Məhkəmə qərarları › İş №3(001)-112/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-112/2023

17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-112/2023 17.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən X1 müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin 13 sentyabr 2021-ci il tarixli 12000/5382 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin 13 sentyabr 2021-ci il tarixli 12000/5382 saylı qərarına əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan 20.000 manat məbləğində valyuta dəyərinin 50 faizi, yəni 10.000 (on min) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan X3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2021-ci il tarixli, 12000/5382 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 3(001)- 112/2023 saylı qərarı ilə X1 şikayəti təmin edilərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2021-ci il tarixli, 12000/5382 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və X1 barəsində Azərbaycan Respublikası İXM-in 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsi şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-549/2023 saylı, 17 mart 2023-cü il tarixli qərarı ilə Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 12000/5382 saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair 3(001)-112/2023 saylı, 26 yanvar 2023-cü il tarixli qərar ləğv edilərək və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında şikayət verən X1 müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil şikayəti müdafiə edərək bildirmişdir ki, Asif Yusifov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, 12000/5382 nömrəli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10000 (on min) manat məbləğində cərimə edilmişdir. İşin araşdırılmasında onun iştirakı təmin edilməmiş, eyni zamanda ona təqsirsizliyini təsdiq edən sübut təqdim etməyinə imkan yaradılmamış, habelə qərarın surəti ona verilməmiş və ona qərardan qanunla müəyyən edilmiş müddətdə şikayət vermək imkanı yaradılmadan qərar icraya yönəldilərək Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə göndərilmişdir. Həmin qərar haqqında Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsində icra sənədi üzrə icraata başlamaq barədə qərar qəbul edildikdən sonra ona məlumat verilmiş və xahişi əsasında qərarların surəti ona təqdim edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, 12000/5382 nömrəli qərarı ilə tanış olarkən məlum olmuşdur ki, bəyannamələr üzrə ixrac etdiyi malın dəyərinin 180 (yüz səksən) gün müddətində Azərbaycan Respublikasının müvəkkil bankları vasitəsi ilə Azərbaycan Respublikasına qaytarılmaması səbəbindən barəsində mübahisələndirilən qərarla 10.000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Lakin, o, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, 12000/5382 nömrəli qərarı ilə razı deyil, onu qanunsuz və əsassız sayır və aşağıdakılara əsasən hesab edir ki, həmin qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, mübahisələndirilən qərarda «Valyuta tənzimi haqqında» Azərbaycan Respublikasının qanununa və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları»na istinad edilərək qeyd edilmişdir ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin edilməlidir. Lakin tərəfindən İran İslam Respublikasına ixrac edilmiş malın dəyərinin Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına köçürülməklə xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmasının 180 gün ərzində təmin edilməməsi onun iradəsindən asılı deyil, İran İslam Respublikasının banklarına tətbiq edilmiş maliyyə sanksiyaları səbəbindən mümkün olmamışdır. Xarici valyuta vəsaitlərinin Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına köçürülmə yolu ilə xaricdən 180 gün ərzində qaytarılması təmin edilməsə də, faktiki olaraq həmin pul vəsaitləri tərəfindən nağd şəkildə Azərbaycan Respublikasına qaytarılmışdır. Bundan başqa, mübahisələndirilən qərar müddət ötdükdən sonra qəbul edilmişdir. Belə ki, A.Yusifov tərəfindən malların ixracına xx.xx.2018-ci ildən başlanaraq xx.xx.2020-ci il tarixədək davam etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsi isə inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli qərarı bir il bir ay müddət keçdikdən sonra tətbiq etməklə İXM-in 38.1-ci maddəsinin tələbini pozmuşdur. Odur ki, Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin 13 sentyabr 2021ci il tarixli, 12000/5382 saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş qərarından şikayət verilən orqanın – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi təkrarən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə sözügedən şikayətə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin 13 sentyabr 2021-ci il tarixli, 12000/5382 saylı qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 13 sentyabr 2021-ci il tarixli 12000/5382 nömrəli qərardan görünür ki, vəzifəli şəxs X3 İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinmiş və 10000 (on min) manat məbləğində inzibati cərimə edilmişdir. 29 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin 12000/5382 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin və Nərimanov Rayon İcra Şöbəsinin icra ödənişinin alınması haqqında qərarının icrasını təmin etmək məqsədilə borclu X1 hesabında xarici valyutada olan pul vəsaitinin satışı inkasso sərəncamını icra edən banka həvalə edilmişdir. X3 tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər rəsmiləşdirilən 90 bəyannamə üzrə 659940,03 ABŞ dolları vəsaitin köçürülməsi DGK ilə Mərkəzi bank arasında “Forma 3.9.2.1” elektron hesabat sistemində öz əksini tapmamışdır. 659940,03 ABŞ dolları xarici valyutada vəsaiti milli valyutaya nisbətdə 1121898.05 manat təşkil edir. Beləliklə, məhkəmədə müəyyən edilmişdir ki, 90 gömrük bəyannaməsi üzrə xarici valyutada olan vəsaitin, yəni 659940,03 ABŞ dolları (1121898.05 manat) məbləğinin X3 tərəfindən müvəkkil olunmuş bank hesabına köçürülməsi təmin edilməmişdir. Ona görə də səlahiyyətli orqan tərəfindən onun əməli düzgün olaraq İXM-in 483-cü maddəsi ilə tövsif edilmiş və ona həmin maddəyə əsasən inzibati xətanın bilavasitə obyekti olan 20.000 manat məbləğində valyuta dəyərinin 50 faizi, yəni 10.000 manat məbləğində cərimə növündə tənbeh verilmişdir. Şikayət verən X1 müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil xarici valyutada olan vəsaitin X3 tərəfindən müvəkkil olunmuş bank hesabına köçürülməməsinin onun təqsiri üzündən baş vermədiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, məhkəmə şikayətin dəlillərinə, o cümlədən tərəflərin izahatlarına işdə toplanmış sübutlara əsasən qiymət verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 483-cü maddəsinə görə Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə -inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Belə olan halda aydın olur ki, şikayətin xarici valyutada olan vəsaitin X3 tərəfindən müvəkkil olunmuş bank hesabına köçürülməməsinin onun təqsiri üzündən baş vermədiyinə dair dəlilləri əsassızdır. Məhkəmə mübahisələndirilən qərarın müddət keçdikdən sonra qəbul edilməsinə dair şikayətin dəlillərini də əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Plenumunun qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsinə müvafiq dəyişikliklər edilənədək xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmasını təmin etməyən fiziki şəxs Azərbaycan Respublikası İXM-in 483-cü maddəsinin “Qeyd” hissəsinin tələbləri nəzərə alınmaqla inzibati məsuliyyətə cəlb edilə bilər. İşdən görünür ki, baş vermiş inzibati xəta hadisəsi faktı Cənub Ərazi Baş Gömrük İdarəsi Gömrük əməliyyatları İdarəsinin 34/012/001593 nömrəli raportu əsasında 15 mart 2021-ci il tarixdə aşkar edilmiş, faktla bağlı 11 avqust 2021-ci il tarixdə X3 barəsində Azərbaycan Respublikası İXM-in 483-cü maddəsi ilə inzibati xəta haqqında 12000- 5358/21 saylı iş üzrə icraat başlanmış və xx.xx.2021-ci il tarixdə 12000/5382 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının İXM-in 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Belə olan halda aydın olur ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən inzibati xətanın aşkara çıxarıldığı gündən bir il keçməmişdir. Göstərilənlərə əsasən məhkəmə şikayət verən şəxs X2 istinad edilən inzibati xətaya inzibati-xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət etmiş və onun əməli düzgün olaraq İXM-in 483-cü maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin 13 sentyabr 2021-ci il tarixli 12000/5382 saylı qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin 13 sentyabr 2021-ci il tarixli 12000/5382 saylı qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar