Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1147/2024 17.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin böyük məsləhətçisi X6, “Leqal” Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 25 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsasında toplanmış materiala məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 25 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət baxılması üçün məhkəməyə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, 25 yanvar 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin gəldiyi nəticəyə əsasən X7 tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək vətəndaş X1 vəzifəsində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb etmişdir və İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Belə görünür ki, inzibati tənbeh tətbiq edən dövlət qurumu bütün araşdırmanı apararaq ədalətli nəticəyə gəlmiş olduğunu düşünür. Halbuki, bu qərar tamamilə əsassız və qərəzlidir. Belə ki, inzibati tənbeh tətbiq edilmiş Novruzov Əhməd 2023-cü ilin əvvəllərində "xxxx" MMC-nin direktoru vəzifəsində çalışmışdır. xx.xx.2023-cü il tarixdən isə qeyd olunan şirkətin direktoru X2r. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən “Ozan Construction" MMC barəsində inzibati xəta haqqında 18 yanvar 2024-cü il tarixli, MN ******* saylı protokol, MN ******* saylı qərardad tərtib edilərək iş Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-230/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə"xxxx" MMC-nin əməlində AR İXM-nin 192.1-ci maddəsinin tərkibi olmadığından barəsində çıxarılmış inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilmişdir. Belə ki, qeyd olunan qərarın 2-ci səhifəsində qeyd olunmuşdur ki, məhkəmə iclasında "xxxx" MMC-nin təşəbbüsü ilə şahid qismində dindirilmiş X14 çıxış edərək bildirmişdir ki, o, "xxxx" MMC-yə iş üçün keçən ilin yanvar ayında müraciət etmiş, müraciət etdikdən sonra ona sənədlərini gətirməsini bildirmişlər. O, xx.xx.2023-cü il tarixdə sənədlərini "xxxx" MMC-yə təqdim etmişdir. O, xx.xx.2023-cü il tarixdən rəsmi olaraq işləməyə başlamışdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində nəzərdə tutulan inzibati xəta tərkibinin olmadığı nəticəsinə gəlmişdir. Beləliklə, yuxarıdakı məhkəmə qərarından da bəlli olur ki, dövlət idarəsi qərəzli olaraq, araşdırma aparmadan cərimə tətbiq etmişdir. Həm də eyni əmələ görə ikii dəfə inzibati tənbeh tətbiq edilmişdir. Halbuki, Əmək Müfəttişliyi tərəfindən şikayətçinin izahatı belə alınmamış, yəni onun qeyd edilən dövrdə işə cəlb edilməsini müəyyən etmədən belə nəticəyə gəlmişdir. Halbuki, bu hal özü inzibati icraat qaydalarının pozulması hesab olunmalıdır. Məhkəmə iclasında şikayətçi X3 vəkili “Leqal” Vəkil Bürosunun vəkili X11 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı iə "xxxx" MMC-nin əməlində İXM-nin 192.1-ci maddəsinin tərkib əlamətləri olmadığından xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli qərarı ləğv edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində başlanan inzibati xəta haqqında iş üzrə icraata İXM-in 38-ci maddəsində nəzərdə tutulan müddətin başa çatması səbəbilə xitam verilməsini bildirərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi X7 barəsində başlanan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin böyük məsləhətçisi X15 şikayət ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)- 230/2024 saylı qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 192.1-ci maddəsinin tərkibi olmadığından barəsində MN seriyalı ******* nömrəli, 18 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilmişdir. xx.xx.2023-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişdən görünür ki, X4 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə direktor vəzifəsinə təyin olunmasına dair müddətsiz əmək müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X7 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 4000 manat inzibati cərimə tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-449/2024 saylı qərarından görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-230/2024 saylı qərarı ləğv edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinmiş və inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilmişdir. X3 İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, şikayət ərizəsində X7 2023-cü ilin əvvələrində "xxxx" MMC-də direktor vəzifəsində çalışdığını, xx.xx.2023-cü il tarixdən şirkətin direktorunun X4 olduğunu bildirmişdir. Halbuki, inzibati xəta hadisəsi xx.xx.2023-cü il tarixdə, yəni X3 MMC-nin direktoru olduğu dövrdə baş vermişdir və inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar əsaslı olaraq MMC-nin vəzifəli şəxsi qismində onun barəsində tərtib edilmişdir. İXM-in 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. İXM-in 38.1-ci maddəsi ilə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilməsi nəzərdə tutulsa da, həmin məcəllənin 38.3-cü maddəsində göstərilmişdir ki, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. İXM 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. İXM-in 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İXM-in 109.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə müəyən edilmişdir ki, toplanmış sübutlarla "xxxx" MMC-nin inzibati xəta törətməsində təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, vətəndaş X14 "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək əmək müqaviləsi, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən sürücü vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Bununla belə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları araşdırılarkən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası X13 Xidmətinin Hüquq İdarəsi tərəfindən 18 yanvar 2024-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində protokol tərtib edilərək, həmin tarixdə baxılması üçün məhkəməyə göndərilmiş və 22 yanvar 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş və məhkəmə tərəfindən qərar 06 fevral 2024-cü il tarixdə qəbul edilmişdir. Məhkəmə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin AR İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilməsinə dair 25 yanvar 2024-cü il tarixdə qəbul edilmiş inzibati tənbehvermə haqqında qərarla bağlı qeyd etməyi zəruri hesab edir ki, vətəndaş X8 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən sürücü vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Beləliklə, iş materiallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi X7 tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta 23 yanvar 2023-cü il tarixdə törədilmiş, X9 Bakı şəhər Ərazi İdarəsi tərəfindən isə vəzifəli şəxs barəsində inzibati tənbehvermə haqqında qərar 25 yanvar 2024-cü il tarixdə, yəni inzibati xətanın törədilməsindən 1 ildən artıq müddət keçdikdən sonra qəbul edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, lakin vəzifəli şəxs X7 barəsində başlanan icraata da İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 38, 43, 53-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-1147/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1147/2024
17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver