Məhkəmə qərarları › İş №3(001)-1125/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1125/2022

26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1125/2022 26.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X2, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" ASC-nin icraçı direktoru Şəxs nümayəndəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Salyan rayonu, Qızılağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" ASC-nin icraçı direktoru vəzifəsində işləyən, Salyan rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla yaşayan, "xxxx" ASC-nin icraçı direktoru Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən "xxxx" ASC-nin icraçı direktoru Şəxs barəsində İXM-in 528.1-cı maddəsi ilə tərtib olunmuş 11.04.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 16.03.2022-ci il tarixli, MTT(103)-70/2022 nömrəli icra sənədinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1288-ci keçid ünvanında yerləşən qeyri-yaşayış sahəsində ərizəçilər X5, X6 və X1 fəaliyyətlərinə hər hansı maneələrin yaradılması və fəaliyyət göstərmələrinə qadağaların qoyulmasının "xxxx" ASC-yə və digər şəxslərə qadağan edilməsi qət edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X7 bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 16.03.2022-ci il tarixli, MTT(103)-70/2022 nömrəli icra sənədi üzrə "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi tələbin icrası ilə əlaqədar icra şöbəsində icra işi ilə tanış edilmiş, müvafiq icra tədbirləri həyta keçirilmişdir. Lakin icra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq, "xxxx" ASC tərəfindən tələb üzrsüz səbəbdən icra edilmədiyi üçün, İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" ASC-nin icraçı direktoru Şəxs nümayəndəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X8 bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 16.03.2022-ci il tarixli, MTT(103)- 70/2022 nömrəli icra sənədi üzrə tələkralara "xxxx" ASC tərəfindən heç bir maneə yaradılmamış və onların fəaliyyət göstərmələrinə qarşı qadağa qoyulmamışdır. Tələbkar tərəfin icra şöbəsində müraciətlərində göstərdiyi xüsusatlar isə həqiqəti əks etdirmir. Çünki guya onların fəaliyyətinə "xxxx" ASC-nin maneə olması ilə bağlı hallar əsassızdır. Bununla bağlı onlarda müvafiq sübutlar vardır. Ona görə də, məhkəmədən qeyd olunanları nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildimrişdir ki, "xxxx" ASC tərəfindən icra sənədi üzrə olan tələb icra edilmir və cəmiyyət onlara və onların fəaliyyətinə mane olaraq qadağalar qoymuşdur. Hazırda həmin ərazidə o və digər ərizəçilər olan Azad və Ramil fəaliyyət göstərə bilmirlər, işıqları sönülü, suları kəsilmiş, su quyularında olan avadanlıqlar korlanmış və oğurlanmışdır. Onların fəaliyyətləri işıq və sudan asılı olduğundan işlərini davam etdirə bilmirlər. Bunların isə səbəbi "xxxx" ASC-dir. Ona görə də, məhkləmədən onlara kmək göstərilməsini və buna səbəb olan şəxslərin inzibati məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları tədqiq edərək hesab edir ki, "xxxx" ASC-nin icraçı direktoru Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müəyyən edilmişdir. Halbuki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 1288-ci keçid ünvanında yerləşən qeyri-yaşayış sahəsinə 01.04.2022-ci il tarixdə baxış keçirilməsi barədə tərtib edilmiş akt üzrə "xxxx" ASC-nin tələkarların fəaliyyətinə maneə olması aşkar edilmiş olsa da, sonradan yəni, 25.04.2022-ci il tarixdə həmin əraziyə keçirilmiş baxış nəticəsində cəmiyyətin tələbkarlra və onların fəaliyyətinə maneə olmaması halı aşkar edilmişdir. Qeyd edilməlidir ki, mübahisəli məsələ ilə bağlı icra məmuru tərəfindən əvvəlki akta münasibətdə yenidən qeyd olunan əraziyə baxış keçirilmiş və bu zaman 01.04.2022-ci il tarixdə müəyyən edilmiş hallar 25.04.2022-ci il tarixdə keçirilmiş baxış zamanı öz təsdiqini tapmayaraq, həmin baxış zamanı aşkar edilmiş xüsusatlar əvvəlki aktdakı halları təkzib etmişdir. Çünki, 25.04.2022-ci il tarixdə keçirilmiş baxış zamanı tərtib edilmiş aktda Bakı şəhəri, Binəqədi rayonu, 1288-ci keçid ünvanında yerləşən qeyri-yaşayış sahəsində tələbkarların fəaliyyəti müəyyən edilməməsi, ərazinin söküntülü, işığının olmaması, tələbkarlara verilən işığın sayğacının olmaması, eləcə də işıq sayğacının "xxxx" MMC-yə məxsus olması və məhz "xxxx" MMC tərəfindən işığın onlara verilməməsi öz əksini tapmışdır. Həmçinin müəyyən edilmişdir ki, "xxxx" ASC-nin abonent kodu olmadığından tələkarlara işığın verilməsi "xxxx" ASC-nin icraçı direktoru Şəxs asılı olmamışdır. Göründüyü kimi, məhkəmədə toplanmış sübutlarla "xxxx" ASC-nin icraçı direktoru Şəxs Bakı Apellyasiya Məhkəməsinin 16.03.2022-ci il tarixli, MTT(103)-70/2022 nömrəli icra sənədi üzrə hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Onun təqsirli bilinməsinə dair inibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirliliyi sübut etmək yükü barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyəti orqanın (səlahiyyətli şəxsin) üzərinə düşür və şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmaması ilə yanaşı, sübut edə bilməməsi əsası ilə də onun inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Çünki qanunvericiliyin tələblərinə əsasən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 11.04.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair "xxxx" ASC-nin icraçı direktoru Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 11.04.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair "xxxx" ASCnin icraçı direktoru Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar