Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1016/2025 25.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X5 Yol patrul xidməti inspektoru, polis serjantı X1, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 2004-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, Məlhəm kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 511.1.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Binəqədi rayon Dövlət X5 Yol patul xidməti inspektoru, polis serjantı X4 tərəfindən Şəxs barəsində İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 09 fevral 2025-ci il tarixli, İXP ******* saylı “inzibati xəta haqqında” protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İXM-nin 511.1.3-cü maddəsinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər (mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması) avtoxuliqanlıq əməlinin tərkibini yaradır. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs izahatında göstərdi ki, 09 fevral 2025-ci il tarixdə, saat 20:10 radələrində xidməti avtomobildə xidmət apararkən, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi ərazisində hərəkətdə olan “Tofaş Şahin” minik markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobildə konstruksiya dəyişikliyinin edildiyini görüb, dəqiqləşdirmək üçün həmin avtomobilin sürücüsünə “saxla” əmri vermişdir. Lakin, bu zaman adının sonradan Şəxs olduğu məlum olan şəxs avtomobili saxlamamış, əksinə davamlı olaraq təhlükəli manevrlər etməklə, avtomobili yolun hərəkət hissəsində sürüşdürməklə onlardan yayınmağa cəhd etmişdir. Sürücünün hərəkətləri avtopatrul avtomobilinə quraşdırılmış kamera vasitəsi ilə qeydə alınmışdır. Sonda E.H.Quliyev Şəxs barəsində ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatında göstərdi ki, yol polisi əməkdaşı ona “saxla” əmri versə də, o, qorxmuş və maşını öz məhlələrinə sürmüşdür ki, atası köməklik etsin. Məhləyə çatıb, atasının yanında maşını saxlamışdır. Avtomobil yolda bir dəfə sürüşsə də, o, yarana biləcək təhlükənin qarşısını almışdır. Polisin “saxla” əmrinə tabe olmamağının səbəbi ondan yayınması yox, məhlələrinə çatması olmuşdur. Sonda Şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi bildirdi ki, Şəxs avtomobili yüksək sürətlə idarə etsə də, onun əməlində avtoxuliqanlıq müşahidə edilmir. Buna görə də, E.Aslanov iş üzrə icraata şəxsin təqsirsizliyi əsası ilə xitam verilməsini xahiş etdi. Məhkəməyə təqdim edilmiş 01 ədəd elektron daşıyıcıda (fləşkard) olan videoyazı məhkəmə iclas zalında nümayiş etdirilmiş və müəyyən edilmişdir ki, həmin videoyazı yol polisinin xidməti avtomobilindən çəkilmiş, Şəxs idarə etdiyi avtomobillə polisdən yayınmağa cəhd etmiş, bu zaman bir neçə dəfə yol hərəkəti qaydalarını kobudcasına pozmuş, yol hərəkətinin digər iştirakçıları üçün real təhlükə yaratmış, etdiyi manevrlər nəticəsində avtomobilinin təkərlərini sürüşdürmüşdür. Həmin manevr hərəkətləri və tormozlanma nəticəsində də sürüşmə səslərinin yaranması və asfalt üzərində təkərlərin izlərinin qalması isə şübhə doğuracaq hal sayıla bilməz. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə sonuncunun əməlində İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcuddur. Onun əməli inzibati xəta haqqında protokol, onu tərtib etmiş şəxsin izahatı, təqdim edilmiş videogörüntü ilə tam sübuta yetirilmiş və düzgün olaraq həmin Məcəllənin 511.1.3-cü maddəsi ilə tövsif edilmişdir. Yol hərəkəti qaydalarının pozulması halları ilə müvəffəqiyyətlə mübarizə aparılması üçün qayda pozucularına düzgün tənbeh təyin edilməsinin mühüm əhəmiyyəti vardır. İşin mübahisəsiz hallarına əsasən Şəxs məlum qayda pozuntusunu ehtiyatsızlıq və ya hadisənin təsadüfü axarı zəminində deyil, fəal hərəkətləri ilə müşayiət olunan davranışı ilə qəsdən törətmişdir. Qeyd edilməlidir ki, sadalananlar Şəxs tərəfindən birbaşa olaraq ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması əleyhinə olan inzibati xəta ilə müşayiət olunan qərəzli hərəkətlər kimi qiymətləndirilməlidir. Şəxsin belə hərəkətlərlə müşaiyət olunan hərəkətləri məhkəmədə öz təsdiqini tam şəkildə tapmışdır. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmədə onun məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətalara görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, eləcə də onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür, yəni sadalanan hərəkətləri etməklə bir neçə inzibati xətaları törərməsinə görə şəxsin cərimə ilə tənbeh edilməsi cəmiyyətdə mənfi emosiyalar doğura və yol hərəkəti qaydalarının pozulması halları ilə müvəffəqiyyətlə mübarizə aparılmasına öz mənfi təsirini göstərə bilər. Həmçinin, İXM-nin 511.1.3-cü maddəsində həm həbslə bağlı olan, həm də olmayan cəza növü ilə birlikdə inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun 01 (bir) il müddətə məhdudlaşdırılması cəzası da qeyd edildiyindən, Şəxs həmin növdə və göstərilən müddətdə cəza da təyin edilməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 25 fevral 2025-ci il tarixdən hesablansın. Qərarın icrası inzibati həbsə münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə, nəqliyyat vasitələrini idarəetmə hüququnun məhdudlaşdırılmasına münasibətdə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə həvalə edilsin. Şəxs göstərdiyi 05 (beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-1016/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1016/2025
25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver