Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1140/2024 12.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X1, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X2 izahat verərək bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)-3083/2023 nömrəli icra vərəqəsinə əsasən Şəxs 7560 manat məbləğində borc və 95 manat 60 qəpik məhkəmə xərci tutularaq Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. Qeyd olunan icra işi üzrə icraata başlanmışdır, Şəxs bu gün axtarışla icra şöbəsinə gətirilmişdir. İcra məmuru Şəxs qeydiyyatda olduğu ünvanda olmuşdur, həmçinin sonuncunun ölkədən giriş-çıxış hüququ da məhdudlaşdırılmışdır. Ümumilikdə 7560 manat borcu vardır. Qeyd olunan icra sənədləri üzrə Şəxs tərəfindən icra məmurunun qanuni tələbləri yerinə yetirilmədiyindən sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs faktiki yaşadığı ünvan 2 ünvanına baxış keçirilməmiş, onun siyahıya alınacaq əmlakının olubolmaması müəyyənləşdirilməmişdir. Qeyd edilən icra işi şöbənin digər əməkdaşı Məhəmməd Qaragözovun icraatında olmuşdur. Zərərçəkmiş şəxs MMC tərəfindən şikayət edildiyi üçün borclu barəsində onun tərəfindən protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, hal-hazırda yaşadığı ünvana və həmçinin qeydiyyatda olduğu ünvana heç bir bildiriş göndərilməmişdir. Axtarışda olduğunu bundan öncə keçirilmiş ölkədən giriş-çıxış hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəmə iclasında öyrənmişdir .O zaman mobil telefonuna “sms bildiriş” vasitəsilə mesaj gəlmiş və bilmişdir ki, məhkəmə iclasında iştirak etməlidir. Həmin məhkəmə iclasında da iştirak etmişdir. xx.xx.2024-cü il tarixində Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin əməkdaşı Fərid Məmmədov onla əlaqə saxlamış və əməkdaş ona barəsində axtarış olduğunu bildirərək polis şöbəsinə dəvət etmişdir. O da öz növbəsində səhhətində olan problemlər səbəbi ilə polis şöbəsinə gələ bilməyəcəyini bildirmişdir. Bundan sonra həmin əməkdaş onun yaşadığı ünvana gəlmiş, axtarış barədə akta imza etdirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, sözügedən cəmiyyətə borcu aylıq olaraq ödəmək şərti ilə aldığı kosmetik aparatlardan yaranmışdır. Lakin aparatları aldıqdan sonra həmin aparatları ödəməyə maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Həmin aparatları aldıqdan sonra ödəyə bilmədiyi üçün və aparatları işlətmədiyindən aldığı cəmiyyətə qaytarmaq istəmişdir. Lakin həmin aparatlar işlədilmədiyi halda cəmiyyət onu geri qaytarmaqdan imtina etmişdir. Dəfələrlə Zərərçəkmiş şəxs MMC-yə bu barədə də müraciətlər etsə də müraciətləri cavabsız qalmışdır. Tələbkar hüquqi şəxsin nümayəndəsi xx.xx.2024-cü il tarixində onun yaşadığı ünvana gəlmiş, o, nümayəndəyə istifadə etmədiyi aparatları geri qaytararaq borcun bu şəkildə ödənilməsini təklif etmiş, lakin nümayəndə bu təklifə razı olmamışdır. Aparatları satın aldıqdan ilk 15 gün ərzində təşkilatçı ilə əlaqə saxlamış, aparatların pulunu ödəyə bilməyəcəyini, ilk bir ayını ödəyib geri qaytarmaq istədiyini bildirmişdir. Lakin digər tərəf ona müsbət cavab verməmişdir. O, yalnız ayda 50- 100 manat olmaqla ödəniş edə bilər. O, dəfələrlə zərər çəkmiş tərəfin nümayəndələrinə aldığı məhsulları geri qaytarmaq yolu ilə borcu ödəmək istədiyini bildirmiş, lakin razı olmamışlar. Məhsullar istifadə olunmamış, üzərində olan qoruyucu qabıqları belə açılmamışdır. Cəmiyyətin tələbi aylıq 600 manat təxminən ödəniş edilməsidir, həmin ödənişi hazırda maddi imkanı olmadığından ödəmək iqtidarında deyildir, himayəsində xx.xx.2012-ci il təvəllüdlü Əliyev Faiq və Əliyev Bəylər adlı əkiz, habelə xx.xx.2013-cü il təvəllüdlü Əliyev Raul adlı 3 azyaşlı övladları var. Həyat yoldaşı da işsizdir. Ona verilmiş suallara cavab olaraq icra məmurunun onun faktiki yaşadığı mənzildə olmadığını, siyahıya alınacaq daşınar əmlakının dəqiləşdirmədiyini, dəqiləşdirdiyi halda aldığı əşyaların üzərindəki qoruyucu qabların belə açılmadığının müəyyən olunacağını, yaşadığı mənzildə özünə daşınar əşyalar olduğunu bildirmişdir. Son olaraq barəsində inzibati tənbeh tətbiq edildiyi halda onun vəziyyətinin daha da acınacaqlı olacağını, borcunu o da ödəmək istədiyini, lakin borcunu hazırkı halda ödəyə bilməməyinin səbəbinin maddi imkanının olmaması olduğunu qeyd etmişdir. Məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, hazırda tələbləri 7560 manat borcun tam şəkildə ödənilməsindən ibarətdir. Şəxs ayda 50-100 manat olmaqla hissə-hissə ödəniş edə biləcəyini bildirir, lakin borcun qeyd olunan məbləğ şəklində ödənilməsi həmin məbləğin 75 ay ərzində bağlanması deməkdir. Satılmış məhsulun 75 ay ərzində ödənilməsi heç bir şəkildə satıcı şirkətə sərf etmir. Şəxs məhkəmə qətnaməsi çıxarıldığından bugünkü günədək heç bir ödəniş etməmişdir. Onun inzibati qaydada cərimə ediləcəyi halda heç bir nəticəsinin olmayacağını o da bilir, lakin onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3083/2023 nömrəli icra vərəqəsindən görünür ki, Şəxs 7560 manat məbləğində borc, 95 (doxsan beş) manat, 60 (altmış) qəpik məhkəmə xərci tutularaq Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. xx.xx.2023-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli, e-2-2(113)-3083/2023 nömrəli icra vərəqəsi üzrə icraata başlanılmışdır. “AzeMis” elektron informasiya sistemindən olan çıxarışdan görünür ki, Şəxs xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X5 adlı 3 azyaşlı övladı var. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxs nümayəndəsinin izahatlarını, eləcə də inzibati xəta haqqında iş üzrə materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Odur ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3083/2023 nömrəli icra vərəqəsinə əsasən Şəxs 7560 manat məbləğində borc, 95 (doxsan beş) manat, 60 (altmış) qəpik məhkəmə xərci tutularaq Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. Həmin borcun yaranmasına səbəb o olmuşdur ki, Şəxs həmin cəmiyyətdən müqavilə üzrə məhsullar almış, lakin aldığı aparatların pulunu ödəməmişdir. Lakin buna baxmayaraq həmin malları aldıqdan 15 gün sonra cəmiyyətlə əlaqə saxlayaraq, həmin malları geri qaytarmaq istədiyini, 1 ayın ödənişi edə biləcəyini bildirmişdir. Onun məhkəmə iclasında verdiyi izahata əsasən Zərərçəkmiş şəxs MMC-dən aldığı məhsullar istifadə olunmamış, üzərindəki qoruyucu qablar belə açılmamışdır. Eyni zamanda Şəxs heç bir yerdə faktiki olaraq işləmir və himayəsində 3 azyaşlı övladı vardır. Qeyd edilənləri Şəxs xx.xx.2024-cü il tarixli izahatında da göstərmişdir. Bundan başqa icra məmuru hazırkı halda barəsində protokol tərtib edilmiş Şəxs faktiki yaşadığı ünvan 2 ünvanında olmamış, onun xx.xx.2024-cü il tarixli izahatında göstərdikləri dəqiləşdirilməmiş, borcun icrasını təmin etmək üçün ona məxsus daşınar əmlakların olub-olmaması dəqiləşdirilıməmişdir. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsi icraya yönəlməsindən müəyyən müddət keçməsinə baxmayaraq icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikasının “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən (adına məhkəmə qətnaməsinin icrasının yönəldilə biləcəyi hər hansı əmlakın olub-olmamasının müəyyən edilməsi və.s.), yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35- ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Eyni zamanda “İcra haqqında” Azərbaycan Respublikası qanununda borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi (43.1.1) məcburi icra tədbirləri siyahısına aid edilmişdir. Həmçinin məcburi icra tədbirlərinin tətbiqi əsasları göstərilmişdir ki, sözügedən əsaslar həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunmasından (44.1.1), icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsindən (44.1.2) və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsindən (44.1.3) ibarətdir. Göstərilən 3 əsasdan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. (44.2) Məhkəmə iclasında isə tərəflərin izahatına əsasən müəyyən olunmuşdur ki, icra məmuru borclunun faktiki yaşadığı ünvanda olmamış, sonuncuya məxsus tələbin yönləndirilməsi mümkün olan əmlakın olub-olmaması müəyyən edilməmişdir. Bunun tam əksi olaraq isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Zərərçəkmiş şəxs MMC-dən alınmış məhsulların istifadə olunmadığını, qoruyucu qablarının belə açılmadığını, ona məxsus daşınar əmlakların olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, qeyd olunanlar araşdırılaraq həmin əmlaklar siyahıya alınıb satılaraq tələbin əmlaka yönəldilməsi mümkündür. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol Şəxs Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3083/2023 nömrəli icra sənədinə əsasən 7655,6 manat pulun tələbkara ödəməməsi və icra məmurunun qanuni çağırışlarına əməl etməməsi göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin çağrışlara əməl etməməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlara və tərəflərin izahatına əsasən təkzib edilmiş, icra işində Şəxs icra orqanına çağırılması barədə hər hansı bir sənəd aşkar edilməmişdir. Bundan başqa İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyət yaranması üçün borclunun icra sənədini qərəzli olaraq icra etməməsi mühüm şərtdir. Lakin Şəxs işləmədiyi halda aylıq 50-100 manat ödəniş etməsinin mümkünlüyünü bildirməsi, Zərərçəkmiş şəxs MMCdən aldığı məhsulların istifadə olunmaması və həmin malları geri qaytarmaq və ya satmaq yolu ilə borcunu ödəmək niyyətinin olması sonuncunun icra sənədini qərəzli olaraq icra etməməsini istisna edir. Faktiki olaraq Şəxs heç bir yerdə işləmir və himayəsində 3 azyaşlı övladı vardır. "Borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması" məhkəmə aktının qərəzli icra edilməməsinin mütləq əlamətidir (bütün əlamətlərin mövcudluğunu da təbii, borclu deyil, onu ittiham edən sübut etməlidir). Əgər borclunun borcu ödəməyə faktiki imkanı yoxdursa, burada hər hansı qərəzdən və məsuliyyətdən söhbət gedə bilməz. Nəzərə alınmalıdır ki, icra sənədi hər hansı bir hərəkət və ya hərəkətsizliklə bağlı deyildir, şəxsin hər hansı bir işi icra etməsi ilə əlaqədar deyildir, məhz şəxsdən pulun tutulub, tələbkara verilməsi ilə əlaqədardır. Hazırkı iş üzrə icra məmurunun tələbi də yalnız icra sənədindəki pulun ödənilməsi ilə əlaqədardır. Beləliklə, məhkəməyə daxil olmuş protokol və əlavə edilmiş materiallardan, icra işi materiallarından, tərəflərin izahatlarından borclu Şəxs hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, yəni borclunun tələbi ödəmək iqtidarının olması lakin konkret üzürsüz səbəbdən ödəməməsi, bununla da qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə sübuta yetirilmir. Onun təqsirli bilinməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən isə kifayət qədər sübut toplanılmamış, icra sənədinin icra olunmamasında Şəxs qərəzi və ya üzürsüz səbəblər barədə icra məmuru ümumiyyətlə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə deyil, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmaması qənaətinə gəlir və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini hüquqauyğun hesab edir. Belə ki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bütün bunlarla yanaşı qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Habelə, İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hazırkı halda Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında verilmiş icra sənədinin icrasız qalması mənasına gəlmir və icra məmuru yuxarıda qeyd edilən məcburi icra hərəkətlərini yerinə yetirdikdən və ya şəxsin qərəzli olaraq icra sənədini icra etməməsini təsdiq edən yeni sübutlar əldə etdikdən sonra yenidən inzibati xəta haqqında protokol tərtib edərək aidiyyatı üzrə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və İXM-in 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-1140/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1140/2024
12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver