Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-116/2024 02.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-in direktoru X1 və onun nümayəndəsi Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC (AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., Dərnəgül 108, VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair İnzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 07 dekabr 2023-cü il tarixli MN seriyalı № ******* saylı İnzibati xəta haqqında protokola əsasən, cəmiyyət əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X12 əsas fəaliyyət sahəsinə aid işlərin, yəni 163 saylı marşrut xətti üzrə avtobus sürücüsü işinin yerinə yetirilməsinə cəlb etmişdir. Buna görə hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə İnzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X7 inzibati xəta haqqında protokolu müdafiə edərək, hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-in direktoru X3 izahatında bildirmişdir ki, 2014-cü ildən Şəxs MMC-in direktoru vəzifəsində işləyir. Əvvəllər həmin cəmiyyətdə 163, 170 və bir neçə digər marşrut xətləri fəaliyyət göstərsə də, hazırda yalnız 170 saylı marşrut xətti üzrə fəaliyyətini davam etdirir. 2022-ci ilin iyul ayında Nurəddin adlı şəxsdən 8 ədəd “Daewoo BS090” markalı avtobuslar almış, onların təmir və bərpa işlərini həll etmiş və istismara vermişdir. Sürücülər və tabeliyində olan digər işçilərlə əmək müqavilələri bağlanmasına ciddi önəm vermişdir. Sürücülərə nəzarəti isə Sakit adlı dispetçer həyata keçirmişdir. X9 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 163 saylı marşrut xətti üzrə avtobus sürücüsü işlədiyindən məlumatı olmamışdır. Sakit adlı dispetçer Cəmili sürücü işinə cəlb etmiş, bununla bağlı heç kimə məlumat verməmişdir. Sabunçu RPİ-də istintaq olunan cinayət işi ilə əlaqədar 2023-cü ilin oktyabr ayında istintaqa çağırılan zaman ona məlum olmuşdur ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X15 163 saylı marşrut xətti üzrə avtobus sürücüsü kimi işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Sabunçu RPİ-in İstintaq Şöbəsində verdiyi xx.xx.2023-cü il tarixli ifadəsi müstəntiq tərəfindən təhrif edilmiş, guya X12 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən sürücü işlətdiyi kimi yazılmışdır. Halbuki, o belə məzmunlu ifadə verməmişdir. Kifayət qədər yüksək məbləğdə nəzərdə tutulmuş cərimənin cəmiyyətdə ciddi maliyyə çətinliyinə səbəb ola biləcəyini nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Vəkil direktorun izahatında göstərdikləri ilə yanaşı bildirmişdir ki, 07 dekabr 2023-cü il tarixli MN seriyalı № ******* saylı İnzibati xəta haqqında protokolun tərtibi zamanı pozuntulara yol verilmiş, xx.xx.2023-cü il tarixli protokolun sonunda xx.xx.2023-cü il qeyd edilmişdir. Bundan əlavə inzibati xəta haqqında protokol tərtib edilərkən hüquqi şəxs Şəxs MMC-in nümayəndəsinin iştirakı təmin edilməmiş, onlara sübutlarını təqdim etmək imkanı yaradılmamışdır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında protokolun baxışdan çıxarılıb geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-in nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş X16 izahatında göstərmişdir ki, Şəxs MMC-də dispetçer vəzifəsində işləmişdir. Əsas vəzifə funksiyası cəmiyyətə məxsus marşrut xətti üzrə işləyən avtobus sürücülərinin işinə nəzarət etmək olmuşdur. X12 tanımışdır, belə ki, o, 163 saylı marşrut xətti üzrə avtobus sürücüsü işləmişdir. Lakin onunla əmək müqaviləsi bağlanmamasından məlumatsızdır. Çünki o, həmin marşrut xətti üzrə dispetçer işləməyə başlayan zaman artıq X15 orada sürücü işləyirdi. Düşünməmişdir ki, onlardan qabaq həmin xətti işlədən şəxs X12 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürmüş olsun. Buna görə də X9 əmək müqaviləsi olub-olmadığı ilə maraqlanmamışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən cəmiyyət inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 29 may 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Sabunçu rayonu Ramana qəsəbəsi X8 yerləşən avtoyuma məntəqəsinin qarşısında 163 saylı xətt üzrə marşrut avtobusunun sürücüsü Cəmil adlı şəxsin idarə etdiyi “Daewoo” avtobus markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusla X6 qəsdən vuraraq ona yüngül dərəcəli bədən xəsarətləri yetirməsi faktına görə Sabunçu RPİ-in İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsilə ********* nömrəli cinayət işi başlanmışdır. X9 xx.xx.2023-cü il tarixli şahid qismində ifadəsindən görünür ki, o 163 saylı marşrut xətti üzrə avtobus sürücüsü işləmiş, müdiri Qurban adlı şəxs olmuşdur. Əvvəllər həmin marşrut xətti Nuru adlı şəxsə məxsus olmuş, sonra isə Nuru həmin avtobusları Qurban adlı şəxsə satmışdır. Buna baxmayaraq sürücülər dəyişməmişdir. O,163 saylı marşrut xətti üzrə avtobus sürücüsü işləsə də, onunla əmək müqaviləsi bağlanmamışdır. Fakta görə Azərbaycan Respublikası CM-in 128-ci maddəsilə cinayət işi başlanmasına səbəb olmuş hadisə “Daewoo” avtobus markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusu Sabunçu rayonu Ramana qəsəbəsi X8 yerləşən avtoyuma məntəqəsinin qarşısında idarə edərkən baş vermişdir. X4 zərər çəkmiş şəxs qismində verdiyi xx.xx.2023-cü il tarixli ifadəsindən görünür ki, tanışı X15 xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Sabunçu rayonu Ramana qəsəbəsi X8 yerləşən avtoyuma məntəqəsinin qarşısında idarə etdiyi 163 saylı marşrut xətti üzrə “Daewoo” avtobus markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusla onu qəsdən vuraraq bədən xəsarətləri yetirmişdir. Bakı şəhəri Sabunçu RPİ-in xx.xx.2023-cü il tarixli 49/2-46077 nömrəli məktubundan görünür ki,hüquqi şəxs Şəxs MMC-in rəhbəri X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün zəruri materiallar X13 Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin baş əmək müfəttişi X5 tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 07 dekabr 2023-cü il tarixli MN seriyalı № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X12 xx.xx.2022-ci il tarixdə əsas fəaliyyət sahəsinə aid işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Buna görə hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə 07 dekabr 2023-cü il tarixli qərardaddan görünür ki, hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 07 dekabr 2023-cü il tarixli MN seriyalı № ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-3.4-cü hissəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-in direktorunun Sakit adlı dispetçer tərəfindən rəhbərliyin məlumatı olmadan Cəmil Kamalovun sürücü kimi işə cəlb olunması barədə bildirdiklərinə münasibətdə qeyd edir ki, belə bir halın həqiqiliyi nəzərə alınmış olsa belə, bu hüquqi şəxs Şəxs MMC-i Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə məsuliyyətdən azad etmir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə görə hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir:..18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;. Hüquqi şəxs Şəxs MMC-də dispetçer işləmiş X10 iş materiallarına əlavə edilmiş vəzifə funksiyalarına sürücülərin işinə nəzarət etmək vəzifəsi nəzərdə tutulduğundan cəmiyyət öz işçisinin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb edilə bilər. Ona görə də məhkəmə həmin arqumenti əsaslı hesab etmir və qeyd edir ki, vətəndaş X12 163 saylı xətt marşrutu üzrə avtobus sürücüsü işinin yerinə yetirilməsinə cəlb etməzdən əvvəl onunla qanunla müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlanmalı idi. Şəxs MMC bu qaydanı pozmaqla hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl törətmişdir. xx.xx.2023-cü il tarixli İnzibati xəta haqqında protokolun sonunda xx.xx.2023cü il qeyd edilməsi isə protokolun düzgün tərtib edilmədiyinə dəlalət etmir, həmin tarix İnzibati xəta haqqında protokolun surətinin tərəfə göndərildiyi tarixdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. İşin təsvir edilmiş hallarından görünür ki, sözügedən inzibati xəta hadisəsi Sabunçu RPİ-in İstintaq Şöbəsində 29 may 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 128-ci maddəsilə ********* nömrəli cinayət işi başlanmasından sonra aşkara çıxarılmış, Bakı şəhəri Sabunçu RPİ-in xx.xx.2023-cü il tarixli 49/2-46077 nömrəli məktubla X13 Xidmətinə müraciət edərək, hüquqi şəxs Şəxs MMC-in rəhbəri X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün zəruri materialları göndərmiş, X13 Xidmətinin Bakı şəhər İdarəsi isə hüquqi şəxs Şəxs MMC barəsində 07 dekabr 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə hüquqi şəxs Şəxs MMC-in məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə hüquqi şəxs Şəxs MMC-in ilk dəfə eyni xarakterli inzibati xətaya görə məsuliyyətə cəlb edildiyini nəzərə alaraq hesab edir ki, ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehinin aşağı həddə təyin edilməsi daha məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1.inzibati tənbeh vermə haqqında. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-116/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-116/2024
02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver