Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-105/2022 03.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5, Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 266.2 və 271-ci maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər idarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs Açıq Səhmdar Cəmiyyəti İXM-nin 266.2 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinə aid avtomobillərə texniki xidmət sahəsinin daxilində tullantıların emalı yerləri müəyyən olunmaması səbəbindən ərazidə müxtəlif növ tullantılar qalaqlanmışdır. Bununla da, Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXM-in 266.2 və 271-ci maddələrinin tələbləri pozulmuşdur. Ona görə də, 22.11.2021-ci il tarixdə Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində MN ******* saylı inzibati protokol tərtib olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-4200/2021 saylı, 02.12.2021-ci il tarixli qərardada əsasən Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə tərtib edilmiş 22.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 11 X3 və Təbii Sərvətlər İdarəsinə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər idarəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-4200/2021 saylı, 02.12.2021-ci il tarixli qərardadına etiraz edərək inzibati xəta haqqında işə baxılmasının təmin edilməsini xahiş etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər idarəsi tərəfindən tərtib olunmuş MN ******* saylı, 22.11.2021-ci il tarixli inzibati xəta haqqında protokol qanunsuz və əsassızdır. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasında hüquqi şəxs barəsində tərtib edilmiş protokolun qanuni olduğunu və inzibati xəta hadisəsinin Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən törədildiyini nəzərə alaraq hüquqi şəxs barəsində inzibati xəta haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 verdiyi izahatında bildirmişdir ki, 22.11.2021-ci il tarixdə inzibati orqanın əməkdaşları müəssisəyə gəlmiş və sahibkarlıq subyektinə məxsus əraziyə baxış keçirmək istədiklərini bildirmişdirlər. Onun iştirakı ilə əraziyə baxılmış və daha sonra inzibati xəta haqqında protokolun tərtib ediləcəyi bildirilmişdir. Lakin inzibati orqanın əməkdaşlarına protokolun əsassız olduğu, yığılan tullantıların ancaq kağızdan ibarət olduğu və mütəmadi olaraq təmizləndiyi, təhlükəli hesab edilən kimyəvi yağ tullantılarının isə ayrıca konteynerlərdə toplandığını bildirsələr də buna əhəmiyyət verməmişdirlər. Həmçinin o bildirmişdir ki, kağız tullantıların qalaqlandığı ərazi yaşayış ərazisi deyildir və Şəxs ASC-yə məxsusdur. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki: 1) Hazırki inzibati xəta ilə bağlı toplanmış materiallardan görünür ki, inzibati xəta haqqında protokol İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Lakin 22.11.2021-ci il tarixdə tərtib edilmiş protokolda İXM-nin 266.2-ci maddəsinin dispozisiyasında qeyd edilən xətanın törədilməsi ilə bağlı qeyd aparılsa da İXM-nin 271-ci maddəsi üzrə inzibati xətanın törədildiyi qeyd edilməmişdir. 2) Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları;.. Bundan başqa, inzibati xəta haqqında protokol tərtib edilərkən Cəmiyyətin nümayəndəsinin iştirakı təmin edilərək ona hüquq və vəzifələri izah edilməmiş və bu barədə protokolda heç bir qeyd aparılmamışdır. Halbuki qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bir qayda olaraq hər bir şəxsə onun barəsində aparılan icraatla bağlı hüquq və vəzifələri dərhal izah edilməli, eləcə də onun hüquq və vəzifələrinin aydın olması barədə protokolda müvafiq qeyd aparılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Göründüyü kimi, qanunvericilik İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. 3) Barəsində İXM-nin 271-ci maddəsi ilə protokol tərtib etmiş şəxs tərəfindən həmin maddənin dispozisiyasında qeyd edilən xətanın törədilməsi ümumiyyətlə iş materialları ilə müəyyən edilmir. Həmin normanın tələbinə görə sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi inzibati xəya hesab edilir. Lakin iş materialları ilə qalaqlanan tullantıların yandırılmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmiş, bununla bağlı inzibati orqan tərəfindən araşdırma aparılmamışdır. 4) Həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Müvafiq Qanunun 2.1-ci maddəsinə görəbu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qanunun 2.2-ci maddəsinə görə Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara münasibətdə isə həmçinin 26-cı maddəsi istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Göründüyü kimi planlı (növbəli) və ya plansız (növbədən kənar) yoxlama vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirildiyindən iş materialalrına əlavə edilmiş AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən tərtib edilmiş 22.11.2021-ci il tarixli Monitorinq aktının hüquqi nəticəsi mövcud ola bilməz. Odur ki, məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Hətta təqsir sübut edilsə belə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun qaydada yoxlama həyata keçirilmədiyindən hüquqi şəxs inzibati xəta üzrə məsuliyyətə cəlb edilə bilməz. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış ziddiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-105/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-105/2022
03.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver