Məhkəmə qərarları › İş №3(001)-1018/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1018/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1018/2025 25.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Binəqədi rayon İcra şöbəsinin icra məmuru X4, X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Borclu Şəxs barəsində Binəqədi rayon İcra şöbəsinin icra məmuru X9 tərəfindən 25 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra şöbəsinin icra məmuru X9 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4038/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 3798 (üç min yeddi yüz doxsan səkkiz) manat məbləğində dəymiş zərər, 200 (iki yüz) manat məbləğində vəkilin göstərdiyi yardıma görə xərc və ödənilmiş 60 (altmış) manat dövlət rüsumu olmaqla, ümumilikdə 4098 (dörd min əlli səkkiz) manat tutularaq iddiaçı X7 ödənilməlidir. İcra vərəqəsi xx.xx.2024-cü ildə icra şöbəsinə daxil olmuş və icraata qəbul edilmişdir. Borclu Şəxs icra sənədi üzrə icraata başlama haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş və borcun ödənilməsi haqqında xəbərdarlıq rəsmi qaydada verilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirməmiş, onun 4098 (dörd min əlli səkkiz) manat borcu olduğu kimi qalmışdır. Məcburi icra tədbirlərinin görülməsi üçün müvafiq orqanlara və banklara sorğular göndərilmiş və borclunun adına hər hansı əmlak və pul vəsaiti aşkar edilməmişdir. Borcluya barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunacağı barədə xəbərdarlıq edilsə də, icra sənədini icra etməmişdir. Hal-hazırda borclu Şəxs borcu olduğu kimi qalır. Borclunun təkrar izahatı alınmış, borcu ödəyə bilməyəcəyini bildirdiyindən barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində özünü təqsirli bilərək izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4038/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən ondan 3798 (üç min yeddi yüz doxsan səkkiz) manat məbləğində dəymiş zərər, 200 (iki yüz) manat məbləğində vəkilin göstərdiyi yardıma görə xərc və ödənilmiş 60 (altmış) manat dövlət rüsumu olmaqla, ümumilikdə 4098 (dörd min əlli səkkiz) manat tutularaq X7 ödənilməlidir. İcra sənədi üzrə icraata başlama haqqında qərarı, tələbin könüllü icrası haqqında bildirişi və borcun ödənilməsi haqqında xəbərdarlığı rəsmi qaydada almışdır. İcra sənədində əksini tapmış maddi zərər yol-nəqliyyat hadisəsi nəticəsində yaranmışdır. Belə ki, o idarə etdiyi avtomobillə X6 idarə etdiyi avtomobili vurmuşdur. Hadisədən sonra tələbkar X5 bank kartının nömrəsini istəmişdir ki, hər ay həmin karta 400 manat ödəniş etməklə zərəri ödəsin. X3 ona bank kartının nömrəsini verməmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşləmədiyi üçün tələbkar X7 hər ay 300 manat ödəniş təklif etmiş, X3 razı olmamışdır. Onun isə icra sənədini birdəfəyə icra etmək üçün vəsaiti yoxdur. Məhkəmədə tələbkar X10 izahatında bildirmişdir ki, Şəxs məhkəmədə izahatında bildirdikləri doğru deyil. Yol-nəqliyyat hadisəsi nəticəsində həm sağlamlığına,həm də avtomobilinə ciddi ziyan dəymişdir. Hadisənin üstündən xeyli vaxt keçsə də, hal-hazırda da səhhətində problemlər qalmışdır. Avtomobilinə dəymiş zərər isə on min manatdan artıq olmuşdur. Zərərin beş min manat hissəsi sığorta şirkəti tərəfindən qarşılanmış, qalan hissəsini isə güzəştli şəkildə ödəməyi Şəxs məhkəməyə müraciət etməzdən öncə təklif etmişdir. Lakin Şəxs zərəri ödəməyə pulu olmadığını, ona cəmi yüz manat pul verə biləcəyini bildirmişdir. Buna dair sms və səsli mesajlar şəklində sübutları mobil telefonunda qalmaqdadır. Ona görə də Şəxs guya ona müraciət edərək bank kartı nömrəsini istəməsi, guya həmin kart nömrəsinə hər ay 400 manat ödəniş edəcəyi barədə bildirdikləri doğru deyil. Məhz buna görə Şəxs qarşı məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4038/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiası təmin edilmiş, Şəxs 3798 (üç min yeddi yüz doxsan səkkiz) manat məbləğində dəymiş zərərin, 200 (iki yüz) manat məbləğində vəkilin göstərdiyi yardıma görə xərcin və ödənilmiş 60 (altmış) manat dövlət rüsumu olmaqla, ümumilikdə 4098 (dörd min əlli səkkiz) manatın tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamə icraya yönəldikdən sonra Şəxs bir dəfə də olsun ona müraciət etməmiş, icra sənədini icra etməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi ərəfəsində isə ona müraciət edərək, hər ay 300 manat ödəniş etməyə hazır olduğunu bildirmişdir. Lakin o, qətnamənin hissə-hissə icra edilməsi ilə razılaşmamışdır və bundan sonra da razılaşmayacaqdır. Sual olunur ki, əgər borclunun hər ay 300 manat ödəniş etməyə maddi imkanı var idisə, niyə bu vaxta kimi bunu etmirdi? İndi həbs təhdidi altında belə bir təklif irəli sürür. Hesab edir ki, Şəxs qərəzli olaraq bu vaxtadək icra sənədini icra etməmişdir. Bunu hadisədən bir müddət sonra ona cəmi 100 manat verəcəyini bildirməsi təsdiq edir. Uzun müddət keçməsinə baxmayaraq borclu Şəxs icra sənədini icra etmədiyini, hissə-hissə icranı qəbul etmədiyini, qətnamənin icrasız qalmasının pozulmuş hüquqlarının müdafiəsi müddətini uzatdığını nəzərə alıb, borclu Şəxs inzibati həbs növündə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, icra məmurunun, tələbkarın və barəsində inzibati icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olduğundan inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4038/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 3798 (üç min yeddi yüz doxsan səkkiz) manat məbləğində dəymiş zərər, 200 (iki yüz) manat məbləğində vəkilin göstərdiyi yardıma görə xərc və ödənilmiş 60 (altmış) manat dövlət rüsumu olmaqla, ümumilikdə 4098 (dörd min əlli səkkiz) manat tutularaq iddiaçı X7 ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4038/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında Binəqədi rayon İcra şöbəsində böyük icra məmuru X2 tərəfindən icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4038/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. Xəbərdarlıqdan görünür ki, borclu Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4038/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsində göstərilən tələbin icra edilməməsinin nəticələri barədə xx.xx.2024-cü il tarixdə xəbərdarlıq edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-74/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4038/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsində göstərilən tələbin təmin edilməsi məqsədilə borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Tərəflərin izahatlarından və icra işindən görünür ki, borclu Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4038/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İşin qərarın təsviri hissəsində təsvir edilmiş hallarından görünür ki, borclu Şəxs sözügedən icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Borclu Şəxs daha əvvəl (tələbkar iddia ərizəsilə məhkəməyə müraciət etməzdən öncə) hər ay 400 manat ödəniş etmək üçün tələbkar X5 bank hesab nömrəsi istədiyini, X3nun ona hesab nömrəsi vermədiyini və bu səbəbdən zərərin ödənilməmiş qaldığını bildirsə də, onun bu barədə bildirdikləri tələbkar tərəfindən təsdiq edilmir. Borclu Şəxs bununla bağlı məhkəməyə sübut təqdim edə bilməyəcəyini bildirsə də, tələbkar məhkəməyə mobil telefonunda olan onun sms və səsli mesajlarını sübut kimi təqdim etmişdir. Həmin sübutlar borclu Şəxs tələbkara yüz manat ödəniş edə biləcəyi ilə bağlıdır. Eyni zamanda məhkəmə tərəfindən borclu Şəxs tələbkar götürmədiyi halda hər ay ödəmək istədiyi 400 manat pulu toplayıb icra sənədi verildikdən sonra tam şəkildə tələbkara ödəməməsinin səbəbləri barədə sual verilmiş, lakin borclu Şəxs suala cavab verə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədinin icrası üçün tədbirlər görməsi barədə bildirdikləri həmin halların yoxlanılması zamanı təsdiqini tapmamışdır. Borclu Şəxs hazırda təklif etdiyi hissə-hissə icra ilə bağlı məhkəmə qeyd edir ki, borclu hissə-hissə icranı təklif etsə də, tələbkar hissə-hissə icranı qəbul etmir və tələbkarın hissə-hissə icradan imtina etməsi qanuna zidd deyil. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4038/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən göründüyü kimi borclu Şəxs 3798 (üç min yeddi yüz doxsan səkkiz) manat məbləğində dəymiş zərər, 200 (iki yüz) manat məbləğində vəkilin göstərdiyi yardıma görə xərc və ödənilmiş 60 (altmış) manat dövlət rüsumu olmaqla, ümumilikdə 4098 (dörd min əlli səkkiz) manat tutularaq iddiaçı X7 ödənilməlidir. Başqa sözlə, qətnamənin icra üsulu hissəhissə ödəniş şəklində deyil. Borclu qətnamənin icrasız qalmasının səbəbini maddi vəziyyətinin aşağı olması ilə əlaqələndirsə də, məhkəmə bunu inandırıcı hesab etmir. Belə ki, məhkəmədə borclu Şəxs tələbkar X7 həm də ilkin ödəniş kimi beş yüz manat təklif etmişdir. İşləmədiyi üçün maddi imkanı olmadığını bildirən və dörd aydan artıq müddətdə heç bir ödəniş etməyən borclu Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra, tənbeh təhdidi altında tələbkara beş yüz manat ilkin ödəniş təklif etməsi sözügedən icra sənədinin bu vaxtadək icrasız qalmasının səbəbinin borclu Şəxs maddi durumunun yetərsizliyi deyil, məhz qərəzindən irəli gəldiyini (qəsdən ödəniş etmədiyini) təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, borclunun barəsində təsir tədbirləri görülməlidir. Çünki, icra sənədinin icra olunmaması tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzadır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi tam sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, tələbkarın əmlak mənafelərini və icra sənədinin icra olunmamasının tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığı nəzərə alaraq hesab edir ki, Şəxs yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, onun məhkəməyə verildiyi məsələ elə pul məbləğinin ödənilməməsi ilə bağlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 25 fevral 2025-ci il tarixdən hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən ELÇİN AĞAYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar