Məhkəmə qərarları › İş №3(001)-1052/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1052/2022

07.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1052/2022 07.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X5 iclas katibliyi, Protokolu tərtib etmiş inzibati orqan Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Vəkil iştirakı ilə xx.xx.1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206 və 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 06.04.2022-ci il tarixli MN ******* saylı, 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalarnı törətməsinə dair 06.04.2022-ci il tarixli MN 1098252, MN ******* və MN ******* nömrəli protokollar Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsindən məhkəməyə daxil olmuşdur. 06.04.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs narkotik vasitədən istifadə etmişdir. 06.04.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs X10 məxsus X13 yerləşən bağ evinin çöl hissəsindən su mühərrikini və su şlanqını oğurlayıb 400 manat maddi ziyan vurmuşdur. 06.04.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs X3 məxsus X13 yerləşən bağ evinin hasarından elektrik naqilini oğurlayıb 90 manat maddi ziyan vurmuşdur. 06.04.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 18.03.2022-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Cil Massivində yaşayan X4 məxsus evə daxil olub müşahidə kamerasınıoğurlayaraq 95 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru, polis mayoru X6 tərtib olunmuş inzbati xəta haqqında protokolları müdafiə edərək Şəxs barəsində həmin maddələrin sanksiyası həddində müvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətalarda özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, o bir müddətdir ki narkotik vasitədən istifadə edir. Müalicə olunmaq istəyir. Oğurladığı əşyaların qiymətini bimir. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil inzibati xətanı törətmiş Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 05.04.2022-ci il tarixli 1609 saylı rəyindən görünür ki, müayinə zamanı Şəxs opioidlərin və psixostimulyatorlarınn birgə qəbul edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narokomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” AZA № 015836 nömrəli, 06.04.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 06.04.2022-ci il tarixdə, saat 12:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis kapitanı Rəşad Yaqubovun 07.03.2022ci il tarixli qərarından görünür ki, digər hər hansı bir sübut araşdırılmamışdır. Qərarda yalnız vurulmuş ziyanın məbləği 500 manatdan az olduğu üçün cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis kapitanı Rəşad Yaqubovun 04.04.2022ci il tarixli qərarından görünür ki, digər hər hansı bir sübut araşdırılmamışdır. Qərarda yalnız vurulmuş ziyanın məbləği 500 manatdan az olduğu üçün cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru, polis mayoru tərəfindən tərtib edilmiş 06.04.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biridir. Məhkəmə qeyd etmək istəyir ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi özünün etirafedici ifadəsindən başqa, heç bir sübutla öz təsdiqi tapmamış və bu barədə iş materiallarına hər hansı bir sübut əlavə edilməmişdir. Hadisənin baş verdiyi yerdən əlbarmaq izləri götürülməmiş, hadisənin törədilmə anı video müşahidə kameralarına düşməmiş, hadisənin şahidləri müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş Şəxs oğurluq hadisələrini etiraf etməsinə tənqidi yanaşır, belə ki, Şəxs 06.04.2022-ci il tarixdə Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı Süleyman Qəşəmliyə yazdığı izahatlarında oğurluq hadisələrini törətdiyini etiraf etsə də, hadisənin dəqiq tarixini qeyd etməməsi, hadisəni hansı şəraitdə, günü hansı vaxtında törətdiyini qeyd etməməsi, inzibati protokolla zərərçəkmiş şəxslərin tanış edilməməsi, onların inzibati xəta hadisəsini törətmiş şəxsi tanıyıb-tanımamalırı barədə izahatlarının alınmaması kimi halların araşdırılmamsı işdə olan sübutların natamam olmasına dəlalət edərək xırda talamaların həqiqətən də onun tərəfindən törədilməsini qeyri-müəyyən edir. Beləliklə məhkəmə araşdırması zamanı, Şəxs tərəfindən oğurluq hadisələrinin törədilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs qanunsuz olaraq narkotik vasitələrin istehlakında ifadə olunan əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan inzibati xəta olduğundan o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi və əmlak vəziyyəti nəzərə alınmaqla, eləcə də inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm onun, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə Şəxs tənbehin, inzibati həbs növündə təyin edilməsi inzibati tənbehin məqsədlərinə uyğundur. Beləliklə məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada həbs edilməli, Şəxs İXM-nin 227-ci maddəsi üzrə təqsiri sübuta yetirilmədiyindən barəsində həmin məcəllənin 53.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 53, 114-117, 128-130, 206 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 01 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 06.04.2022-ci il tarixindən, saat 12:00 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış icraata İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair sənədlər Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar