Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1039/2024 28.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə inspektoru X3 iştirakı ilə, X1 tərəfindən Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 tərəfindən Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi xx.xx.2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 27 yanvar 2024-cü il tarixdə daimi yaşadığı Masallı Rayonu Xıl kəndindən alman dilini təkmilləşdirmək üçün Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində qalmağa yeri olmadığı üçün müvəqqəti olaraq Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Y.Həsənov küçəsi ev 9-da X5 məxsus şəxsi evdə kirayəşin kimi məskunlaşmışdır. 30 yanvar 2024-cü il tarixdə saat 19 radələrində sözügedən ünvana 2 nəfər polis əməkdaşı gəlmişlər və özlərini 7-ci Polis Bölməsinin əməkdaşları kimi təqdim edərək yaxınlıqdakı ərazidə oğurluq hadisəsinin olması səbəbilə pasport rejimini yoxlayacaqlarını bildirmişlər. Polis əməkdaşları qonşuluqdakı evlərə girmədən birbaşa o yaşadığı ünvanda yoxlama aparmışlar. Onun şəxsiyyətini müəyyənləşdirdikdən sonra hansı səbəbə qeydiyyata düşmədiyini soruşmuşlar, o isə onlara rayondan təzə gəldiyini, şəhərə o qədər bələd olmadığını, tez bir zamanda qeydiyyata düşmək istədiyini bildirmişdir. Onlar onun sözlərinə fikir verməmişlər, ona və ev sahibinə qarşı polis əməkdaşına yaraşmayan tərzdə nəzakətsizlik etmişlər. Polis əməkdaşlarından biri bir neçə ay bundan qabaq küçədə kamera quraşdırarkən qonşulardan fərqli olaraq ev sahibinin onlara pul vermədiyini, məhz elə buna görə də bu qanunsuzluğa göz yummayacaqlarını bildirmişdir. Ev sahibi isə həmin dövrdə rayonda olduğu üçün kamera üçün pul verə bilmədiyini demişdir. Səhəri gün (31.01 2024) saat 14:39-da onun mobil telefonuna AR İXM-nin 563.1-ci maddəsinə əsasən 30 manat cərimə olunmasına dair sms gəlmişdir. Həmin gün saat 16:47-də yenidən telefonuna “siz Daxili İşlər Nazirliyi tərəfindən AR İXMnin 563.1-ci maddəsinə əsasən 30 (otuz) manat cərimə edilirsiniz” mətnində sms gəlmişdir. Cərimədən sonra 7-ci Polis Bölməsinə yaxınlaşmış, ona seçkilərdən sonra gəlməsini bildirmişlər. 9 fevral 2024 tarixində (saat 13:00-da) 7-ci polis bölməsinə yenidən yaxınlaşmış, polis mayoru Zamir Şirəliyev ilə görüşmüş, hadisəni olduğu kimi danışmışdır. Polis mayoru Zamir Şirəliyev qanunlara tabe olmadığı üçün onu təqsirli bilmiş, ona hətta psixoloji problemi olduğunu söyləmişdir. Hətta, polis mayoru Zamir Şirəliyev ərazi rəisi Hikmət Abbasova ona əlavə 30 manat da cərimə yazması barədə deyəcəyini bildirmişdir. O, çox qısa müddət, yəni 2-3 gün idi ki, sözügedən ünvanda kirayəşin kimi yaşadığından pasport qaydalarını bilərəkdən pozmamışdır. Polis əməkdaşlarının xəbərdarlığından dərhal sonra ünvana qeydiyyata düşmüşdür. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında X1 şikayətin məzmununa uyğun çıxış etmiş, əlavə olaraq artıq yaşadığı həmin kirayə evdən çıxacağını, sadəcə məhkəmə iclasında iştirak etmək istədiyi üçün Bakı şəhərində qaldığını, məhkəmə iclasında iştirak etdikdən sonra yaşadığı Masallı rayonuna geri qayıdacağını, bu səbəbdən növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini, növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, bildirərək onun tərəfindən verilmiş şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə inspektoru X7 şikayətin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətin dəlilləri ilə tanış olmuşdur. Şiksayətdə göstərilənlər əsassızdır. Həmin ünvanda yerləşən ev mülkiyyətçi tərəfindən bir günü təxminən 3-5 manata kirayə verilir, bir evdə isə iyirmi otuz adam birlikdə kirayədə yaşayırlar. Rəsulzadə qəsəbəsi adlandırılan həmin qəsəbə Xutor deyilən ərazidir, həmin ərazidə oğurluq, xırda talama və digər əməllərin tez-tez baş verməsi, bu əməllərin qarşısının alınması üçün polis əməkdaşları tərəfindən daimi yoxlamalar aparılaraq orada yaşayan sakinlər kirayədə qaldığı hallarda müvəqqəti qeydiyyata düşmələri tələb edilir. Qeyd edilən ünvanda o bir neçə dəfə olmuş, orada kirayədə yaşayan X4 əvvəlcə qanunverciliyin tələblərinə uyğun olaraq müvəqqəti yaşadığı yer üzrə qeydiyyata alınmalı olduğunu bildirmiş və bu barədə ona şifahi qaydada xəbərdarlıq etmişdir. Lakin, şəxs ona edilən şifahi xəbərdarlıqdan nəticə çıxartmamış, müvəqqəti qeydiyyata düşməmişdir. Bu səbəbdən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli EXP ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, X6 İXM-in 563.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. xx.xx.2024-cü il tarixli EXQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 İXM-in 563.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyini görə inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Beləliklə, məhkəmə iclasında X2 şikayət ərizəsi inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, İXM-in 563.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi həqiqətən X6 tərəfidən törədilmişdir. Məhkəmə X2 şikayətdə göstərdiyi xüsusatlara tənqidi yanaşaraq, inzibati məsuliyyətindən yayınmaq məqsədi daşıdığını hesab edərək, həmin xüsusatların Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X6 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. Vətəndaş olduğu yerdən getdikdə müvafiq dövlət orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. İXM-in 563.1-ci maddəsinə əsasən vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə- xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X2 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 tərəfindən Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi xx.xx.2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-1039/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1039/2024
28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver