Məhkəmə qərarları › İş №3(001)-1168/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1168/2023

12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1168/2023 12.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə tərtib etdiyi inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin icraatına Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsindən hüquqi şəxs Şəxs MMC tərəfindən İXM-in 447.0.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törədilməsi haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC xx.xx.2022-ci il tarixli İD ********** nömrəli müraciət əsasında idxal etdiyi qida məhsullarını (kartof) qida təhlükəsizliyi sertifikatı olmadan xx.xx.2023-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanda yerləşən obyektində satmışdır. Belə ki, Şəxs MMC idxal etdiyi yeyinti məhsullarına (kartof) qida təhlükəsizliyi sertifikatı alınması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə xx.xx.2022-ci il tarixli İD********** nömrəli müraciət etmişdir. Müraciət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”na və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada icraya götürülsə də, cəmiyyət malların idxal olunması ilə bağlı məlumatları sistemə daxil etməmişdir. Müraciətin izlənilməsi məqsədilə qeyd olunan müraciət üzrə məhsul partiyasının ölkəyə idxal olunub-olunmaması ilə bağlı gömrük orqanına sorğu göndərilmiş və nəticədə məhsul partiyasının ölkəyə idxal olunduğu müəyyən olunmuşdur. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 3 nömrəli əlavəsinə əsasən qida təhlükəsizliyi sertifikatı sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına aid edilmişdir. “Yeyinti məhsulları haqqında” qanunun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına malik olmalıdır. Şəxs MMC-in idxal etdiyi yeyinti məhsulları kartofdan ibarət olduğundan və həmin yeyinti məhsullarının bu vaxta qədər saxlanması mümkün olmadığından cəmiyyət həmin qida məhsullarını qida təhlükəsizliyi sertifikatı olmadan satmışdır. Qeyd olunanları nəzərə alıb, Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə tənbeh edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxs MMC-yə bildiriş göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə öncədən məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə görə hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə işə baxılmasının yeri və müddətinin Şəxs MMC-yə vaxtında bildirilməsi barədə məlumat olduğunu və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmadığını nəzərə alaraq işə Şəxs MMC-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İdxal olunan yeyinti məhsullarına, qablaşdırma materiallarına və qida ilə təmasda olan məhsullara qida təhlükəsizliyi sertifikatının verilməsi haqqında xx.xx.2022-ci il tarixli İD********** nömrəli müraciətdən görünür ki, Şəxs MMC Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən idxal etdiyi qida məhsullarına (kartof) qida təhlükəsizliyi sertifikatı verilməsini xahiş etmişdir. Bakı Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan (sorğuya cavabdan) görünür ki, Şəxs MMC tərəfindən məhsul (kartof yükü) partiyası xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına idxal olunmuşdur. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 3 nömrəli əlavəsinə əsasən qida təhlükəsizliyi sertifikatı sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına aid edilmişdir. “Yeyinti məhsulları haqqında” qanunun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına malik olmalıdır. Təsvir olunanlara əsasən məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mövqeyini əsaslı hesab edir və qeyd edir ki, Şəxs MMC-in idxal etdiyi yeyinti məhsulları kartofdan ibarət olduğundan və həmin yeyinti məhsulunun 2022-ci ilin oktyabr ayından bu vaxta qədər saxlanması mümkün olmadığından cəmiyyət həmin qida məhsullarının qida təhlükəsizliyi sertifikatı olmadan satışını həyata keçirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 447.0, 447.0.4-cü maddəsinə görə istehlakçıların hüquqlarının pozulmasına, qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan,lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC hüquqi şəxs qismində İXM-in 447.0.4cü maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq cərimə tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə 4.000 (dörd min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar