Məhkəmə qərarları › İş №3(001)-1107/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1107/2021

23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1107/2021 23.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin 16cı PB tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 müraciət edərək, Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin 16-cı PB tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, barəsində xx.xx.2021-ci il tarixdə qanunsuz və əsassız olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə MN ******* saylı protokol və onun əsasında MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin protokola və qərara əsasən, Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşı tərəfindən guya onun tibbi maskadan istifadə etməməsi göstərilərək, qanunsuz və əsassız protokol tərtib edilmişdir. Həmin protokol və onun əsasında qəbul edilmiş qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, o, xx.xx.2021-ci il tarixdə Bakı şəhərində, adını bilmədiyi küçədə hərəkətdə olarkən, polis əməkdaşı onu yanına çağırmışdır. O, polisin yanına getdikdə isə polis ondan şəxsiyyət vəsiqəsini təqdim etməsini tələb etmiş, daha sonra isə “maskanı çıxart görüm şəxsiyyət vəsiqəsindəki şəxs sənsən?” deyərək maskanı aşağı salmasını bildirmişdir. O, polisin göstərişinə tabe olaraq maskanı aşağı çəkdikdə isə “sənə cərimə yazdım, gedib 100 manat ödəyərsən” deyə bildirmişdir. O, həmin polis əməkdaşına nəyə görə onunla bu cür rəftar etməsini, maska taxdığını, onun tələbindən sonra maskanı aşağı saldığını və onun əməlinin düzgün olmadığını bildirmişdir. Lakin o, “mən yazıram, sən şikayət edərsən, silərlər” deyə laqeyd şəkildə cavab vermişdir. O, hər zaman küçədə olarkən maskadan düzgün istifadə etmişdir. Həmin gün də kursdan çıxıb evə gedirkən maskadan lazımi qaydada istifadə etmişdir. Hər hansı qanun pozuntusuna yol verməməsinə və təqsirinin olmamasına baxmayaraq, heç bir hüquqi əsas olmadan barəsində qanunsuz və əsassız protokol tərtib edilmişdir. O, Azərbaycan Dillər Universitetinin tələbəsidir və bir vətəndaş, eyni zamanda ali təhsil alan bir tələbə kimi öz məsuliyyətini dərk edir və elə ilk günlərdən pandemiya ilə mübarizə çərçivəsində qəbul edilən qayda və qanunlara ciddi riayət etmişdir. Lakin onun hüquqları, eyni zamanda inzibati qanunvericiliyin norma və prinsipləri kobud şəkildə pozularaq barəsində qərar qəbul edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında X3 şikayəti müdafiə edib onun məzmununa uyğun izahat verərək məhkəmədən Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin 16-cı PB tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinib, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X3 barəsində Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin 16-cı PB tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, X3 tərəfindən fərdi qoruyucu vasitlərdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilən tələblərin pozulması halı aşkar edilsə də, onun həmin pozuntusu Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin 16-cı PB əməkdaşının tələblərinin yerinə yetirilməsi ilə bağlı olmuşdur. Çünki şikayətdə də qeyd edildiyi kimi polis əməkdaşı tərəfindən şəxsiyyətin müəyyən edilməsi məqsədi ilə X2 qoruyucu maskanın aşağı endirilməsi tələb olunduqda sonuncu tələbə riayət edərək maskasını aşağı endirmişdir. Buna baxmayaraq isə polis əməkdaşı tərəfindən X3 barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq sonuncu inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd edilməlidir ki, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə X1 təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan bütün xüsusatlar sonuncunun təqsirsiz olmasına dəlalət edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin 16-cı PB tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-130-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 tərəfindən verilmiş şikayət təmin edilsin. X3 barəsində Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin 16-cı PB tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar