Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1167/2021 02.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə müraciət edərək, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2021 tarixində idarə etdiyi şəxsi avtomobil ilə Mircəlal küçəsində Tərlan şadlıq sarayı yaxınlığında hərəkətdə olarkən Niva markalı avtomobil onun yanında dayanmış və həmin avtomobildən özünü polis əməkdaşı kimi təqdim edən şəxs onu səsləyərək dayandırıb ad və soyadı ilə maraqlanmışdır. Bundan sonra həmin şəxs maskadan guya düzgün istifadə etməməsinə görə irad tutaraq yoluna davam etmiş, o da öz növbəsində qeyd olunan iradla razılaşmadan etirazını bildirmişdir. Çünki ona yaxınlaşan və özünü polis əməkdaşı kimi təqdim edən şəxs öz ad, soyadını, vəzifəsini təqdim etmədən, ona xəbərdarlıq edərək heç bir protokol və qərar yerində qəbul etməmiş və ona heç bir sənəd təqdim etməmişdir. O, şəxsi avtomobilini idarə edərkən tək olmuş və avtomobili tək olduğundan maskasız idarə etməsinə baxmayaraq, avtomobildən enərkən dərhal maskanı üzünə taxmışdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, yaxın 500 metr məsafədə digər kənar şəxs olmamışdır. Polis əməkdaşı ona xəbərdarlıq edib, yola düşdüyü andan 2 saat sonra, yəni xx.xx.2021-ci il tarixdə təqribən saat 22 radələrində ona “Asan Ödəniş” elektron sistemi vasitəsi ilə məlumat göndərilmişdir ki, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən MN0962462 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və MN ******* nömrəli qərar qəbul edilərək güvəyə minmişdir. Lakin ona polis əməkdaşı tərəfindən xəbərdarlıq olunan zaman sonuncu protokol və qərar qəbul etməmiş və ona heç bir sənəd təqdim olunmamışdır. Buna baxmayaraq, o, xx.xx.2021 ci il tarixdə 102 nömrəsinə zəng edərək, barəsində hansı polis şöbəsi tərəfindən qərar qəbul edildiyini öyrənməyə çalışmış və mənə cavab olaraq Binəqədi rayon 7-ci Polis Şöbəsinə yaxınlaşaraq daha ətraflı məlumat əldə biləcəyini bildirmişlər. 7-ci Polis Şöbəsinə yaxlaşarkən ona məlumat verilmişdir ki, sözü gedən protokolu Orucov Babək adlı polis əməkdaşı tərtib etmişdir. Onunla əlaqə saxlayaraq, qeyd olunan protokolu və qərarı watsapp vasitəsi ilə əldə etmişdir. Hazırda qüvvədə olan inzibati qanunvericiliyin tələblərinə əsasən inzibati xəta haqqında protokol dərhal inzibati pozuntu halı aşkarlanan zaman tərtib edilməli, vətəndaş bu protokolla razı olmadığı halda isə polis əməkdaşı qərar qəbul etmədən protokolu qərar qəbul edilməsi üçün yuxarı orqana göndərməlidir. Lakin sadalanan hallardan göründüyü kimi polis əməkdaşı inzibati xəta haqqında protokol və qərar qəbul edilməsi qaydalarını kobud surətdə pozaraq dərhal inzibati tənbeh haqqında qərar qəbul etmişdir. Bütün yuxarıda şərh edilənləri nəzərə alaraq hesab etmişdir ki, MN1001002 nömrəli inzibati qərar qanunvericiliyin tələblərinin açıq surətdə pozulması və heç bir hüquqi əsas olmadan qəbul edildiyindən məhkəmə qaydasında ləğv edilməli və barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq bildirmişdir ki, inzibati tənbeh olunmasına dair qəbul edilmiş qərar əsassız olmaqla həm də qanunsuzdur. Çünki barəsində aparılmış inzibati xəta haqqında icraat üzrə ona məlumat verilmədən, inzibati xəta haqqında protokol tərtib edilərək, həmin protokol əsasında cərimə edilməsinə dair qərar qəbul olunmuşdur. Həmin sənədlərdən sms məlumat vasitəsi ilə xəbəri olmuş və barəsində olan sənədlərin əsillərini hazıradək ala bilməmişdir. Həmin sənədlər ona telefon proqramı vasitəsi ilə şəkil formasında verilmişdir. Ona görə də, məhkəmədən inzibati tənbeh edilməsinə dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə 200 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 şəxsi avtomobilində hərəkətdə olarkən maskadan istifadə etməməyə görə idarə etdiyi avtomobil saxlanılmış və avtomobildən düşərkən də maskanı düzgün taxmaması səbəbi ilə ona xəbərdarlıq edilmiş, lakin bir müddət sonra barəsində tənbeh tədbiri tətbiq edilməsinə dair məlumat almışdır. Sözügedən tənbeh qərarı ilə yanaşı barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraata dair heç bir məlumatı olmamışdır. Bununla yanaşı, avtomobili tək idarə edərkən qoruyucu maskadan istifadə etməmiş olsa da, avtomobildən düşərkən maskadan istifadə etməsini həm şikayətdə göstərmiş, həm də məhkəmə iclasında verdiyi izahatında bildirmişdir. Belə olan vəziyyətdə X1 əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olması az inandırıcıdır. Bununla yanaşı qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 7-ci PB heç bir cavab verməmiş, üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması... Beləliklə məhkəmə, şikayətçi X1 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 inzibati tənbeh olunmasına dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-1167/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1167/2021
02.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver