Məhkəmə qərarları › İş №3(001)-1139/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1139/2021

26.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1139/2021 26.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə müraciət edərək, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə maska taxmaqla evinə bitişik zibil qabına zibil atarkən Binəqədi RPİ 5-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılmış və guya Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələblərini pozduğuna görə barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Halbuki heç bir inzibati pozuntu törətməmiş və inzibati xəta haqqında protokola inzibati xəta törətmədiyinə dair protokola qeyd vermişdir. Buna baxmayaraq, barəsində qərar əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq bildirmişdir ki, Operativ Qərargahın məlumatına əsasən yaşayış yerinin yaxınlığında yerləşən zibil qabılarına məişət tullantılarının atılması üçün icazə tələb olunmur. Lakin polis əməkdaşı tərəfindən həmin məlumatın ziddinə olaraq barəsində qanunsuz qərar qəbul edilmişdir. Ona görə də, məhkəmədən inzibati tənbeh edilməsinə dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə cərimə olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xx.xx.2020-ci il tarixli məlumatına əsasən insanlara məişət tullantılarının atılması hallarına görə icazə verilmişdir. Göründüyü kimi, əvvəlcədən müəyyən edilmiş istisnalarla yanaşı insanların məişət tullantılarının atılması hallarına görə icazə almadan yaşayış yerini tərk edərək dərhal geri qayıtması müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən düzgün araşdırma aparılmayaraq X2 inzibati məsuliyyətə cəlb olunmuşdur. Qeyd edilənlər onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması... Beləliklə məhkəmə, şikayətçi X1 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 inzibati tənbeh olunmasına dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar