Məhkəmə qərarları › İş №3(001)-1148/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1148/2023

15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1148/2023 15.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materialın baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə GP 14963955 nömrəli qərardaddan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsi rəhbər tutularaq Şəxs barəsində tərtib edilmiş protokolun və digər materialların baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material geri qaytarılmalıdır. Belə ki, protokolun polis leytenantı X1 tərəfindən tərtib edildiyi göstərilsə də, protokol onun tərəfindən imzalanmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs tərəfindən imzalanır. Bundan başqa İXM-nin 100.1.4-cü maddəsininə əsasən protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməli olduğu halda protokolda qeyd edilənlər göstərilməmişdir. Bundan başqa İXM-nin 100.1.9-cü maddəsininə əsasən protokolda inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər əks olunmalıdır. Lakin tərtib edilmiş protokolda İXM-nin 100.1.9-cü maddələrinin tələbləri də pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində göstərilmişdir ki, AR İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati xəta törətmiş şəxs dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 102-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara aiddir. Lakin inzibati xəta aşkar edildikdən sonra dəymiş maddi ziyanla bağlı yaxud sağlamlığa yetirilmiş xəsarətlə əlaqədar olaraq heç bir ekspertiza təyin edilməmiş və inzibati araşdırma aparılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. AR İXM-nin 332.4-cü maddəsinin sanksiyasında inzibati həbs tənbeh tədbiri nəzərdə tutulsa da, İXP ******* nömrəli protokolun xx.xx.2023-cü il tarixdə tərtib edilməsinə baxmayaraq həmin protokol 3-13-46/2-7962 saylı məktubla xx.xx.2023-cü il tarixdə göndərilmiş, məhkəmənin icraatına isə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol həmin Məcəllənin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunmamışdır. Buna görə də, inzibati xəta haqqında tərtib edilmiş protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Lakin protokolun hüquq və vəzifələrin icra edilməsinə dair hissədə barəsində protokol tərtib edilmiş şəxsin imzası əks olunmamışdır. Digər tərəfdən, qanunvericiliyin tələblərinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə inzibati xəta haqqında protokolun surəti verilir. Lakin nə iş materiallarında, nə də inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs inzibati xəta haqqında protokolun təqdim edilməsi barədə sübut yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Göründüyü kimi, qanunvericilik Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində Rayon (şəhər) məhkəmələrinin həmin Məcəllənin müvafiq maddələri ilə inzibati xətalar haqqında işlərə baxılmasını aidiyyəti məsələsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 333.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Belə olan halda hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X3 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə geri qaytarılsın. Qərarddadan şikayət verilə bilməz. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar