Məhkəmə qərarları › İş №3(001)-111/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-111/2022

31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-111/2022 31.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 464-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Şəxs barəsində İXM-in 464-cü maddəsi ilə tərtib edilmiş 24.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs tərəfindən 2019-cu il üzrə maliyyə hesabatlarının 2020-ci ildə auditi aparılmamışdır. Nəticədə, Şəxs barəsində İXM-in 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törədilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəm iclasında Şəxs nümayəndəsi X2 cəmiyyət tərəfindən 2019-cu il üzrə maliyyə hesabatlarının 2020-ci ildə auditinin aparılmamasını qəbul etdiklərini etiraf edib, cəmiyyətin inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi səbəbi ilə inzibati xəta haqqında iş ürə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 13.12.2021-ci il tarixli bildirişindən görünür ki, Şəxsndən 2019-cu il üzrə maliyyə hesabatlarının auditinin keçirilməsi ilə əlaqədar auditor rəyinin təqdim edilməsi xahiş olunmuşdur. 24.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən 2019-cu il üzrə maliyyə hesabatlarının 2020-ci ildə auditi aparılmamış və bu səbəbdən cəmiyyət barəsində İXM-in 464-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, iş materiallarını hərtərəfli və əhatəli şəkildə tədqiq edib hesab edir ki, Şəxs əməlində İXM-in 464-cü maddəsinin tərkib əlamətləri olsa da, Cəmiyyətin məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. 16-cı maddəsinə əsasən auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir; 17-ci maddəsinə əsasən təsərrüfat subyektinin rəhbərliyi (mülkiyyətçisi) auditin aparılması üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir və onların düzgünlüyünə məsuliyyət daşıyır. O, auditorun sorğusuna dair yazılı və şifahi izahatlar verməyə borcludur. Bununla yanaşı təsərrüfat subyektləri özləri auditor seçməkdə sərbəstdirlər. Təsərrüfat subyektləri maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə sərbəst və ya auditor təşkilatı ilə hər hansı müddətdə müqavilə bağlamaq hüququna malikdirlər. Bu cür müqavilələr yoxlama xarakteri daşıdıqda, auditor yoxlamanın nəticələrinə görə müəyyən olunmuş qaydada akt tərtib edilir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.7-ci maddəsinə əsasən maliyyə hesabatları - mühasibat uçotu subyektinin, yəni mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır; 11-ci maddəsinə əsasən kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir: - il ərzində oktyabr ayının 1-dək yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla; - oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla; - digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq hüquqi şəxslər kommersiya, qeyri-kommersiya və publik hüquqi şəxslər formasında yaradıla bilər. Kommersiya hüquqi şəxslərə isə təsərrüfat ortaqlıqları və təsərrüfat cəmiyyətləri daxildir. Təsərrüfat cəmiyyətləri də öz növbəsində məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4 və 91.5-ci maddələrinə müvafiq olaraq məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, cəmiyyətin işlərinin aparılması nəticələri haqqında cəmiyyət tərəfindən məlumatların dərc edilməsi (açıq hesabat) tələb olunmur. Beləliklə, yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektləri öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri sırasına daxildirsə və ya qanunvericilikdə birbaşa olaraq məcburi audit yoxlamasının keçirilməsinə dair göstəriş mövcuddursa, həmin təsərrüfat subyektlərində imperativ qaydada məcburi audit yoxlaması keçirilməlidir. Bu cür məcburi audit yoxlanılmasından yayınma isə İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Qanunun qeyd olunan müddəalarından aydın olduğu kimi, məhdud məsuliyyətli cəmiyyət hər ötən ilə dair maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq üçün müstəqil aiuditor cəlb etməyə borcludur. Qanunvericilikdə maliyyə hesabatlarının təqdim edilməsinin son tarixi göstərilsə də (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli, 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər), həmin hesabatlara auditor rəyinin əlavə edilməsi və ya hər ötən il üçün auditor cəlb edilə biləcəyi son müddət öz əksini tapmamışdır. Belə olduğu halda məhkəmənin gəldiyi qənaətə görə, hər ötən il üçün tərtib edilmiş maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün müstəqil auditorun cəlb edilməsi növbəti il ərzində, ilin sonunadək həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinin anlamından həmin maddədə məhdud məsuliyyətli cəmiyyətin illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq məqsədilə müstəqil auditor cəlb etməli olduğu müddət “hər il” kimi göstərildiyindən, bu müddət hər növbəti ilin sonunadək olan dövrü əhatə etməsi kimi başa düşülür. Belə olduqda Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məcburi audit cəlb edilməmişsə, İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi vaxtı növbəti ilin yanvar ayının 1-i tarixinə təsadüf edir. Qeyd olunanlardan göründüyü kimi, hüquqi şəxs Şəxs tərəfindən 31.12.2020-ci il tarixdən gec olmayaraq, 2019-cu il üzrə maliyyə hesabatlarının auditi aparılmayaraq, müvafiq icra hakimiyyəti orqanına təqdim edilməmişdir. Bununla da, Şəxs “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmışdır. Bu hal inzibati xəta haqqında tərtib edilmiş protokol və iş materialları ilə sübuta yetirilmişdir. Bununla yanaşı, qeyd edilməlidir ki, Şəxs 2019-cu il üzrə maliyyə hesabatlarının auditinin 2020-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən cəmiyyət barəsində İXM-in 464-cü maddəsi ilə 24.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin hazırda Şəxs inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Çünki qeyd olunduğu kimi, Şəxs tərəfindən 31.12.2020-ci il tarixdən gec olmayaraq, 2019-cu il üzrə maliyyə hesabatlarının auditini aparmalı idisə, həmin vaxtdan bir il müddətə də, yəni 31.12.2021-ci il tarixədək inzibati məsuliyyətə cəlb edilməli idi. Göründüyü kimi, Maliyyə Nazirliyi tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol inzibati xətanın törədildiyi vaxtdan, yəni 2019-cu il üzrə maliyyə hesabatlarının auditinin aparılmalı olduğu ən geci 31.12.2020-ci il tarixdən bir ildən artıq müddət keçdikdən sonra tərtib edilərək baxılması üçün məhkəməyə verilmişdir. İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş 24.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs İXM-in 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş 24.12.2021ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar