Məhkəmə qərarları › İş №3(001)-1104/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1104/2022

12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1104/2022 12.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlu, X6 iclas katibliyi, Protokolu tərtib etmiş orqan Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X4, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, Müdafiəçi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə xx.xx.1960-cı il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1ci maddəsi ilə inzibati xəta törətməsinə dair Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X9 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq məhkəmə Müəyyən etdi: Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X9 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 12.04.2022-ci il tarixli, MN ******* saylı protokola əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5114/2021 saylı, 16.12.2021-ci tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 15785 manat məbləğində pul və 24 manat dövlət rüsumu iddiaçı X5 ödənilməsi qət edilmişdir.Borcluya borcun ödənilməsi barədə bildiriş göndərilməsinə baxmayaraq borcu icra sənədinin icrasını tam təmin etməmişdir. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X9 borclunun hazırda xeyli miqdarda borcu olduğunu, borcunu qərəzli olaraq ödəmədiyini və bunun nəticəsində tələbkarın çoxsaylı şikayətlər etdiyini və protokolda göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - (borclu) Şəxs bildirdi ki, gəliri az olduğuna görə maddi cəhətdən çətinlik çəkir, buna görə də, borcunu tam ödəyə bilmir. Buna görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmədən ona inzibati qaydada yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X7 hüquqlarını müdafiə etdiyi şəxsin gəliri az olduğunu, yaşlı olmasını və maddi vəziyyətini nəzərə alaraq inzibati qaydada ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən tələbkar X8 borclunun ona hal-hazırda xeyli miqdarda borcu olduğunu, borcunu tam ödəmədiyini və protokolda göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə (borclunun) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin, icra məmurunun və tələbkarın çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min maanatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, icra sənədi üzürsüz səbəbdən uzun müddət tam icra olunmamış, icra sənədinin tam icra edilməməsində Şəxs təqsiri sübuta yetirilmişdir. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, məhkəmə qərarının uzun müddət tam icra olunmadığını nəzərə alaraq hesab edir ki, o, inzibati qaydada cəzalanmalıdır.Eyni zamanda, məhkəmə borclu Şəxs təqsirini etiraf eməsini, əməlindən peşman olmasını, yaşını nəzərə alaraq hesab edir ki, o, inzibati qaydada cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 500 (beş yüz) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar