Məhkəmə qərarları › İş №3(001)-1150/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1150/2023

15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1150/2023 15.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X3, zərərçəkmiş şəxsin nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən böyük icra məmuru X5 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(001)-443/2021 nömrəli icra sənədində cavabdeh Şəxs 213301 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X2 ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən icra sənədi əsasında xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar və bildirişə əsasən iş üzrə icraat başlanılmış və borcludan tələbi könüllü icra etmək tələb edilmişdir. Bundan sonra borclu ilə əlaqə saxlanılmış və icra sənədi üzrə borcunu ödəməsi tələb edilmişdir. Lakin, borclu Şəxs göstərilən icra sənədi üzrə borcunu ödəməkdən qərəzəli şəkildə yayınır. Belə ki, bu günədək borclu tərəfindən 213301 manatdan 10000 manat məbləğində pul vəsaiti ödənilmişdir. İcra sənədinin icrası ilə əlaqədar tərəfindən zəruri icra tədbirlərinin görülməsinə baxmayaraq, Şəxs borcunu üzrsüz səbəbdən icra etmədiyi üçün, sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(001)-443/2021 nömrəli icra sənədinə əsasən 213301 manat məbləğində pul vəsaitinin ondan tutularaq iddiaçı X2 ödənilməsi nəzərdə tutulmuşdur. Həmin icra sənədi üzrə 213301 manat məbləğində borcundan 10000 manat ödəniş etmişdir. Bundan əlavə isə 07 fevral tarixində 200 manat, 13 fevral tarixində 100 manat, 08 mart tarixində 400 manat, son olaraq isə 15 mart tarixində 300 manat məbləğində ödəniş etmişdir. Ümumiyyətlə onun tələbkara qeyd edilən məbləğdə borcu yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona verilən suallara cavab olaraq, məhkəmə tərəfindən qəbul edilmiş qətnamə ilə razılaşmasa da, hazırki vaxta qədər 11000 manat məbləğində ödəniş etməsinin, son olaraq isə 15 mart 2023-cü il tarixdə 300 manat məbləğində ödəniş etməsinin, hazırda səhhəti ilə bağlı heç bir yerdə işləməməsinin nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil X4 borclu Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(001)- 443/2021 nömrəli icra sənədindən görünür ki, Şəxs 213301 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X2 ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs məcburi qaydada Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə gətirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli qərardaddan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-443/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar borclu Şəxs məcburi gətirilməsi barədə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Aqil Cəbiyevin təqdimatı təmin edilmişdir. xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-443/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə 10000 manat məbləğində pul binəqədi raypon icra şöbəsində İbrahimli Rahil tərəfindən qəbul edilmişdir. E106726/2022-14-22 nömrəli icra işindən görünür ki, Şəxs adına icra işi üzrə borcun yönəldilə biləcəyi əmək müqaviləsi, pensiya, əmlak məlumatları aşkar olunmamışdır. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tələbkar X2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(001)-443/2021 nömrəli icra sənədi üzrə olan borcu ödəməmişdir. Nəticədə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(001)-443/2021 nömrəli icra sənədi üzrə müəyyən edilmiş borc məbləğini ödəməyərək sözügedən icra sənədini tam olaraq icra etməmişdir. Belə ki, borclu tərəfindən icra sənədi üzrə hazırki vaxta qədər 11000 manat məbləğində ödəniş edilsə də, məhkəmə qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə 213301 manat məbləğində pul vəsaitinin birdəfəlik ödənilməsi nəzərdə tutulmasını, eyni zamanda ödənilməli olan pul məbləğindən 213301 manat olmasına baxmayaraq, hazırki vaxta qədər cəmi 11000 manat məbləğində pulun ödənilməsini məhkəmə icra sənədinin üzrsüz icra edilməməsi kimi qiymətləndirir. Məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar