Məhkəmə qərarları › İş №3(001)-1135/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1135/2023

28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1135/2023 28.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi Novruzova Cəmilə Davud qızının katibliyi, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2 və 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş materiallarının baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Şəxs İXM-in 327.1, 327.2 və 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində protokol tərtib edilmiş şəxs və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin nümayəndəsi inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. Məhkəmə, İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. İş materiallarında olan və tədqiq edilmiş: İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokolda Şəxs əks hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı apardığına görə sürücünün dayandırıldığı. Sərxoş vəziyyətdə olmasına əsaslı şübhə yarandığı üçün tibbi müayinədən keçirildiyi, müayinə nəticəsində ondan götürülən bioloji nümunədə narkotik vasitələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildiyi ilə bağlı İXM-nin 327.1, 327.2 və 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta pozuntusu törətməsi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 1145 saylı Aktda Şəxs sidiyində psixotrop maddə olan ampfetamin qəbulu faktının aşkar ollunduğu qeyd edilmişdir. Şəxs xx.xx.2023-cü il tarixli izahatında görünür ki, o, qanunsuz taksi fəaliyyəti ilə məşğul olur, xx.xx.2023-cü il tarixdə istifadəsində olan Toyota Pirus markalı, **-CH-*** dövlət nömrə nişanlı avtomobildə Binəqədi rayonu ərazisində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğuna görə YPX əməkdaşı tərəfindən saxlanıldığını, bundan sonra Sumqayıt ərazisində yerləşən narkoloji dispanserə aparılaraq tibbi müayinədən keçirildiyini, ondan götürülmüş nümunədə amfetamin izi aşkar olunduğunu, narkotik vasitə qəbul etdiyini , narkotik vasitələrdən 3-4 gündən bir istifadə etdiyini etiraf etmişdir. Məhkəmə,iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 333.1-ci maddəsindəki inzibati xətanı törətmişdir. Belə ki, "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.1-ci bəndinə görə nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3. özünü idarə edə bilmədikdə. İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Məhkəmə araşdırması zamanı Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirilmişdir. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs himayəsində 2 azyaşlı uşağı (X1 – doğum tarixi xx.xx.2021 və X2- doğum tarixi xx.xx.2017) vardır və əvvəllər onun tərəfindən İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə bu halları inzibati xəta törətmiş şəxsin əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində Rayon (şəhər) məhkəmələrinin həmin Məcəllənin müvafiq maddələri ilə inzibati xətalar haqqında işlərə baxılmasını aidiyyəti məsələsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxma səlahiyyəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilmişdir. Beləliklə, Şəxs törətdiyi əməlin ictimai təhlükəliliyi, taksi fəaliyyəti ilə məşğul olduğu, özünün izahatında etirafına əsasən narkotik vasitələrdən 3-4 gündən bir istifadə etdiyini, özünün və insanların həyatını nəqliyyat vasitəsini idarə edən zaman narkotik və psixotrop maddələrdən istifadə etməklə təhlükə altına aldığını nəzərə alaraq məhkəmə ona nəqliyyat vasitəsinin idarəetmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri təyin edilməsini ədalətli hesab edir. Həmçinin törədilən inzibati xətanın xarakterini, ilk dəfə inzibati xəta törətdiyini, himayəsində 2 azyaşlı uşağının olmasını inzibati tənbehin məqsədlərinə nail olacağını nəzərə alaraq onun nəqliyyat vasitəsini idarəertmə hüququnun 6 ay müddətə məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-nin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun nəıqliyyat vasitəsini idarəetmə hüququ 6 ay məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar