Məhkəmə qərarları › İş №3(001)-1132/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1132/2021

25.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1132/2021 25.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş MN №0973625 saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X4 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə şikayət ilə müraciət edərək Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş MN №0973625 saylı, xx.xx.2021-ci il tarixli inzibatı tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, pandemiya ilə əlaqədar 2020-ci ilin mart ayından etibarən bu günə kimi rəsmi iş yeri fəaliyyətini müvəqqəti dayandırmış və sentyabr ayından etibarən o maaş almır. Onu 10 fevral tarixində 17:44 radələrində, yaşadığı evin yaxınlığında post patrul xidmətinin əməkdaşı polis kapitanı Zaur Usubov avtomobildə xidmət apararkən saxlamışdır. Üzündə tibbi maskasının olmasına baxmayaraq, protokol (№ 0943780) tərtib edilmiş və ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2 11.2-ci maddəsilə 100 (yüz) manat cərimə yazılmışdır. Qeyd etmək istəyir ki, saxlamamışdan öncə, öz tibbi maskasını şəxsi ehtiyaclarına görə aşağı salmaq məcburiyyətində qalmış və daha sonra qoruyucu vasitəni müəyyən olunmuş tələblərə uyğun olaraq istifadəsinə davam etmişdir. Yoldaş kapitan Usubova, sual verərkən nədən protokolda qeyd etmisiniz ki, maskası üzündə olmayıb, söyləmişdir ki, istifadə qaydasını pozmusunuz. Təəssüf ki, protokolda xətanın mahiyyəti bölməsi yenilənməmiş və o, bu qərar ilə razı olmayıb imza atmamışdır. Bu hadisənin baş verdiyi ərazini və əlavə olaraq bəzi xırda məqamları nəzərə alınarsa, məhkəmədə o sübut edə bilər ki, onlar haqsız yerə onu cərimələmişdilər. Barəsində qəbul edilmiş qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətin baxılmasında iştirak etməsi üçün Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, habelə məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən X4 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin polis mayoru X1 tərəfindən qəbul edilən MN №0973625 saylı, xx.xx.2021-ci il tarixli qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Qərardan həmçinin görünür ki, X4 xx.xx.2021-ci il tarixində Binəqədi rayonu, 7 mkr, S.S.Axundov küçəsində tibbi maskasız evdən çıxaraq epidemiya əleyhinə sanitar-gigiyena qaydalarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Məhkəmə iş materiallarını araşdıraraq inzibati xətanın törədilməsini inkar edər hər hansı bir sübut müəyyən etmədiyindən, Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin MN №0973625 saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını haqlı olaraq qəbul edir. Belə ki, Azərbaycan Respublikası ərazisində epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə məcburi olduğu halda tibbi maskadan istifadə etmədən küçədə olduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, X2 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini və Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin MN №0973625 saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün hər hansı əsas olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131, 133-136-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X2 Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin MN seriyalı ******* saylı, xx.xx.2021-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar