Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1149/2023 15.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Xüsusi tağım yol patrul xidməti inspektoru, polis baş serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhəri doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 334.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 334.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Xüsusi tağım yol patrul xidməti inspektoru, polis baş serjantı X2 bildirmişdir ki, 15 mart 2023-cü il tarixdə Binəqədi rayonu Binəqədi şosesi ərazisində xidmət apararkən Mercedes Benz E200 markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qayda pozuntusu səbəbi ilə tərəfindən saxlanılmışdır. Adı sonradan məlum olan sürücü Şəxs sənədlər tələb edildikdə sürücü sənədlərini təqdim edə bilmədi və onun sərxoş vəziyyətdə olması müşahidə edildi. Bundan sonra Şəxs həkim müayinəsinə aparıldı və müayinə nəticəsində onun sərxoş vəziyyətdə olması aşkar olundu. Həmçinin aparılmış yoxlama zamanı sürücünün nəqliyyat vasitələrini idarə etmək hüququnun məhkəmə qərarı ilə məhdudlaşdırılmış olması və həmin qərarın hazırkı vaxtadək qüvvədə olması müəyyən edilmişdir. Şəxs izahatı alınan zaman avtomobili sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyini etiraf etmiş və tərəfindən sürücü barəsində İXM-in 334.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 15 mart 2023-cü il tarixdə Mercedes Benz E200 markalı **- FL-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə etmişdir. Həmin tarixdə yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılıb, həkim rəyi alındqdan hər şeyi etiraf etmişdir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razıdır. Hazırda əməlindən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, 1635 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, həmin tarixdə keçirilmiş həkim müayinəsi zamanı Şəxs marixuana və amfetamindən istifadə nəticəsində yaranmış sərxoşluq vəziyyəti aşkar edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(004)-7313/2022 nömrəli qərarından görünür ki, Şəxs İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 mart 2023-cü il tarixdə idarə etdiyi Mercedes Benz E200 markalı **- FL-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüuqu olmadan sərxoş vəziyyətdə idarə edərək İXM-in 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən İXM-in 334.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol şəxsin etiraf edici izahatı ilə yanaşı iş materialları ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 334.1-ci maddəsi ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, eləcə də inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yol hərəkəti qaydalarının pozulması halları ilə müvəffəqiyyətlə mübarizə aparılması üçün qayda pozucularına düzgün tənbeh təyin edilməsinin mühüm əhəmiyyəti vardır. İşin mübahisəsiz hallarına əsasən Şəxs məlum qayda pozuntusunu ehtiyatsızlıq və ya hadisənin təsadüfü axarı zəminində deyil, qəsdən törətmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür, yəni İXM-in 334.1-ci maddəsində qeyd olunan hərəkətləri etməklə inzibati xəta törədilməsinə görə şəxsin cərimə ilə tənbeh edilməsi cəmiyyətdə mənfi emosiyalar doğura və yol hərəkəti qaydalarının pozulması halları ilə müvəffəqiyyətlə mübarizə aparılmasına öz mənfi təsirini göstərə bilər. Bununla yanaşı məhkəmə, Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf edərək əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin məhkəmədə, Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, yuxarıda sadalananla yanaşı, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsin əvvəli 15 mart 2023-cü il tarixdən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 15 mart 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-1149/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1149/2023
15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver