə ki, iş materialına əlavə edilmiş qəbzlə Şəxs MMC tərəfindən yayım haqqı ödənilmiş, pozuntu aradan qaldırılmış, yəni göstəriş barədə məlumat əldə olunan kimi pozuntu aradan qaldırılmışdır. Qeyd eduilən bu hal, yəni göstərişin vaxtında cəmiyyətə çatmaması hazırkı iş üzrə cəmiyyəti əməlində İXM-in 428.7.1-ci maddəsinin tərkib əlamətlərinin olmasını istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1 -ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs MMC-nin əməlində İXM-in 428.7.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs MMC-nin əməlində İXM-in 428.7.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-1014/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1014/2023
06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver